Siftəsini etməyə başladılar...

“Övladına ayaqqabı, kitab, dəftər alıb məktəbə göndərə bilməyən valideyni 100 manat cərimələməyin nə mənası var axı?”



Dərsə gəlməyənlərlə bağlı rayonlarda "100 manatlıq siftələr” edilir. "İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə əsasən valideynlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.

Bu dəyişiklik şagirdləri icbari təhsildən yayındırma kimi halların qarşısını almaq üçün atılıb. Amma görünən odur ki, artıq bəziləri bundan sui-istifadə etməyə çalışır. Artıq belə faktlarla bağlı şikayətlər yayılır və məktəb direktorları ən adi məsələlərdə belə valideynləri incidirlər. Məlumata görə, Goranboy rayonunun Nizami kənd orta məktəbinin direktoru bununla bağlı "fəaliyyətə başlayıb”. O, müvafiq dəyişiklikdən sui-istifadə edərək valideynlərdən pul toplayır. Müəyyən səbəblərə görə bir-iki gün şagird dərsə gəlməyən kimi direktor valideynlərə ismarıc göndərir və onlardan rüşvət alaraq şagirdlərə qayıb qoyulmasına imkan vermir. Məktəb direktoru şagirdlərin üzrlü səbəblərdən evdə qalması və dərsə gələ bilməmələrinə, valideynlərin müraciətlərinə də qulaq asmır və yalnız öz bildiyini edir. Bu kimi hallardan artıq kənddə yaşayan insanlar təngə gəlib. Modern.az-a daxil olan məlumata görə, ümumiyyətlə, məktəbdə təhsilin səviyyəsi sıfır həddindədir. Təhsil Nazirliyindən bununla bağlı münasibət öyrənməyə çalışdıq. Bildirildi ki, məsələnin araşdırılması üçün sorğu göndərək.

Məsələ ilə bağlı hüquqşünas İradə Cavadova "Şərq”ə bildirib ki, bəzi müəllimlər və məktəb direktorları yeni qanundan sui-istifadə edirlər. Ekspertin sözlərinə görə, onlar yerli-yersiz cərimə tələb edirlər: "Əslində cərimələrin məqsədi regionlarda valideynlərin məxsusi olaraq qız uşaqlarını təhsildən ayırmasının qarşısını almağa yönəlib. Əlbəttə, bu, yaxşı hal olardı. Amma bunun üçün bir həftə deyil, 1 ay müddət verilməli idi. Şagird bir aydan çox məktəbə gəlmirsə, demək, valideyn onu dərsdən kənarlaşdırıb. İkincisi də odur ki, 9-cu sinifdən sonra valideynlər uşaqlarını məktəbə qoymurlar. Məktəbdə keyfiyyətli təhsil verilmir. Şagirdlər də repetitor yanına gedirlər. Ona görə də məktəbə gedə bilmirlər. Burada da sui-istifadə halları var. Yəni məktəb direktorları repetitor yanına gedən şagirdlərdən pul alır və onların dərsə gəlməməsinə göz yumur. Həmin cərimə məhz bu məsələləri ortadan qaldırmaq üçün nəzərdə tutulmuşdu. Amma effektiv olmadı”.

Həmsöhbətimizin qənaətincə, elə regionlar var ki, orada şagirdlər geyinməyə paltar tapmır: "Bunları da unutmaq lazım deyil. Digər yandan şagird məktəbə yolun uzaqlığından gedə bilmir. Elə kəndlər var ki, qış aylarında məktəb yolları bağlanır. Eləsi də olur ki, ayaqqabısı yoxdur deyə, məktəbə gedə bilmir. Elə şagird var ki, məktəb ləvazimatları olmadığına görə dərsdən qalır. Bax, bunlar hamısı araşdırılmalıdır. Yoxsa, ucdantutma "kim məktəbə gəlmir, ondan

cərimə alınmalıdır” prinsipi ilə heç nəyə nail olmaq olmaz. Övladına ayaqqabı, kitab, dəftər alıb məktəbə göndərə bilməyən valideyni 100 manat cərimələməyin nə mənası var axı? Bu, yaxşı bir vəziyyətə gətirib çıxarmaz”.

Müsahibimiz diqqətə çatdırıb ki, şagirdlərin dərsdən qalma səbəbləri araşdırılmalıdır: "Övladına geyim və məktəb ləvazimatı ala bilməyən valideynlərə, ailələrə yardımlar göstərilməlidir. Valideyn uşağını məktəbə qoymayıb, onu erkən nikaha vadar edirsə, onda valideynə izah olunmalıdır ki, cərimə olunacaqsan. Belə olarsa, valideyn əməlindən əl çəkib uşağını məktəbdən ayırmaz. Bu baxımdan cərimənin tətbiqi düzgün olardı. Əfsuslar olsun ki, hazırda müəllim "necə edim ki, valideyni cərimələyim” sualı ətrafında var-gəl edir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, orta və ali məktəblərdə qayıb məsələsi ciddi problemə çevrilib: "Uşaqlara "bal” yazılmır. Bal yazmaq üçün rüşvət tələb olunur. Amma baxın, Avropa ölkələrində qayıb məsələsi yoxdur. Müəllim dərsini deyir. Tələbə üçün o fənn vacibdirsə, maraqlıdırsa, onu qovsan da, gəlib mühazirəyə qulaq asacaq, imtahana hazırlaşacaq. Cavab verə bilməyəcəksə, o kreditini ödəyib həmin fənni yenidən mənimsəyəcək. Daha kiməsə demirlər ki, sən dərsə gəlmədin mən qayıb qoyacam və sonra da valideynin 100 manat ödəyəcək. Bu, doğru tendensiya deyil. Çünki bu həm şagirdi sıxır, həm də rüşvətə yol açır”.

Ayyət Əhməd