Elnur Sultanov: “Hazırkı məqamda gərginlik neft qiymətlərinə ciddi təsir etməyəcək”
Vüqar Bayramov: “Konfliktin pik həddə çatması nəticəsində neftin bir barel qiyməti kəskin şəkildə arta bilər”
Yanvarın 2-də Səudiyyə Ərəbistanında şiələrin lideri şeyx Nimr ən-Nimrənin edam edilməsi Yaxın Şərq və ətrafında yeni təhlükəli situasiya yaradıb. Yaranmış vəziyyətlə bağlı bəzi analitiklər lokal qarşıdurmaların proqnozunu veriblər.
Özünü dünya şiələrinin "hamisi” sayan İranın ali dini lideri Ayətullah Əli Xameneyi məlum edam aktını "siyasi səhv” adlandırıb və bunun onlara baha başa gələcəyini bəyan edib. Edamdan sonra Tehranda Səudiyyə Ərəbistan səfirliyinə hücum edilib. Məşhəddə Səudiyyənin baş konsulluğu dağıdılıb.
Bundan əlavə, ən-Nimrənin edamına cavab aktı kimi İranın 27 sünni məhbusu edam edəcəyi xəbəri də yayılıb. Lakin bir çox ekspertlər situasiyanı dini qarşıdurmadan çox, Səudiyyə Ərəbistanı-İran münaqişəsi kimi dəyərləndirməyin tərəfdarıdır. Çünki hər iki ölkə müsəlman dünyasının müvafiq kəsimində dominantlığa can atır. Yəni söhbət ilk növbədə milli maraqların təmin edilməsindən gedir. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi isə ən çox dünya bazarında neftin qiymətinə təsir edib. London birjasında Brent markalı neftin qiyməti 4 faiz yüksələrək, 39 dollara çatıb. Ekspertlərə görə, münaqişə uzanarsa, neftin bir bareli 40 dollardan yüksək ola bilər. Məlumat üçün deyək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir. Xatırladaq ki, tərəflər arasında qalmaqal, neftlə yanaşı, dünya bazarında dolların da bahalaşmasına səbəb olub. Tanınmış iqtisadçı-alim Elnur Sultanov deyib ki, əgər Səudiyyə-İran qarşıdurması silahlı münaqişəyə çevrilərsə, neftin qiyməti kəskin bahalaşa bilər: "Hər iki ölkə dünya neftinin üçdə ikisinin daşındığı Fars körfəzində yerləşir. Silahlı münaqişə körfəzdə yerləşən Hörmüz boğazında neftin satışına və daşınmasına maneələr yarada bilər. Silahlı toqquşma isə dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olar. Amma hazırkı məqamda gərginlik neft qiymətlərinə ciddi təsir etməyəcək”. İqtisadçı bildirib ki, neftin qiymətinin enməsi hər iki dövlətin gəlirlərini azaldıb. Bu səbəbdən hazırda münaqişənin qızışması ölkələrdən heç birinin lehinə deyil: "Gərginliyin artması neft qiymətlərinin kəskin bahalaşması deməkdir. Bu isə Rusiya daxil olmaqla neft hasil edən digər ölkələrə sərf edir. Rusiya və ABŞ-ın dəstəklədiyi dövlətlərin nəzarətində olan silahlı birləşmələr isə Yaxın Şərqdə dini radikallığı daha da artıra bilər”.
İqtisadçı Vüqar Bayramov da bildirib ki, konfliktin ən çox təsir edə biləcəyi sahə neft bazarıdır: "Səudiyyə İranla diplomatik əlaqələri kəsdikdən sonra neftin bir barelinin qiymətində təxminən 3 faizlik artım qeydə alındı. Bu, son dövrlərin ən çox artımıdır. Konfliktin pik həddə çatması nəticəsində neftin bir barel qiyməti kəskin şəkildə arta bilər. Həmçinin, qiymət artımları o zaman müşahidə oluna bilər ki, Səudiyyə Ərəbistanın neft bazarına çıxışında problemlər olsun. Çünki bu gün dünya bazarında gündəlik istehlak 94 milyon bareldir. Bazara çıxarılan neftin gündəlik həcmi 97 milyon bareldir. Deməli, təklif tələbi üstələyir. Bu da qiymət azalmalarının əsas şərtidir. Əgər Səudiyyənin dünya bazarına neft çıxarılmasında çətinlik olarsa, ölkənin bu gün dünya bazarına çıxardığı neftin təxminən yarısını çıxarda bilməzsə, o zaman qiymət artımına gətirib çıxaracaq. Ancaq heç bir halda 90 və 100 dollar qiymət artımlarından söhbət getmir. Neftin qiyməti sadəcə 60 dollara qədər yüksələ bilər”.
İsmayıl