SİFƏTSİZLƏŞMƏ: Mədəniyyətimizlə savaşanlar kimə əsir düşüb? - Ayyət Əhməd yazır




Mədəniyyəti öləzimiş cəmiyyət bətnindəki körpəsini abort etdirən qadın qədər vicdansız olur. Dahi rus mütəfəkkiri Uşinski deyirdi ki, bir milləti məhv etmək istəyirsənsə, öncə, onun dilini və mədəniyyətini əlindən al. Bu mənada dönüb Azərbaycan teleməkanını azacıq seyr edəndə görürsən ki, sanki, yalnız bu missiyanı icra etmək üçün "qollarını çırmayıblar”. 

İşləri-peşələri dil və mədəniyyətimizə qənim kəsilərək, onu əlimizdən qoparıb, cəmiyyəti məhvə, uçuruma sürükləməkdir. Elə bil, qəsdən bütün arzu və istəkləri bu işin üzərinə fokuslanıb və ya fokuslaşdırılıb.

Ötən günlərdə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmlinin "Televiziyalarımızda baxmağa maraqlı veriliş tapmıram" ifadəsi Azərbaycan teleməkanının tam mənzərəsini aydın şəkildə ortaya qoydu. 

Doğrudur, bu məlumat bizim üçün yeni deyildi. Ona görə ki, məlum sahədəki problemlər, ağrılar, boşluqlar, kök salmış yaralar və telekanalların bütün aydınlıqları qaranlıqlara sövq etməsi eynəksiz də görünürdü. Amma MTRŞ sədrinin açıqlaması o eybəcər mənzərəni bir daha təsdiqləmək baxımından ən bariz nümunə olmalı idi. Oldu da. Faktı telekanallara nəzarət edən qurum sədrininin dilindən duymaq çox kədərli , eyni zamanda üzücü və sarsıdırıcıdır. Artıq bəzi telekanalların cəmiyyətə saçdığı rəzalət, mənəviyyatsızlıq, əxlaqi və zehni yüngüllük, cılızlıq, cəhalət , bayağılıq göz önündədir.
Xərçəng xəstəliyi kimi, qırmızı qanımızı yeyib bizi halsızlaşdıran, keyləşdirən qorxulu kabus nədən ibarətdir ? Heç uzağa getməyək. 

Bu yaxınlarda "Şərq" qəzeti redaksiyasında qəzetin baş redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlının böyük əməyi və zəhməti hesabına çox zəngin Azərbaycan Mətbuat Tarixi Muzeyi yaradıldı. 

Nə olardı ki, gedib Rəqsanənin "qarderob"nu, şalvar kolleksiyasını ı çəkib göstərənə qədər, gəlib mətbuat tariximizi özündə əks etdirən muzeydən 1 dəqiqə 59 saniyəlik deyil, 1 saat 59 dəqiqəlik reportaj hazırlayardınız. Muzeydə nümayiş olunan hər bir tarixi orjinal sənəd və ya eksponatlar barədə cəmiyyətə ətraflı məlumat verərdiniz. Bununla həm də tariximizə sahib çıxmış olardıq, olardınız. Olmazdımı?

Axı biz nə vaxtdan tariximizə, keçmişimizə, şərəfimizə, namusumuza xəyanət etdik? Necə oldu ki, Rəqsanənin tumanı, Nadir Qafarzadənin soyuducusu və atasının qoyduğu Məsumə adını danaraq özünü cəmiyyətə Damla kimi sırıyan bir müğənninin "JEEP”i tariximizi kölgədə qoydu ? Nə yedik , nə içdik ki , hansısa manısın alt paltarı tariximizin, tarixi nəhənglərimizin – Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Şəfiqə xanım Əfəndizadə, Üzeyir Hacıbəyli, İsmayıl Qaspiralı, Mirzə Cəlil, Əlimərdan bəy Topçubaşov , Xədicə xanım Əlibəyova, Xəlil İbrahim, Mirzə Fətəli Axundov, Əzim Əzimzadə,Nəsir İmanquliyev, Sabir Rüstəmxanlı, Ağamalı Sadiqin üstündən keçib, önünə düşdü ? Bu tablonu görüb hər gün əzab çəkib, utanıram.

Beynim, sanki, qəbirstanlıqdır, insan nəfəsinə həsrət qalmış və bayquşların acıq verirmiş kimi döş-döşə dayanıb yüksək avazla ulaşdığı bir qəbirstanlıq. Gələcəyimizlə bağlı ürəyimdə, beynimdə heç bir xoş arzu, niyyət, fikir boy atmır. Axı niyə belə olmalıdır ? Yumşaq desək bu laqeydliyə, yaramazlığa ,əxlaqi kodekslərin, ölçülərin yağı malı kimi ayaqlar altına atılıb, tapdadılmasına nə vaxt son qoyulacaq ???

Nə vaxta qədər hansısa 200 manatlıq üzdəniraq müğənninin, mavinin, transın, homoseksualın absurd fikirlərinə (fikirsizliklərinə), amorf (xaraktersiz ) simalarına (simasızlıqlarına ) baxacağıq ? Bu ölkə, bu cəmiyyət yalnız onlardanmı ibarətdi? Nə vaxta qədər Mikayıl Güləddinoğlunun barmaqlarının ucunu bir- birinə sıxaraq büzülmüş dodaqlarına yaxınlaşdırıb süni təbəssümlə " Muuuuaaaççç, Rosko kolbasaları” kimi sərsəm ifadələrini eşitməkdən qulaqlarımız "mazol” olacaq? Bu ölkənin toyu ilə yanaşı dərdi, ağrısı, kədəri də var axı . 

