Cəlil Cavanşir: “Bu ayın maaşından Seymurun büstü üçün yardım əlimi uzadacam”
Qan Turalı: “Gecikmiş olsa da, lazımdır”
Aqşin Yenisey: "Pitixanaların üstünə "Seymur burda quyruqlu piti yemişdir” tipli barelyeflər yapışdırmaqla da keçinmək olar”
Bir müddət əvvəl "Kulis”ə müsahibəsində heykəlinin qoyulması ilə bağlı arzularını ifadə edən yazar Seymur Baycan feysbuk səhifəsində büstünün düzəldilməsi üçün müraciət ünvanlayıb. Hər gün öz heykəlinin qarşısında dayanıb, heykəlinin qarşısına çiçək qoymaq arzusunun onu məhv etdiyini bəyan edən yazar ən azından balaca büst düzəltdirmək üçün yaxın dostlardan ianə yığacağını qeyd etmişdi.
Dediklərinin qeyri-ciddi olmadığını vurğulayan yazar müraciətində belə yazıb: "Qardaşlar və bacılar, xanımlar və bəylər, analar və atalar, babalar və nənələr, əmilər və dayılar, xalalar və bibilər, kəndlilər və şəhərlilər, savadlılar və savadsızlar, qlamurlar və qlamur olmayanlar, homo və heteroseksuallar, qarakurtkalılar və qırmızıxələtlilər, bir müddət əvvəl müsahibəmdə öz büstümü düzəltməklə bağlı istəyimi bildirmişdim. Bir çox insanlar bunu zarafat kimi qəbul etdilər, ancaq burda heç bir zarafat notları yoxdu, ciddiyəm. Büstümü düzəltməklə bağlı ianə toplamağa qərar verdim. Kimin nə qədər gücü çatır, şəkildəki bank hesablarına göndərə bilər”.
Qeyd edək ki, Seymur Baycanın bu addımına həmkarlarının da reaksiyası elə yazarın müraciəti kimi yarı ciddi, yarı zarafat olub. Gənc yazar Cəlil Cavanşir bütünlükdə Azərbaycan xalqını bu mütərəqqi təşəbbüsü dəstəkləməyə çağırıb: "Seymur Baycana balaca bir büst qoymaqla, biz ədəbiyyata son vəzifəmizi də yerinə yetirmiş sayılacağıq. Onun kitablarını, yazılarını oxuyan insanları büst üçün ianə verməyə çağırıram. Şəxsən mən bu ayın maaşından Seymurun büstü üçün yardım əlimi uzadacam. Bu təşəbbüs bəzilərinə qəribə görünə bilər, amma mən Seymuru dəstəkləyirəm. Büst məsələsini həll etdikdən sonra atışıb Seymura ev ala, hətta ona dəbdəbəli şadlıq saraylarının birində toy edə bilərik. Bu çətin gündə xalq yazıçısının yanında olmalıdır”.
Seymur Baycanı kifayət qədər ciddi yazıçı hesab edən C.Cavanşir onun yazdığı yazıları, səsləndirdiyi fikirləri də olduqca ciddi qəbul edir: "İnanmıram ki, o, belə şeylərlə zarafat etsin. Bundan əvvəl Seymurun mədəniyyət nazirinə yazdığı məktubu da cəmiyyət ciddiyə almadı. Nəticədə nə baş verdi? Seymur Gürcüstana getdi və qarnında qurbağa olmasından şikayətlənməyə başladı. Yazıçılarımızın problemlərinə bu qədər biganə yanaşmaq olmaz. Bu gün biz xalq olaraq Seymura büst qoymasaq, sabah onun başına nə gələcəyini düşünmək belə istəmirəm. Vaxtında bu problemləri həll etmək lazımdır”.
Yazar Qan Turalı isə Seymur Baycanın büst üçün pul yığmasını milli faciəmiz sayır: "Bu xalq gərək indiyənə qədər Seymura nəinki büst hətta heykəl də qoyardı. Azadlıq meydanı bu heykəl üçün məncə çox uğurlu yerdir. Seymurun heykəli dənizə sarı baxıb aradabir xalqımız üçün köks ötürərdi. Bəzən də bir siqaret yandırardı. Bu barədə təşəbbüs göstərmədiyi üçün xalqımızı qətiyyətlə qınayıram. Heyif ki, yazıçı özü bunu istəyib. Gərək bu barədə çoxminli oxucular təşəbbüs göstərəydi. Gecikmiş olsa da, lazımdır. Amma heykəl olsun, büstə ehtiyac yoxdur. İnşallah, Füzuli alınanda büstü də orda qoyarıq”.
Seymur Baycanın büst arzusuna şair Aqşin Yeniseyin münasibəti qısa və lakonik olub: "Məncə əlimiz ələ çatanacan pitixanaların üstünə "Seymur burda quyruqlu piti yemişdir” tipli barelyeflər yapışdırmaqla da keçinmək olar”.
Şəymən