Milli Teleradio Şurası televiziya aparıcılarının geyimlərinə heç bir məhdudiyyət qoymayıb
Serialların çəkilişi ilə bağlı hələ ki, yenilik yoxdur
Teleradio Şurası tövsiyə edib ki, filmlər çəkilərkən milli dəyərlər mütləq nəzərə alınmalıdır
Milli Teleradio Şurası televiziya aparıcılarının geyimlərinə heç bir məhdudiyyət qoymayıb
Milli Teleradio Şurası televiziya aparıcılarının geyimlərinə heç bir məhdudiyyət qoymayıb
Milli Teleradio Şurası istər efirlərdə olan verilişlərə, istərsə də milli seriallara nəzarətini davam etdirir.
2016-cı ildə Milli Teleradio Şurası bu il seriallarla bağlı hansı dəyişikliklər etmək niyyətindədir? Seriallara ayrılan vəsaitə nəzarət hansı şəkildə həyata keçiriləcək? Verilişlərə olan nəzarətdə əsasən hansı amillər nəzərə alınacaq? Şuranın sədri açıqlamalarından birində qeyd etmişdi ki, milli seriallara vəsait ayrılsa da, milli-mənəvi dəyərlər nəzərə alınmır. Ona görə də yeni ildə seriallara ayrılan vəsaitlər də ciddi nəzarətə götürüləcək. Çəkilən seriallarda milli dəyərlər, mənəvi tərəflərə ciddi nəzarət olacaq. Yeni ildə hansı şəkildə telekanallara nəzarət olacaq? Milli dəyərləri nəzərə almayan seriallara qarşı ciddi addımların atılacağı da vurğulanır. "Şərq”in suallarına Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin sədri Təfəkkül Dadaşov cavablandırdı. "Seriallarla bağlı yeni bir göstəriş hələki yoxdu. Yeni ildə yəqin ki, müraciət edənlər olacaq. Yeni seriallarla bağlı da hələki müraciət edənlər olmayıb. Qaldı ki, Nuşirəvan müəllimin açıqlamasına, bunu Şuranın sədri sadəcə bir niyyət kimi səsləndirib. Yəni qarşıdakı illərdə bu niyyət ola bilər. Yəni seriallarda milli dəyərlər mütləq nəzərə alınmalıdır. Serialların ssenarilərinə də müaxilə etməyə, qarışmağa Şuranın ixtiyarı yoxdu. Qanunda da belə bir hissə yoxdu. Sadəcə Şura tövsiyə verə bilər. Yəni tələblər də tövsiyə şəklində ola bilər. Gələcəkdə bunun üçün ekspert qrupu yaradıla bilər ki, seriallara nəzarət olunsun. Bu da vaxt aparan məsələdir. Fikrimcə, zamana ehtiyac var bu məsələdə. Buna prodakşnlar, sifariş verən kanallar diqqət yetirməlidir ki, hər bir ekran əsərində milli-mənəvi dəyərlərimiz, mentalitetə uyğun şəkildə ssenarilər hazırlansın. Yəni maliyyə məsələlərində heç bir yenilik yoxdur, şərtlərdə dəyişiklik olmayıb. Şura yalnız qanun çərçivəsində işini həyata keçirir. Ola bilsin ki, kanallar özləri də məsuliyyət hiss edir deyə özlərinin də müəyyən məhdudiyyət qoya biləcək məqamları olacaq”.
