“Şərq”in əməkdaşı məntəqələrdə olub

Bəzi səsvermə məkanlarında seçicilərin növbəsi yaranıb
Dünən, səhər saat 8:00-dan etibarən Azərbaycanda V çağırış parlament seçkiləri baş tutub. Yüzlərlə namizədin mübarizə apardığı marafonda Mərkəzi Seçki Komissiyasının (MSK) həyata keçirdiyi səsvermə prosesini müşahidə etmək məqsədilə müxtəlif məntəqələrə baş çəkdik. Şahidi olduq ki, seçki prosesi çox mükəmməl şəkildə tənzimlənib. Bütün dairələrdə çoxsaylı seçici axını müşahidə olunub. Hətta, bəzi məntəqələrdə seçicilərin növbələnməsi də qeydə alınıb.
Kampaniyada ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalardan, Qeyri-Hökumət, beynəlxalq və "exit-poll” həyata keçirən təşkilatlardan müşahidəçilər iştirak ediblər. Yerli müşahidəçilərlə yanaşı, əcnəbi müşahidəçilər də səsvermə kampaniyasının demokratik və ədalətli şəkildə reallaşdığını ifadə ediblər. Səsverməyə qatılan elektoratlar da prosesdən razı qaldıqlarını, hər hansı bir təzyiq və basqı ilə üzləşmədiklərini və seçkilərin şəffaf şəkildə keçirildiyini söyləyiblər. Əlbəttə, bu da seçicilərin aktivliyi və ölkədə seçkiyə olan marağın yüksək səviyyədə olmasının göstəricisidir.
İlk olaraq 16 saylı Yasamal II seçki dairəsinin 11 saylı seçki məntəqəsinə yollandıq. Bizi xoş təbəssümlə qarşılayan məntəqə sədri Daşqın Qənbərov öncə, seçki prosesinin tələblərindən danışdı: "Qanunvericiliyə uyğun olaraq, seçici məntəqəyə daxil olduqda, onun sol baş barmağının şəffaf mürəkkəblə işarələnib-işarələnməməsi yoxlanılır. Hər şey qaydasındadırsa, şəxsiyyət vəsiqəsi üzrə müvafiq ərazidə yaşadığı yoxlanılır. Bu da uyğun gəlirsə, seçicilər siyahısına yönəldirik. Vətəndaş da oradan öz adını tapıb, müəyyənləşdirir və seçki komissiyası üzvlərinə yaxınlaşır. Qeydiyyat aparılır və bundan sonra isə əlinə mürəkkəb vurulur. Bülleten təqdim olunur və ardınca seçici səsvermə kabinəsinə daxil olur. Siyasi iradəsini ifadə edib, bülleteni qutuya salıb, xaric olur”.
Onun sözlərinə görə, səsvermə prosesi çox aktiv formada davam edir: "Siyahı üzrə 1386 seçicimiz var. Saat 12-dir və bu vaxta qədər təxminən 400-ə yaxın seçicimiz səs verib. Əlbəttə, böyük ativlikdir. Günortadan sonra da bu qədər seçicimiz gəlsə, bu, seçkilərin 60-70 faizini təşkil edəcək”.
Sədr onu da diqqətə çatdırıb ki, məntəqə həm virtual, həm veb-kameralar vasitəsilə müşahidə edilir və real olaraq 20-dən artıq müşahidəçi qatılıb: "Həmçinin 18 nəfər əcnəbi - Amerika, Meksika, İngiltərə, Fransa, Rusiya, Sinqapur və Asiya ölkələrindən gələn müşahidəçilər məntəqəmizə baş çəkib. Onlar da çox razı qalıblar. Seçki prosesinin demokratik və şəffaf keçirilməsi onları da çox sevindirib. Əlbəttə, biz də bu prosesdə iştirak etdiyimiz üçün sevinirik”.
Həmsöhbətimiz bildirib ki, bu saata qədər heç bir seçici səsvermə prosesindən narazılıq etməyib: "Biz buna əsas da vermirik. Hər şərait yaradılıb. Komissiya və müşahidəçilər normal şəkildə işləyir. İşıqlı kabinələrimiz və 3 qutumuz var. Seçici rahat şəkildə gəlib iradəsini ifadə edir və bülleteni qutuya daxil edib, gedir. Heç bir seçiciyə təzyiq göstərilmir və bundan söhbət belə gedə bilməz. Yəni vətəndaşları gülərüzlə qarşılayıb gülərüzlə də yola salırıq”.
