Şikayətlər başladı - Təhlükəli dondurmalar satılır

“Dondurma istehsalçılarının 80 faizi nə KİV-ləri, nə də istehlakçı təşkilatlarını yaxın buraxmır, gizlin işlərlə məşğul olurlar”



Elə ki istilər düşdü, dondurmaya olan tələbat artır. Hələ aprel-may aylarından demək olar ki, bütün marketlərdə müxtəlif qiymətə dondurma satışı var. Ölkəmizdə yerli istehsalla yanaşı Türkiyə, Rusiya və İrandan gətirilən dondurmalar da satılır. Lakin əsas məsələ satışda olan dondurmaların keyfiyyətidir.

Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də dondurma alanda ilk növbədə onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirmək vacibdir. Müxtəlif qablaşdırmada - açıq şəkildə, hətta kilo ilə satılan dondurma növləri var. Bəs onları alarkən nələrə diqqət etməliyik?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, əgər dondurma yeyərkən boğazda acılıq hissi yaranırsa, bu, onun tərkibinə yağlılığı təmin etmək üçün kərə yağı əvəzinə marqarin və yaxud bitki yağları qarışdırıldığını göstərir: 

"Dondurmanın kağıza bükülmüş formasını alarkən də diqqətli olmaq lazımdır. Kağızın üst örtüyü hamar olmalıdır, kağız əzilibsə, bu o deməkdir ki, dondurma əridikdən sonra yenidən donmuş formaya gətirilib. Bu isə dondurmanın keyfiyyətinə mənfi təsir edir. Açıq dondurmaların da satışı həyata keçirilir və belə dondurmalarda problem daha çox olur. Ona görə dondurmaların buraxılma tarixi, son yararlanma müddəti, hətta qiymətini əks etdirən sənədlər satıcıdan tələb edilməlidir.

Dondurmaların qiyməti ilə bağlı müəyyən problemlər var. İstehlakçının ucuz və keyfiyyətli mal almasının tərəfdarıyıq. Lakin təəssüf ki, bəzən ucuz qiymətə olan məhsul həqiqi dondurma deyil. Təsadüfi deyil ki, ABŞ İnkişaf Agentliyi layihəsi çərçivəsində biz Azərbaycanda yerləşən yalnız bir dondurmaya qida təhlükəsizliyi nişanını şamil etmişik. 

Bu, "İceland” dondurma istehsalçısıdır. Qida təhlükəsizliyi nişanı şamil edilmiş müəssisənin təhlükəsiz qida istehsal etdiyi barədə monitorinq aparılıb və tam ictimai nəzarət altındadır. Lakin Azərbaycanda 20-dən çox dondurma istehsalçısı var. Eləcə də xarici ölkələrdən Azərbaycana dondurmalar gətirilir. Çox təəssüflər olsun ki, istehlakçıların dondurmadan şikayətləri hər il mövsümün axırına qədər davam edir. 
Dondurmanın boğazda acılıq yaratması, insanlara mədə-bağırsaq xəstəlikləri salması sahəsində problemlər yaşanır”.

E.Hüseynovun sözlərinə görə, istehlakçılar Bakı bulvarında dondurma satışı ilə bağlı inhisarçılığın olduğunu deyiblər: 

"Bu gün telefon zəngində mənə irad bildirildi ki, bulvarda yalnız bir dondurma şirkətinin məhsulları satılır. İstehlakçının seçim hüququnun bərpa olunması üçün müvafiq dövlət orqanlarına müraciət edəcəm. Dondurma istehsalçılarının 80 faizi nə KİV-ləri, nə də istehlakçı təşkilatlarını yaxın buraxmır, gizlin işlərlə məşğul olurlar. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə son qoyacaq və müəyyən tədbirlər görəcək”.

Yeganə Bayramova