
“Sərxoş”, “Tutma” və “Türmə”
Sayalı Sadıqova: “Heç kimin, hətta valideynin də haqqı yoxdur ki, uşağını gələcəkdə gülüş obyektinə çevirsin”Valideynlər bilməlidir ki, bu adlar uşaqların şəxsiyyətinə təsir edəcək

"Adların verilməsi təkcə valideynlərin şəxsi istəyini əks etdirən məsələ deyil, bu, ictimai bir hadisədir”. Bunu "Şərq”ə müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Uşaqlara ad seçimi zamanı yaranan problemlərdən və qəbul olunmayan bayağı terminlərdən danışan tanınmış dilçi bildirib ki, adların verilməsi ilə bağlı Nazirlər Kabineti xüsusi qərar qəbul edib. Həmin qərarda göstərilib ki, gülünc adlar uşaqlara verilməməlidir...
- Sayalı xanım, niyə valideynlər uşaqlarına normal adlar seçmirlər?
- Bilirsiz, son dövrlərdə media orqanlarında adlarla bağlı çoxlu müzakirələr aparılıb, məqalələr yazılıb. Həmin yazıların demək olar ki, hamısında əsas məsələ uşaqlara verilən adların mənalı və ya mənasız olması ilə bağlı olub. Həqiqətən əsas problem budur. Uşaqlarımıza mənasız, gülünc, bayağı adlar verməməliyik. Sırf bu məqsədlə son dövrlərdə uşaqlara verilən "Tutma”, "Sərxoş”, "Cinayətkar”, "Türmə” kimi adlar Terminologiya Komissiyası tərəfindən ləğv edilib. Eyni zamanda "Ansambl” və "Limonad” tipli adlara da qadağa qoyulub. Belə bayağı adlar gələcəkdə uşaqların şəxsiyyətinə xələl gətirəcək. Valideynlər bunu nəzərə almalıdır. Bu istiqamətdə müəyyən işlər görməyə başlamışıq.
- Bəs oğlanlara qız, qızlara isə oğlan adının verilməsi hansı zərurətdən doğur?
- Bu barədə mediada yayılan xəbərlər həqiqəti əks etdirmir. Çünki Terminologiya Komissiyası tərəfindən adların qoyulmasına ciddi nəzarət edilir və bütün adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Qadağan olunmayan və əksinə, qadağan olunan adların siyahısı nazirliyin saytında əks olunub. Deyə bilmərəm belə xəbərlər hansı məqsədlə yayılıb, amma məlumat kökündən yanlışdır.
- Dini adlar məsələsi də mütəmadi müzakirə mövzusuna çevrilir. Uşaqlara islamdan gələn və ya ərəb adlarının verilməsi təhlükəli tendensiya hesab olunurmu?
- Dini adların verilməsi fərqli məsələdir. Burda ilk növbədə valideynlərin istəyi nəzərə alınır. Ancaq nəzərə almalıyıq ki, dini isimlər tarixən bizim milliləşmiş adlar sistemimizdə oturuşub. Məsələn, Əli, Hüseyn, Həsən və eləcə də Məhəmməd, həmçinin, qızlara verilən Zəhra, Fatimə kimi adlar artıq cəmiyyətdə qəbul olunur. Əsas problem bu adların daha çox verilməsi, yəni təkrarlanmasıdır. Dəb arxasınca getmək, uşağa bəhsə-bəhslə ad seçmək lazım deyil.
- Bunun qarşısını almaq mümkündürmü?
- Təəssüf ki, yox. Biz eyni adların uşaqlara verilməsinin qarşısını ala bilmirik. Çünki bunu qadağan edən qanun yoxdur. Sadəcə məsləhət görə bilərik ki, valideynlər təkrar adları uşaqlarına çox qoymasınlar. İnanın, eyni adlar gələcəkdə ciddi problemlər yarada bilər. Məsələn, elə ailə var ki, üç uşaqdan ikisinin adı Məhəmməddir. Bu, nə dərəcədə düzgündür? Bəyəm ad qıtlığıdır? Sadəcə olaraq valideynlər kimlərinsə təsiri altına düşərək və yaxud "qonşudan geri qalmamaq” üçün oxşar adlara üstünlük verirlər. Statistikaya görə, 1000 nəfərdən 600 uşağa Yusif, 700 nəfərə isə Əli adı qoyulub. Adlarda olan təkrarçılıq valideynlərin təkidi ilə bağlıdır. Onlar tövsiyələrə qulaq asmırlar.
- Yəni ad problemini həll etməyin heç bir yolu yoxdur?
