Şeyx də böyük siyasətə qarışır

O, Rusiyanın Suriya addımlarını dəstəkləyir, İŞİD-i təhlükə sayır




Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Rusiyanın Suriyada "İslam Dövləti”nə (İŞİD) qarşı apardığı hərbi əməliyyatları dəstəkləyir. Bu barədə qurum sədri Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, hazırda xaricdən və ya daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca vacibdir:

"Onlar bizim məkanı növbəti hədəf kimi görürlər. Ona görə də sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.

A.Paşazadə onu da diqqətə çatdırıb ki, Qafqaz müsəlmanları Moskvanın beynəlxalq terrorla mübarizəsini və onun İŞİD kimi bəlanın məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir: "Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək mümkündür”.

QMİ-nin addımını şərh edən politoloq Natiq Miri "Şərq”ə deyib ki, söhbət İŞİD-ə qarşı mübarizədən və bu terror qruplaşmasının vəd etdiyi təhlükədən gedir: "Görünür, şeyxülislam da adıçəkilən silahlı qruplaşmaya qarşı mübarizəni vacib bilib. Ona görə ki, bu dəstə yalnız Suriya üçün deyil, eyni zamanda qlobal bir təhdiddir. Arxasında böyük maliyyə gücləri dayandığı üçün hazırda həmin terror birləşməsi istənilən ölkə üçün təhdiddir. Çox maraqlıdır ki, İŞİD xristian dövlətlərində deyil, daha çox enerji mənbələri olan müsəlman dövlətlərində fəaliyyət göstərir. Azərbaycan da enerji mənbəyi olan müsəlman ölkəsi olduğu üçün sözügedən terror qruplaşmasının hədəfindədir. Bu baxımdan İŞİD-ə qarşı mübarizəni dəstəkləmək olar”.

Buna rəğmən ekspert diqqətə çatdırıb ki, Suriya rejiminin dəstəklənməsi doğru deyil: "4 yüz min vətəndaşını məhv edən, 8 milyondan artıq suriyalını didərgin salan diktatoru müdafiə etmək islam adına fəaliyyət göstərən şəxslərə yaraşmaz. Düşünürəm ki, QMİ sədrinin fikirləri İŞİD terror qruplaşmasına qarşı yönəlib. Yoxsa ki, Azərbaycanın adından Bəşər Əsəd rejiminə dəstəyin verilməsi yanlışdır və bu, heç Azərbaycan hakimiyyətinin də maraqlarına uyğun deyil”.

Ayyət Əhməd