Uşaq zorakılığı ilə bağlı faktların sayı artıb
Azərbaycanda uşağa qarşı zorakılıq, həqiqətən, tərbiyənin bir hissəsi kimi qələmə verilir. Bütün problemlər də elə buradan başlanır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı "dəyirmi masa" keçirib. Qeyd olunub ki, Azərbaycan Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə, 2018-ci il ərzində quruma uşaq zorakılığı ilə bağlı 3581 müraciət daxil olub.
Mütəxəssislər və psixoloqlar, valideynləri haqlı qınayırlar ki, telekanallardaki seriallar ailələrin, xüsusən anaların başını o qədər qatır ki, uşaqların tərbiyəsi ilə vaxtında məşğul ola bilmirlər. Zorakılıq və şiddət məzmunlu xəbərlər uşaqlarda daha çox stresə səbəb olur! Həm sosial mediada, həm televizorda göstərilən şiddət və zorakılıq məzmunlu xəbərlər uşaqlar üzərində dərin izlər buraxır. Bu tip xəbər və məlumatların nəinki izlənilməsi, hətta uşaqların yanında danışılması belə doğru deyil. Məktəbyaşaqədərki uşaqlar belə informasiyalara qətiyyən məruz qalmamalıdırlar. Əks təqdirdə bu cür informasiyalar uşaqlarda stress pozuntusuna gətirib çıxarır. Eyni zamanda şiddət uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır.
Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır. Ən pisi də odur ki, uşaq valideynlərinin davranışlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbiləşəndə döyməyə əl atır.
Beləliklə, fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!
Psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, uşaqlara qarşı şiddət anlayışı müxtəlif ədəbiyyatlarda müxtəlif cür qəbul edilir. Bir sıra ədəbiyyatlarda uşağa əl qaldırmaq, onunla ünsiyyət zamanı səs tonunun qaldırılması şiddət hesab olunur, digərlərində isə uşağa tərs baxmaq, onun sevdiyi şeylərdən məhrum olunması, azadlığına müəyyən məhdudiyyət qoyulması da şiddət kimi qəbul olunur.
Psixoloqun sözlərinə görə, şiddətə məruz qalan uşaqların psixoanalizi zamanı onların özlərinin də zamanında zorakılıq qurbanı olduğunu aşkara çıxarırıq. Hətta bir çox hallarda uşaqlarını döyərək tərbiyə edən valideynlər bu zorakılıqlarına haqq qazandırıb, özünün də ata-anası tərəfindən bu cür tərbiyə olunduğunu iddia edir:
"Ən maraqlısı isə bunu normal bir hal kimi qəbul edirlər. Onlar üçün uşaqlarını döyməyib, onlara səhvlərini başa salaraq izah etsələr, öz tərbiyələrini, yetişdirilmə üsullarını inkar etmiş olacaqlar.
"Uşaq döyülə-döyülə böyüyər”, yaxud da "Biz də döyülə-döyülə böyümüşük, pis insanıq” deyimi də məhz bu cür müdafiə mexanizminin ifadəsidir. Başa düşmürlər ki, şiddət, zorakılıq, düzgün tərbiyə üsulu deyil. Bu yolla o, öz övladının gələcəyini məhv edir. Biz insanlara, gənclərə bunu aşılayaraq uşaqlara qarşı zorakılıq hallarının qarşısını almağa çalışmalıyıq. Bir daha qeyd edim ki, Azərbaycanda uşağa qarşı zorakılıq, həqiqətən, tərbiyənin bir hissəsi kimi qələmə verilir. Bütün problemlər də elə buradan başlanır.
Halbuki, onların tərbiyəsini şiddət, zorakılıq yox, sevgi üzərində qurmalıyıq. Döymək ən asan şeydir. Valideyn vaxt sərf edib uşağı ilə daimi ünsiyyətdə olmalı, onun səhvini başa düşəcəyi dildə başa salmalıdır.
Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir. Çünki uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək. Uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq. Uşaqlarla kobud rəftar onlarda dərin psixoloji travmaların yaranmasına səbəb ola bilər. Bu travma isə ömrünün axırına qədər onları izləyir”.
Şəymən