Niyə efirlər mağar toylarına bənzəməlidir? Qardaşımın 5 yaşlı qızı niyə mənə deməlidir ki, "əmi, televizoru aç, toya baxaq”? . O cocuğun suçu nə ? Axı o düşüncəni onun yeni fomalaşan beynindən, təfəkküründən necə siləcəyik və ya ümumiyyətlə, silə bilcəyikmi? Nə qədər milli nəsnə adı ilə toyundan əvvəl anasına ayağını xınalatdıran "bəy”lərə baxmalıyıq ? Nə qədər enli taslı sallaqməmə xalaların efirlərdə küftə, bozbaş bişirməsini seyr edəcəyik? Nə vaxta qədər cəmi 2 ay ərdə olub, 3 -cü ay ailəsini merkantil düşüncəsinə qurban verən məxluqatların bizə ailə dəyərlərindən dərs keçməsinə baxıb əsəbləşəcəyik ? Nə vaxta qədər efirdə, 10 milyonun gözü qarşısında "şpakat "a oturub, broyler toyuqlarına bənzər budlarını çöldə qoyanların "məcarəlarına" səbr nümayiş etirəcəyik? Nə vaxta qədər, Niyam Səlaminin saqqal saxlamasının və evlənməməsinin səbələrinə dair reportajlar gözlərimizi dələcək? Nə vaxta qədər şoumen Murad Dadaşovun ölkə incəsənətinə bir çürük qoz da bəxş etməyən "ulduz”ları bir maşın ətrafına yığaraq efirə çıxarıb sonra da onları qızışdırıb bir-birinin üzünə güllə kimi yağdırdığı "500, 1000 manatlıq cındırsan” söyüşlərini eşidib balalarımızın yanında utanacağıq ? Nədir günahımız?

Daha yuxumuz da ərşə çəkilib, çünki bu suallar onları da incidir, üzür, əzir, rahatsız edir. Yuxularımız da küçələrdə ac -yalavac , sərgardan veyllənən sahibsiz it kimi mənəviyyatımızla baş- başa çatıb gecədən səhərə zarıyır. Bu dərdlərin əlindən başımızda ağ saçlar, üz-gözümüzdə isə qırışlar yuva saldı.

******

Ötənlərdə dəyərli ziyalımız, "Ayna"- "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının interenet televiziyalarından birinə verdiyi müsahibəsini izlədim, özü də çox diqqətlə. Bir xeyli söhbətləşəndən sonra jurnalist həmkarım sual verdi :

-Elçin müəllim, nədən qorxursunuz ?
E.Şıxlı heç tərəddüd etmədən həmkarımızın gözləmədiyi, bəkə də heç ağlına belə gətirmədiyi cavabı verdi:
- Sifətimi itirməkdən. Başqa da heç nə...

Bəli, Elçin müəllimin cavabı kifayət qədər təsirli və düşündürücüdür. Belə müdrik və cəsarətli ifadə ilə razılaşmamaq mümkünsüzdür. Əlbəttə, cavabda siyasi nüanslar, çalarlar da olmamış deyil. Amma biz məsələnin daha çox mənəvi tərəflərinə baş vurduq. Danılmaz faktır ki, madiyyatın, mənəviyyatın önünə keçdiyi, kütləvi savadsızlığın, cəhalətin, özünü, var - dövlətini nümayişin, süniliyin, saxtakarlığın, iftiranın, qaragürühün ayaq tutub yeridiyi bir dönəmdə sifəti , simanı qorumaq çox çətindir. Bu mənəvi deqradasiyanı və mədəniyyətin korrupsiyalaşmasını cəmiyyətimizə daha çox televiziyalar təlqin edir, aşılayır. Məhz birabaşa telekanalların vasitəsilə merkantil və yüngül düşüncə canımıza , ruhumuza hopur və ya hopdurulur. Bir sözlə, sürətli SİFƏTSİZLƏŞMƏ və SÜNİLƏŞMƏ gedir.

Bəs, çıxış yolu nədir? Bircə çıxış yolumuz var, məncə. Tarixən bütün ölkələrdə mənəvi aşınmaların meydan suladığı bir vaxtda xalqın köməyinə, imdadına sözü ilə əməli üst-üstə düşən ziyalılar çatıb. Müstəqil fikirli ziyalılarımız efirlərə dəvət olunmalı, bu barədə həyacan təbili çalaraq cəmiyyətin durulması, saflaşması istiqamətində ibrətamiz çağırışlar etməlidir. Bir sözlə, cəmiyyətdə sözünün kəsəri olan ziyalıların sözünə, zövqünə ciddi ehtiyac duyulur. Ona görə ki, dil, mədəniyyət və əxlaqımızı qorumaq varlığımızı qorumaq qədər vacibdir. Ona görə ki, ziyalı və aydınların işığı düşməyən məmləkət zülmə boyanmağa məhkumdur. 

Belə bir məşhur deyim var: "Ümmanda üzəcəyi istiqaməti bilməyən gəmi kapitanına heç Allah da yardımçı olmaz". Bu mənada bəzi telakanallarımız nəinki gedəcəyi , heç dayandığı yeri bilmir. Olduğu yeri bilməyənlərin boylanıb gələcəyi görməsinə ümid bəsləmək isə əbləhlikdən başqa bir şey deyil...


P. S. Qəti o fikirdə deyilik ki, telekanallar yalnız maarifləndirmə işi ilə məşğul olmalıdır. Əyləndirmə də vacibdir, amma daha bu qədər yox...