Qiymətlərin artımı bu vərdiş sahiblərinin fikrini dəyişməyəcək
Manatın sonuncu devalvasiyası nəticəsində bəzi insanlar üçün gündəlik ərzaq və digər tələbat məhsulları ilə eyni dərəcədə vacib sayılan siqaret məhsulları 30,40 və bəzi markalarda isə 50 faiz bahalaşdı. Görəsən belə bir vəziyyətdə istifadəsi geniş yayılmış tütün məhsullarının qiymətlərinin bu səviyyədə artması hansı müsbət və mənfi fəsadlara gətirib çıxaracaq? Bu təhlükənin qarşısını hansı vasitələrlə almaq mümkündür?
Siqaret bəlkə də insan həyatında onu istifadə edənlər üçün qida, su və digər vacib, önəmli faktorlar sırasına aiddir. Yəni elə insanlar var ki, gündəlik yaşamlarını siqaretsiz təsəvvür edə bilmir. Bəzi ekspertlər isə hesab edir ki, siqaretlərin bahalaşması nəticəsində istifadə edənlərin sayı azalacaq. Bununla bərabər bahalaşmış siqaretlərin yerini doldurmaq üçün ucuz, eyni zamanda keyfiyyətsiz siqaret məhsullarının istehsalının artmasının insanların sağlamlığı üçün təhlükə riskinin çoxalmasına səbəb olacağını deyənlər də var.

Bu barədə "Şərq”ə danışan "Siqaretsiz həyat” İctimai Birliyinin sədri Rasim Mədəd də siqaret çəkənlərin sayının azalacağını istisna edir. İnsanların öz sağlamlığını nəzərə alıb bu vərdişdən əl çəkməli olduğunu deyən Rasim Mədəd: "İnsanları bu ziyanlı vərdişdən çəkindirməyə nə qədər çalışsaq da, sağlamlığı haqqında düşünməyənlər yenə də siqaret çəkir və çəkməyə davam edəcək. Siqaretin qiymətinin bahalaşmasına gəlincə isə bu, o demək deyil ki, atılan addım siqaret çəkənlərin sayının azalmasına müsbət təsir göstərəcək. Bildiyimiz kimi, siqaretlə bərabər digər gündəlik tələbat malları da bahalaşıb. Bizim gündəlik tələbat mallarından imtina edə bilmədiyimiz kimi, siqaret çəkənlərin də siqaretdən bahalaşmaya görə birdəfəlik imtina etməsi mümkün deyil. Ən yaxşı halda gün ərzində 10 ədəd siqaret çəkən bir adam, tələbatını 8-9 siqaretə endirə bilər” - deyə əlavə edib.
Rasim Mədəd siqareti tərgidə bilməyənlərin sadəcə buna cəhd etmədiyini deyib. Onun fikrincə, sağlamlığını düşünən insan siqareti tərgitməyin, başlamaq qədər asan olduğunu bilməlidir: "Siqaretin insan orqanizminə zərərli təsiri barədə çox danışmaq olar. Bilmək lazımdır ki, istər xarici siqaret istehsalçıları, istərsə də yerli istehsalçılar öz məhsullarını istehsal edəndə insan sağlamlığını düşünmürlər. Ona görə də xarici siqaret istehsalının zərərinin az, yerli istehsalın zərərinin çox olması barədə fikir yürütmək düzgün olmaz. Bilməliyik ki, siqaret çəkmək sağlamlığımız üçün zərərlidir. Bu günə qədər siqaretin qiyməti bahalaşmaya doğru dəfələrlə dəyişib. Bu addıma görə siqareti birdəfəlik atanların sayı barmaqla sayılacaq qədər azdır”.
İnsanları bu pis vərdişdən çəkindirmək üçün daha yeni, təsir edə biləcək tədbirlərin düşünülüb, həyata keçirilməsinin vacibliyini önə çəkən ekspert: "Bu proses dövlət səviyyəsində həyata keçirilə bilər. Məsələn, ötən əsrin əvvəllərində Amerikada atılan bir addım 4 milyon insanın siqareti birdəfəlik atmasına səbəb olmuşdur. Bu, ilk dəfə siqaret qutularının üzərinə yazılan "Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Sağlamlığınız üçün zərərlidir!” cümləsi olub. Artıq bu cümlə öz təsirini itirdiyinə görə insanlar əhəmiyyət vermir. Odur ki, bahalaşmaya görə siqareti tərgidənlər, əgər siqaret ucuzlaşarsa, yenidən bu pis vərdişə qayıda bilərlər. Bunun üçün siqaretin qiymətinin artmasını gözləmək əvəzinə, davamlı maarifləndirici tədbirlər görülə bilər. Ən real addımı isə istifadəçilər özü atmalıdır. Siqareti atın ki, sağlamlığınızı qoruya biləsiz...”
Aysel Aslan