Siqaretin bahalaşması gözlənilən idi
Çünki tütündən tutmuş kleyə qədər hər şeyi xaricdən alırıq
Siqaretin qiyməti yenidən qalxıb. Hər bir siqaret markasının qiyməti ən azı 50 qəpik qalxıb. Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ekspertlər də "Şərq”ə açıqlamasında devalvasiya sonrası siqaret kimi idxal məhsullarının qiymətlərinin artmasının gözlənilən olduğunu deyib. Qeyd edək ki, siqaret bir çox insanın həyatında qida, su və digər vacib, önəmli faktorlar sırasına aiddir. Yəni elə insanlar var ki, gündəlik yaşamlarını siqaretsiz təsəvvür edə bilmir.
Görəsən belə bir vəziyyətdə istifadəsi geniş yayılmış tütün məhsullarının qiymətlərinin bu səviyyədə artması hansı müsbət və mənfi fəsadlara gətirib çıxaracaq? İqtisadçı-ekspert Oqtay Haqverdiyev siqaretlərin qiymətinin artmasının dolların kursu ilə əlaqədar olduğunu deyib: "Milli valyutamız gündən-günə dollar qarşısında zəifləyir. Bu da təbii olaraq idxal məhsullarının qiymətlərinə təsir edir. Siqareti istehsal etmək üçün lazım olan bütün xammal məhsulları da Azərbaycana xarici ölkələrdən idxal olunur. Tütündən tutmuş kleyə qədər hər şeyi xaricdən alırıq. Ona görə də dolların bu qədər bahalaşması fonunda siqaretin və o cümlədən digər idxal məhsullarının qiymətinin qalxması gözləniləndir. Siqaretin qiymətinin bu qədər bahalaşması fonunda istifadəçilərin sayının azalıb-azalmayacağına gəldikdə isə ekspert siqaret çəkməni azaltmaq üçün qiymət artımından bir çox ölkələrdə istifadə edildiyini deyib: "Hətta bəzi ölkələrdə siqaret və tütün məmulatlarına qarşı mübarizəni gücləndirmək və siqaret çəkənlərin və çəkilən siqaretlərin sayını azaltmaq üçün xammalın qiyməti də artırılır. Amma yenə də hər şey insanın öz iradəsindən asılıdır. Siqaret çörək qədər vacib bir qida deyil ki. Əslində sağlamlığının qeydinə qalan hər kəs siqareti tərgitməyə çalışmalıdır. Mən 14 ildir siqaretdən imtina etmişəm. Amma bu addımı qiymətlər bahalaşdığı üçün yox, canıma ziyan olduğu üçün atdım. Hesab edirəm ki, hər kəs öz nəfsinə hakim olmağı bacarmalı və siqaret kimi ziyanlı vərdişlərdən mümkün olduğu qədər uzaq durmalıdır. Siqaretin qiyməti qalxan kimi cəmiyyətdə narazılıqlar başlayır. Mənə elə gəlir ki, siqaretin qiymətinin artması cəmiyyətdə bir o qədər də narazılıq yaratmamalıdır. Hətta insanlar bu bahalaşmadan istifadə edib, siqareti az çəksələr, daha məqsədəuyğun olar. İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, ekspert Vüqar Bayramov da siqaretin qiymətinin artmasının manatın dollara nisbətən ucuzlaşması ilə bağlı olduğunu deyib: "Siqaret ölkəyə idxal olunan məhsullar sırasındadır. Hətta ölkə daxilində istehsal olunan siqaretin xammalı da idxal olunur. Bu da nəticə etibarı ilə qiymətlərin artmasına gətirib çıxarır”. V.Bayramov siqaretin qiymətindən sonra digər məhsulların da qiymətlərində bahalaşma olacağını istisna etmir: "Manatın dəyərsizləşməsi idxal olunan bütün məhsulların qiymətlərinə təsir göstərir. Azərbaycan istehsal etdiyi məhsulun təxminən 76 faizini xarici ölkələrdən idxal edir. Bu isə o deməkdir ki, manat dollara nisbətən ucuzlaşmaqda davam edərsə, idxal olunan məhsulların qiymətlərində artımlar olacaq. Bu, yerli məhsullara təsir göstərməməlidir. Hökumət çalışmalıdır ki, yerli məhsulların qiymətlərinin stabil saxlanması və kəskin artmaması ilə bağlı tədbirlər həyata keçirsin. Amma sözsüz, əksər yerli məhsulların xammalı xaricdən gəlir, yerli məhsullar istehsal edən sahibkar, fermer xaricdən idxal etdikləri malların qiyməti artdığı təqdirdə, xərci artdığına görə məcbur olur ki, istehsal etdiyi məhsulların qiymətini artırsın. Ona görə də idxaldan asılılıq çox təəssüf ki, milli valyutanın məzənnəsi ilə tarazlıqda kəskin bir əlaqə formalaşdırır. Nəticə etibarı ilə milli valyuta dəyər itirdikcə, ölkəyə gələn məhsulların qiymətlərində artımlar müşahidə olunur. Ona görə də istər siqaretin qiymətinin artmasından sonra və digər bu tip qiymət artımları düşünürəm ki, bir məsələni bir daha gündəmə gətirir. Azərbaycan idxaldan asılılığı aradan qaldırmalıdır. Azərbaycan çalışmalıdır ki, kompleks islahatlarla daha qısa zamanda idxaldan asılılığın aradan qaldırılmasını və bazara daha çox yerli məhsulların çıxarılmasını təmin edə bilsin. Bu gün istehlak bazarında məzənnədən asılılığın aradan qaldırılmasının yeganə yolu yerli istehsalın inkişaf etdirilməsi və idxaldan asılılığın aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Amma hələlik manat dəyər itirdiyi üçün bu idxal olunan məhsulların qiymətində mərhələli şəkildə artımlar müşahidə edilə bilər”.
Şəymən