Müsahibimiz vurğulayıb ki, məntəqədə bir sıra təşkilatlar "Exit-poll” da keçiriblər: "Səhər tezdən gəlib, qeydiyyatdan keçiblər. Onlar burdadırlar”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasını (AVCİYA) təmsil edən müşahidəçi Rasim Əbdürrəhmanlı da səsvermənin şəffaf və demokratik şəkildə davam etdiyini deyib: "Səhər saatlarında elektoratların axını güclü idi. İndi nahar vaxtıdır deyə, bir az azalma müşahidə olunur. Yəqin nahardan sonra aktivlik yüksələr. Cəmiyyətdə seçkilərə inam və maraq böyükdür”.
R.Əbdürrəhmanlı da deyib ki, bir çox xarici ölkədən müşahidəçilər gəliblər: "Kanada, Fransa, Filippin və başqa ölkələrdən gəlmişdilər. Onlar bizdən hansı təşkilatın təmsilçisi olduğumuzu soruşdular. Təbii ki, mən də bitərəf olduğumuzu, seçkilərin qanunvericiliyə uyğun şəkildə davam etdiyini və heç bir qanun pozuntusunun baş vermədiyini bildirdim. Ona gördüklərimi dedim. Onlar da özləri üçün qeydlər götürdülər və razılıq ifadə etdilər”.
Müşahidəçi qeyd edib ki, seçkilərə hər cür şərait yaradılır: "Narazılıq edən seçici yoxdur. Hər kəs normal şəkildə qeydiyyatdan keçir, səsini verib gedir”.
R.Əbdürrəhmanlı bəyan edib ki, səsvermə prosesində gənclər üstünlük təşkil edir: "Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, səsverməyə gələnlərin əksəriyyəti gənc və orta nəsildir. Yaşlı nəsil az-az gəlir. Ola bilsin ki, bu da ağır hava şəraiti ilə bağlı olsun. Bir sözlə, seçkilər çox şəffaf keçirilir”.
Kampaniyaya öz təşəbbüsü ilə qatılan müşahidəçi Leyla Məmmədova qeyd edib ki, seçkilər tam demokratik və şəffaf şəkildə aparılır: "Xarici nümayəndələr də gəlib, seçki prosesini izlədilər və prosesi müsbət dəyərləndirdilər. Hələ ki, ciddi qayda pozuntusuna rast gəlməmişəm. İzləyirik hələ, axşama qədər vaxtımız var”.
Seçicilərin aktivliyinə diqqət çəkən müsahibimiz deyib ki, səhər saatlarında axın güclü idi. Lakin indi nahardır deyə, bir az zəifləyib: "Yəqin ki, nahardan sonra aktivlik artacaq”.
Həmsöhbətimizin fikrincə, seçicilər sırasında gənclər üstünlük təşkil edir: "Orta və yaşlı təbəqə hələ ki, az gözə dəyir”.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) olan müşahidəçi Fərqanə Məmmədovanın sözlərinə görə, seçki prosesi şəffaf şəkildə aparılır: "Hər şey qaydasındadır. İradımız yoxdur. Bu gün əcnəbi müşahidəçilər də çox gəliblər. Onlar da çox razı qaldılar. Seçicilərimiz də çox aktivdirlər”. Bu əsnada ARDNŞ-in digər müşahidəçisi Rita Hüseynova da müdaxilə edir: "Hər şey yaxşıdı. Bütün proseslər qanunauyğun şəkildə təşkil olunub. Heç bir qanunsuzluq yoxdur və ola da bilməz. Çünki Azərbaycanda böyük bir seçki ənənəsi var. Hətta deyərdim ki, bir çox xarici ölkələr bizi seçki ənənəmizdən nələrsə öyrənirlər. Səsvermə çox şəffaf və ürəkaçan formada gedir. Heç bir pozuntuya yol verilmir”.
Bülleten qutusundan yenicə ayrılan seçici Əliyev İlhama yaxınlaşdıq. O da səsvermənin normal keçdiyini və heç bir təzyiqlə üzləşmədiyini diqqətə çatdırdı: "Çox sərbəst şəkildə bülletenimi alıb, səsimi verdim. Hər şey qaydasındadır. Sərbəst səsvermə idi. Hüququmdan istifadə etdim. Amma kimə səs verdiyimi deməyəcəm”.
Digər seçici Mahir Omarov da qeyd edib ki, səsvermə çox demokratik şəkildə keçib: "Həqiqətən kifayət qədər müşahidəçilər var. Əladır. Bəyənilsin. İstədiyim namizədə səs verib, çıxdım. Adını isə açıqlamayacam. Seçkiyə axın da gördüyünüz kimi yaxındır. Ümidvaram ki, nahardan sonra daha da güclənəcək”.