Milli Teleradio Şurası bundan sonra telekanal aparıcılarının geyimlərinə də nəzarət edəcək? Belə bir söz-söhbətin nə dərəcədə düzgün olduğu ilə də maraqlandıq. Nəzərə alsaq ki, bir çox hallarda bizim telekanalların səviyyəsi müqayisə olunur. Əgər müqayisə olunuruqsa, telekanal aparıcılarına bu qədər məhdudiyyət qoymaq yaradıcı mühitə mənfi təsirini göstərməmiş deyil. Yaradıcı mühit olan telekanalların fəaliyyətinə, aparıcıların geyimlərinə şuranın müdaxiləsi bəzi məqamlarda yersiz görünür. Bu, kanalların baxımlığına da təsirini göstərmiş olur. Deyilənlərə görə, qısa ətəkdə, dekolte geyimlərdə aparıcılar veriliş apara bilməzlər. Kanalları bu qədər qəlibə salmaq, çərçivədə saxlamaq isə yaradıcılıq işini sıxmaq kimi dəyərləndirilə bilər. Nəzərə alsaq ki, bizi təkcə özümüz deyil, eyni zamanda başqa ölkələrdə də izləyirlər, onda 21-ci əsrin Azərbaycan kanallarının bu qədər çərçivədə olması da gülünc görünə bilər. Şura səlahiyyətlisi bu məsələyə də münasibətini bildirdi: "Milli Teleradio Şurası televiziya aparıcılarının geyimlərinə heç bir məhdudiyyət qoymayıb. Milli Teleradio Şurası qanunlara uyğun hərəkət edir. Digər tərəfdən qanunda konkret maddə öz əksini tapır ki, Teleradio Şurası telekanalların yaradıcılıq sahəsinə qarışmır. Əgər MTRŞ telekanalların yaradıcılıq sahəsinə müdaxilə etsəydi, onda bir çox verilişlər efirlərdə olmazdılar. Yəni bizim tərəfimizdən bəyənilməyən verilişlər var ki, onların yayımı dayandırılmayıb. Cəmiyyətin də bəzən iradla qarşıladığı bayağı, şit verilişlər var ki, onların yayımına Milli Teleradio Şurası məhdudiyyət qoymayıb. Çünki qanunla buna ixtiyarımız yoxdu. Konkret olaraq şura heç bir aparıcının geyiminə qarışa bilməz. Biz heç bir aparıcıya deyə bilmərik ki, efirdə dekolte geyinmə, qısa ətəkdə veriliş aparma. Ola bilsin ki, kanalların özlərində bəzi məhdudiyyətlər var. Bunu Milli Teleradio Şurasının adına yazmasınlar”.
Rejissor Kənan M.M də yeni ildə çəkiləcək seriallarla bağlı fikirlərini dilə gətirdi: "Əvvəllər milli serialların həsrətində idik. Biz rejissorlar da qurdumuzu klip çəkməklə ölürməli olurduq. İndi artıq serialların çəkilişinə imkan yaradılıb, film çəkmək mümkün olub. Amma indi də yerli serialları baltalamağa başlamışıq. Demirəm ki, çəkilən serialların hamısı əladı, tamaşaçı bəyənir. Amma hər halda bunun üçün zamana ehtiyac var. Zamanla keyfiyyət də öz yerini tutacaq. Bu işi bacarmayanlar tədricən sıradan çıxacaqlar. Bizim serialların çəkilişinə də Türkiyədəkilər qədər böyük məbləğlər tökülsə, inanın onlardan da güclü seriallar çəkilər. Bir də bizdə hələ də nə deyərlər, necə qarşılanar məsələsi var. Türkiyədə olan seriallarda sərbəstlik var. Bizdə isə nə aktyorlarda o sərbəstlik var, nə də tamaşaçı özümüzdə bunu qəbul edir. Amma zamanla bu da olacaq. Serial yaradıcı bir məhsuldu. Ona məhdudiyyət qoymaq bu sahəni sıxıb, dustaq etməyə bənzər. Film sərbəstliyi sevir. Ekran əsərində sərbəstlik və təbiilik varsa, o, baxılacaq. Həyatı ekrana gətirmək lazımdı. Yalançı, pafoslu aktyor oyunu tamaşaçını ekrandan uzaqlaşdırır. Yeni ildə maraqlı ekran işlərimiz olmalıdı. İndidən açıqlama vermək istəməzdim. İnşallah, maraqlı işlər olmalıdı. Milli Teleradio Şurası da yəqin ki, qanun ona yol verdiyi qədər efirlərə nəzarət etmək hüququna malikdi. Yaradıcı mühitə bu qədər məhdudiyyət qoymaq düzgün deyil”.
Tahirə