- Problemi həll etməyin yeganə yolu maarifləndirmədir. Televiziyalar, yazılı və elektron media ictimaiyyətin maariflənməsində mühüm rol oynaya bilərlər. Ötən gün bizə müraciət edən bir nəfər uşağına "Kiyara” adı vermək istədiyini deyib. Axı niyə "Kiyara”, bunun mənası nədir? Özümüzün o qədər gözəl və mənalı adlarımız var. Digər bir şəxs isə "ASAN Xidmət”ə gələrək, uşağına "Ayasofya” adı vermək istədiyini bildirib. Lakin "ASAN Xidmət” adı təsdiqləməyib, həmin valideyn də məhkəməyə müraciət edib. Biz məhkəmədə bunun qarşısını almaq üçün xüsusi qərar hazırlamışıq. Axı valideyn uşağının adını Ayasofya yox, Sofiya da qoya bilər. Bu baxımdan maarifləndirmə istiqamətində medianın üzərinə böyük yük düşür. Valideynlər başa düşməlidir ki, hər adın arxasında bir şəxsiyyət durur. Heç kimin, hətta valideynin də haqqı yoxdur ki, uşağını gələcəkdə gülüş obyektinə çevirsin. Praktika göstərir ki, adından utanan bir çox adam böyüyəndə öz adını dəyişir. Axı kim istəyər ki, onu "Samovar” və ya "Stəkan” deyə çağırsınlar?!
- Dilçi-alim kimi uşaqlara hansı adların qoyulmasını tövsiyə edərdiz?
- Məhsəti bizim ən böyük qadın şairlərimizdən birinin adıdır. Amma bu adı qızlarına verən yoxdur. Həmçinin, Nizami, Nəsimi və Füzuli adlarından da istifadə olunmur. Sovet dövründə belə adlara daha çox üstünlük verilirdi, lakin müstəqillik zamanında insanlar daha çox dini adlara yönəlməyə başladı. Halbuki Azərbaycanın ad sistemi olduqca zəngindir. Onların hamısından istifadə edilməlidir ki, adlar işlənərək gələcək nəslə çatsın. Qədim Göytürk abidəsində işlənən Albas adı bu gün bizim üçün çox qəribə görünür. Ancaq biz aydınlaşdırmışıq ki, Albas türk mənşəli addır və onun uşaqlara verilməsində heç bir problem yoxdur. Eləcə də, Alpər və Beyrək adlarının verilməsi qadağan edilməyib. Əksinə, tarixi özündə əks etdirən belə adları yaşatmaq lazımdır.
- Müxtəlif istiqamətdə fəaliyyət göstərən obyektlərə də əcnəbi adlar verilir. Ancaq tez-tez gündəmin əsas müzakirə mövzusuna çevrilən bu məsələ ilə bağlı hansısa məhdudlaşdırıcı qanun, qadağa yoxdur. Sizcə, bu problemi necə tənzimləmək olar?
- Nazirlər Kabineti yanında Monitorinq Şöbəsi fəaliyyət göstərir. Vurğuladığınız problem sırf həmin şöbənin sahəsidir və əlbəttə ki, çox ciddi məsələdir. Hesab edirəm ki, dövlət proqramına əsasən Nazirlər Kabineti tərəfindən xüsusi qərar hazırlanmalıdır. Yəni restoranlara, kafelərə, mağazalara, kişi və qadın salonlarına, ümumiyyətlə, bütün iaşə obyektlərinə verilməsi uyğun olan adların mənşəyi müzakirə olunaraq, qurum tərəfindən müəyyən edilməlidir. Yəni sadəcə lisenziya verilən adların obyektlər tərəfindən istifadəsinə imkan verilməlidir. Niyə Bakıda hansısa restoranın adı "Monoliza”, "DimaPlaza” və yaxud "İmperator” olmalıdır? Bir dilçi və vətəndaş kimi bu, məni çox narahat edir. Obyektlərimizə milli və yerli adlar qoyulmalıdır. Ölkədə hər bir iaşə obyektinin adı milliliyimizi əks etdirməlidir. Burada dilimizin qayda-qanunları öz əksini tapmalıdır. Eyni zamanda reklam plakatlarında daha çox alınma sözlərdən istifadə olunur ki, buna da son verilməlidir. Prezidentimiz dəfələrlə bəyan edib ki, ölkənin hər bir vətəndaşı Azərbaycan dilinin saflığını qorumalıdır. Ümid edirəm ki, Nazirlər Kabinetinin qərarı ilə bütün əcnəbi adlar aradan qaldırılacaq və onlar milli adlarla əvəzlənəcək.
İsmayıl