Rəis Rəsulzadə: “Onun “Məhəmməd Əmin kişi” şeiri Rəsulzadə haqqında yazılmış ən güclü şeirdir”
“Kim nə deyir-desin, Zəlimxan Yaqubun yaradıcılığı göz qabağındadır”
Azərbaycan ədəbiyyatının ağrı-acılı bir gününü yaşadıq. Görkəmli Xalq şairi Zəlimxan Yaqub aramızdan ayrıldı. O, ölmədi, sadəcə, dünyasını dəyişdi. Şair cismən aramızda olmasa da, öz əsərləri ilə yaşayacaq və seviləcək. Hər məşhur şəxs ölümündən sonra bir xatirə, iz qoyur.
Zəlimxan Yaqub özündən sonra sadəcə xatirə deyil, çox böyük bir xəzinə qoyub getdi. Şairin təkrarolunmaz şeirlərini oxuyanlar doymurlar, yorulmurlar. Çünki onun rahat və səmimi şeirləri oxucunu öz arxası ilə aparmağı bacarır. Əminliklə demək olar ki, gur təbli, coşqun avazlı, şirin ləhcəli şeirləri, baməzə söhbətləri ilə Zəlimxan Yaqub hər zaman xalqımızın xatirəsində qalacaq. Poeziyamızın nəriltili, gurultulu, sazı sözündən, sözü sazından uca olan şair onu sevənlərin ürəyində daim yaşayacaq...
Zəlimxan Yaqub haqqında feysbukda hamı yazdı, pozdu. Əksəriyyət şairə rəhmət dilədi, bir qrup isə qınadı. Bəziləri isə şairi ümumiyyətlə "tanımadıqlarını” iddia etdilər. Müxalif düşüncəli şəxslər də həyatda olmayan şairi tənqid atəşinə tutdular. Bir növ Zəlimxan Yaqubu ölümündən sonra siyasi mövqeyinə görə "məhşər ayağı”na çəkdilər. Hətta siyasi qurumların funksionerləri belə qara piar kampaniyasının iştirakçısına çevrildilər. Ortaya atılan əsas "arqument” isə mərhum şairin iqtidarı tərifləməsi idi. Amma şairi əsassız yerə ittiham edənlər sanki onun 2013-cü ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi "Məhəmməd Əmin kişi” şeirini unudurdular. Zəlimxan Yaqub həqiqətən böyük bir məktəb yaradıb. O məktəbin mahiyyətini dərk etməyənlər isə şairin qiymətini heç vaxt anlaya bilməzlər. Ona görə də şair haqqında deyilən arzuolunmaz ifadələri ciddiyə almaq lazım deyil. Görkəmli şairin vida və dəfn mərasimində müşahidə olunan insan seli bir daha sübut etdi ki, Zəlimxan Yaqub xalqımızın sevimlisinə çevrilməyi bacarıb.
Şairin dəfn mərasimində iştirak etmiş Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə "Şərq”ə verdiyi açıqlamada mərhum şairin yaradıcılığını çox bəyəndiyini deyib və şair haqqında deyilənlərlə bağlı fikirlərini bölüşüb: "O vaxt Zəlimxan Yaqub "Gənclik” Nəşriyyatında şöbə müdiri işləyirdi. Mənim onunla tanışlığım həmin dövrə təsadüf edir. Daha sonra şair mənimlə bir məhəllədə qonşu oldu və əlaqələrimiz bir qədər də sıxlaşdı. Onunla dəfələrlə görüşmüşdüm, söhbət etmişdim. Çox yaxşı insan və gözəl şair idi. Zəlimxan Yaqub sinədəftər idi. Bizim bir neçə alovlu şairlərimiz olub. Məsələn, Xəlil Rza Ulutürk, Cabir Novruz və s. Görkəmli şairimiz Zəlimxan Yaqub da onlardan biri idi. Yaradıcılığını çox bəyənirdim”.
R.Rəsulzadə mərhum şairin ölümündən sonra tənqid edilməsinə də münasibət bildirib: "Həyatda hər cür insan var. Mən adi bir rəssam olaraq, vətəndaş olaraq deyirəm ki, Zəlimxan Yaqub böyük şair, istedadlı söz adamı idi. Onun haqqında başqa cür düşünənlər də fərqli fikirlər söyləyirlər. Amma düşünürəm ki, şair haqqında işlədilən arzuolunmaz ifadələrə əhəmiyyət verilməməlidir. Mətbuat da o cür şəxslərin düşüncələrinə yer ayırmamalı, onları reklam etməməlidir. Bütün şairlər, rəssamlar, siyasi xadimlər millətimizin sərvətidir. Onlara hörmət etməli, qorumalıyıq. Əlbəttə, hamı eyni ola bilməz, amma ayrı-ayrı fərdlər ümumi mədəniyyətimizin tərkib hissəsi sayılır. Nəyisə qurdalamaq, arxasınca düşmək qətiyyən düzgün deyil. Özü də burda söhbət dünyasını dəyişmiş adamdan gedir. Kim nə deyir-desin, Zəlimxan Yaqubun yaradıcılığı göz qabağındadır. O, həm şair, həm də aşıq sənətinin bilicisi kimi böyük şöhrət qazanıb. Hesab edirəm ki, yazıçılara, şairlərə siyasi görüşlərinə görə yox, sırf yaradıcılığına görə qiymət verilməlidir”.
R.Rəsulzadə şairin qələmə aldığı "Məhəmməd Əmin kişi” şeiri haqqında da danışıb: "Çox gözəl şeirdir, bəyənirəm. Mərhum Zəlimxanın tutarlı şeirlərindən biridir. Hətta deyərdim ki, Məhəmməd Əmin Rəsulzadə haqqında yazılmış ən güclü şeirdir. Təəssüflər olsun ki, həmin şeir Zəlimxan Yaqubun çap olunmuş 2 cildlik şeirlər toplusuna salınmayıb. Rəhmətlik özü sağlığında söz vermişdi ki, o şeiri də kitaba salacaq. Amma sonradan kitaba salındı, ya salınmadı, ondan xəbərim olmadı”.
İsmayıl