Sərt açıqlama:" “Görüm-baxım”la əlillik dərəcəsi alanlar var"





"Elektronlaşma tətbiq edildikdən sonra əlilliyin təyin olunması prosesi şəffaf şəkildə həyata keçirilirdi”.

Bunu "Sherg.az”a əlilliyin təyin olunması prosesinin "ASAN Xidmət”in səlahiyyətinə verilməsi barədə təkliflərə münasibət bildirərkən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov söyləyib. O, bu vaxta qədər həyata keçirilən əlilliyin müəyyən edilməsi qaydalarını diqqətə çatdırıb:

"Şəxs müharibə, döyüş prosesində xəsarət alır, yaralanır və hospitalda, Səhiyyə Nazirliyinin digər xəstəxanalarında müalicə olunur. Bu zaman şəxs verilən sənədi götürür, poliklinikaya əlilliyin təyin edilməsi ilə bağlı müraciət edir. Bu zaman şəxsə "Forma 88” adlı arayış təqdim edilir. Sənəd Tibbi Ekspertiza Komissiyalarına göndərildikdən sonra şifrə şəklində üç rayonun ekspert komissiyasına ötürülürdü. Bu elektron forma sayəsində ekspert və şəxs arasındakı təmas aradan qaldırılır, şəffaf proses aparılmasına xidmət edir. Son olaraq, üç rayonun ekspertindən ikisi müraciət edən şəxsə əlillik qrupu müəyyən edərdisə, əlillik dərəcəsi verilirdi. Ən azı iki ekspert imtina edərdisə, dərəcə verilmir, şəxsə müalicəsini davam etdirmək tövsiyə olunurdu. Bütün hallarda, 90-cı illərdən indiyə qədər yeni metodlar tətbiq edilsə də, neqativ durumlar ortaya çıxırdı”.

F. Məmmədov son illər əlillərin sayının artmasının səbəblərini də izah edib:

"Elə insanlar var ki, 90-cı illərin əvvəlində, Birinci Qarabağ Müharibəsində yaralanıb, 2010-cu ildən sonra əlillik dərəcəsi alıb. O vaxtdan indiyə qədər həmin şəxslər işləyib, gəlir də əldə ediblər. Hazırda təxminən 16 min nəfər əlil olduğu açıqlanıb. Təbii ki, bunların içərisində həqiqətən əlil olan şəxslər var. Amma müxtəlif neqativ yollarla "görüm-baxımla” əlillik dərəcəsi əldə edənlər də az deyil. Əlil olmadığı halda əlillik dərəcəsi alan belə şəxslər həqiqətən əlil olanların haqlarına girirlər. Mənzil növbəsində, müavinətlərin verilməsində və s. məsələlərdə əlil olmayanların əlillərə şərik olması sonradan narazılıqlar yaradır. Hətta bu, müavinətlərin azalmasına qədər gətirib, çıxarır. Ona görə, ictimai biliklərin rəhbərləri olaraq, müxtəlif vaxtlarda təkliflərlə çıxış etmişik, bu neqativ halların aradan qaldırılmasına çalışmışıq. Əlillik dərəcəsinin verilməsində ictimai nəzarət gücləndirilməli, saxtalaşdırmanı aradan qaldıracaq modul tətbiq edilməlidir. Saxta yollarla əlillik alan şəxsləri "kommersant” adlandırırıq. Bu insanlar əlillik statusundan sui-istifadə edirlər. Ona görə, həqiqətən sağlamlığını itirən şəxslərə mənəvi zərbə dəyir.

Əlilliyin təyin edilməsində neqativ halların baş verməsi xüsusilə aidiyyəti idarələrdə rüşvətxorluğun kök salmasından qaynaqlanır. Bu baxımdan, hansı qurumun prosesi aparmasından asılı olmayaraq, elə sistem işlənməlidir ki, mövcud problem aradan qaldırılsın”.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov da əlilliyin təyin olunmasının "ASAN Xidmət”ə verilməsini təklif edib.

Aysel Aslan