Daha sonra 16 saylı Yasamal II seçki dairəsinin 12 saylı seçki məntəqəsinə üz tutduq. Bizi qapıda qarşılayan məntəqə sədri Nurəddin Əfəndiyev bildirdi ki, seçicilərə hər cür şərait yaradılıb: "Səsvermə kabineti və bülleten qutuları hazırdır. Proses davam edir. Seçicilər gəlib, sərbəst şəkildə səslərini verirlər. Onlara hər cür şərait yaradılıb. Hər şey qanun əsasında gedir. Seçicilərin aktivliyi də normaldır. Xarici müşahidəçilərin bir qismi gəlib, gedib, yəqin bundan sonra da gələcəklər. Gələnlər hələ ki xoş təəssüratla ayrılıblar”.
Sözügedən dairədən qeydə alınmış namizəd Çingiz Bayramovun müşahidəçisi Zamin Alıyev də söyləyib ki, bu vaxt heç bir qanun pozuntusu baş verməyib: "Vətəndaşlar aktivdirlər. Hələ ki, seçki bitməyib. Uğurla davam edir. Aktivlik müşahidə olunur. Hər şey normaldır. Bütün müşahidəçilər üçün də normal şərait yaradıblar. Əcnəbi müşahidəçilər də gəlmişdi. Hər şeyin normal olduğunu söylədilər. Heç bir etirazları olmadı. Seçicilərin də rəyini öyrəndilər, onlar da hər şeyin yüksək səviyyədə aparıldığını qeyd etdilər. Əcnəbi müşahidəçilər də qeydlər götürüb, getdilər. Heç bir seçicinin narazılığı yoxdur”.
Seçici Arzu xanım da söyləyib ki, səsvermə şəffaf şəkildə keçib: "İstədiyimiz partiya və şəxsə səs verdim. Buna heç kim maneə yaratmadı”.
Seçici Elnur Salmanov da vurğulayıb ki, hər şey qaydasında idi: "Hər şey əla idi. Proses çox gözəl təşkil olunub. Burada qanundan kənar heç bir iş, əməl yoxdur. Ola da bilməz. Çünki ölkə
başçısı İlham Əliyevin iradəsi olan yerdə, her şey qanuni yolla aparılır. Bir seçici kimi seçki prosesinin təşkilindən çox razıyam”.
Bundan başqa, 15 saylı Yasamal birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsinə yollandıq. Elə məntəqənin qarşısında səsvermədən çıxan seçici Arif Qurbanovla rastlaşdıq. Marafonun gedişatına dair suallarımızı cavablandıran seçici prosesin normal müstəvidə davam etdiyini söylədi: "Hər şey qanuna uyğun şəkildə aparılır. Burada heç bir qanun pozuntusuna yol verilə bilməz. Mən də bir vətəndaş və yaxud seçici kimi gəlib səsimi verdim. Heç bir təzyiq və ya basqı ilə üzləşmədim. Qeydiyyatdan keçib, gedib səsimi verdim. İstədiyim namizədi seçdim. Kənarda Müşahidəçilər də var. Onlar da prosesi izləyirlər. Hətta mən səs verən zaman əcnəbi müşahidəçilər də vardı. Səsvermədən sonra mənə yaxınlaşıb, suallar verdilər. Mən də hər şeyi olduğu kimi onun diqqətinə çatdırdım. Seçkilərin demokratik və şəffaf keçdiyini söylədim. Cəmiyyətdə seçkiyə çox böyük maraq göstərirlər”.
Digər seçici Xalid Vəliyev də səsvermə prosesindən razılıq ifadə edib: "Razıyam, bəyəndim. Məncə, Amerika və digər Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən örnək götürməlidir. Hər şey göz önündədir. Baxsınlar, Azərbaycan necə demokratik, necə humanist, ədalətli və tərəqqipərvər ölkədir. Əlbəttə, ölkəmizin bu dəyərlərə malik olması, ölkə başçısı İ.Əliyevin fəaliyyəti nəticəsində və ya xidmətləri nəticəsində formalaşıb”.
Ardınca isə 8 saylı Binəqədi I seçki dairəsinin 26 saylı seçki məntəqəsinə üz tutduq. Seçici Məcid Quliyev də səsvermənin yüksək səviyyədə keçdiyini dilə gətirib: "Hər şey yaxşı idi. Bütün proseslər qanuni şəkildə aparılır. Heç bir etirazım yoxdur. Sərbəst şəkildə səsimi verib, çıxdım. Təşkilatçılardan razıyam. Gülərüzlə qarşıladılar və yol göstərdilər. Sərbəst səsverməni təmin etmək üçün lazım olan hər şeyi etdilər. Bir sözlə, Azərbaycanda reallaşan seçkilər nümunəvi şəkildə təşkil olunub və düşünürəm ki, ölkələr bizdən örnək götürməlidir”.
Ayyət Əhməd