Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Sultanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihaçısı təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər kollegiyasının hökmünə görə, İmran Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İmran Sultanov ifadəsində fəhlə işlədiyini, bundan qabaq da məhbusluq həyatı yaşadığını deyib: "Əsgərlikdə olanda həbs edilmişəm. Oradan gələndən sonra fəhləliklə məşğul olmuşam. Atam və anamla Maştağa qəsəbəsi yaxınlığında Ləhic bağlarında yaşayırdıq. Qardaşım da evli olduğundan bizdən bir qədər aralıda yaşayırdı. Hadisə olan günü qardaşımla ikimiz oturub spirtli içki qəbul elədik. Mübahisəmiz düşdü. Birimizin sözü o birimizin boğazından keçmədi. Mənə vurdu. İçkili olduğumdan özümdə deyildim. Getdim, tüfəngi götürdüm. İçində iki güllə vardı. Bircə dəfə atəş açdım. Əməlimdən peşmanam. Gərək belə olmazdı. Qardaşım məndən böyükdür, nə desə, qəbul etməli idim”.
Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra evdən qaçdığını bildirib: "Atəş açdım, sanki içkinin təsirdən ayıldım. Evdən qaçıb çıxdım. Havamı dəyişdim. Sonra bağa qayıtdım. Sahə müvəkkili zəng elədi. Yerimi dedim. Gəldilər, təslim oldum”.
Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş şəxs kimi tanınan 1977-ci il təvəllüdlü Tərlan Sultanov ifadə verib. O, ifadəsində hadisə günü qardaşı ilə spirtli içki qəbul etdiklərini bildirib: "Bir ədəd 0,750, bir dənə də 0,5 litr araq içdik. Arxasınca 1,5 pivə qəbul elədik. Avaralıqla məşğul olurdu. Hər gün içirdi. Ərkim çatdığını düşündüm. Mən hərdən bir spirtli içki içirəm. İmran hər gün içir. Danladım. Sözümüz boğazdan keçmədi. Bir iki şillə çəkdim ki, ona özünü yığışdırsın. Getdi həyətə, tüfənglə gəldi üstümə. Dedim, bu nədir? Məni vurdu. Yerə yıxıldım. Özü qaçdı. Atam düşdü gördü ki, yerdəyəm. Qayıntama zəng elədilər, apardılar xəstəxanaya. Şükürlər olsun ki, ölmədim. Qardaşımdır, canımdır. İçkili olduğumuzdan oldu hər şey. Əminəm ki, məni öldürmək kimi niyyəti olmayıb. Heç bir şikayətim, tələbim yoxdur. Siz bilən məsləhətdir, balaca qardaşımdır”.
Qeyd edək ki, hadisə bu il mayın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə qeydə alınıb. Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Sultanov İmran Məmmədəli oğlu öldürmək məqsədi ilə tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində İmran Sultanov saxlanılıb.
İmran Sultanov Cinayət Məcəlləsinin 29.120.1-ci ( öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.