Şişirdilmiş bürokratik aparat ləğv edilməlidir

Vəzifəyə gələnlər özlərinə yeni iş yeri açıb, qohum-əqrəbalarını orda yerləşdirirlərKomitə və nazirliklərin birləşdirilməsi həm də demokratik idarəetmənin tələbidir
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən sonuncu müşavirədə bir sıra vacib mesajlar verib. Prezidentin toxunduğu mühüm məsələlərdən biri struktur islahatlarının aparılması ilə bağlı olub. Struktur islahatları ilə bağlı müəyyən addımların atıldığını xatırladan Prezident İlham Əliyev bildirib ki, bu tədbirlər daimi olmalı, biri-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Məlumdur ki, dövlət başçısı Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, agentliyin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. Bundan başqa, Prezident tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında da sərəncam imzalanıb. Sərəncama əsasən, sözügedən nazirlik İqtisadiyyat Nazirliyi adlandırılıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Nazirlər Kabineti yanında Dövlət Bayraq Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Bütün bunlar struktur islahatlarına start verildiyinin göstəricisidir. Göründüyü kimi, mövcud şəraitə uyğun olmayan bir sıra birlik və idarələr birləşdirilir və yaxud da ləğv edilir. Ekspertlər də vurğulayırlar ki, Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumlarının sayının ən azı 2 dəfə azaldılması mümkündür. Bu, həm dövlət vəsaitlərinə qənaət, həm də çevik idarəetmə sistemi əldə etmək imkanı deməkdir. Əksər sektorlarda biri-birini təkrarlayan qurumlar, onların inzibati binası, xidməti avtomobilləri və lazımsız xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır. Həmçinin, təkliflərdən biri budur ki, "Azərenerji”, "Azərişıq”, "Azəristilik” və s. bu kimi eyni profilli qurumlar ayrı-ayrılıqda deyil, birləşdirilərək bir nazirliyin nəzdində fəaliyyət göstərsinlər. Məsələn, Energetika Nazirliyinin tərkibində. Eyni zamanda iqtisadçı-ekspertlərə görə, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu kimi strukturlar büdcəyə müxtəlif vergilərin toplanması ilə məşğul olurlar. Yaxşı olar ki, vergi və rüsumların yığımı ilə məşğul olan bu qurumlar birləşdirilsin və onların yerində bu funksiyaları yerinə yetirən çevik bir təşkilat yaradılsın.
Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki, islahat xarakterli təkliflər hazırlanaraq hökumətə təqdim ediblər:
"Burada söhbət təkcə qurumların birləşdirilməsindən getmir. Məsələn, vahid istintaq qurumunun yaradılması məsələsi qaldırılıb. Yəni hər orqanın özünün vahid istintaq orqanının olması düzgün deyil. Eyni zamanda, biri-birinin funksiyasını təkrar edən nazirliklərin birləşdirilməsi məsələsinə baxılmalıdır. Xüsusilə iqtisadi-maliyyə sektorunda olan nazirliklərin vahid mərkəzdə toplanması daha məqsədəuyğundur. Digər tərəfdən, funksional təkrarçılıqla məşğul olan xeyli qurum var, onların fəaliyyətinə də baxıla bilər. Başlanğıc üçün belə bir islahatın aparılmasını çox yüksək qiymətləndirirəm. Nazirliklər birləşdirildikdən sonra ən azı ştatların sayı azalacaq, lüzumsuz nəzarət və nəzarət mexanizmləri aradan qalxacaq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bildirib ki, demokratiya idarəetmə pillələrinin mümkün qədər az olmasını tələb edir: 
"Ortada konkret fəaliyyət yoxdur. Bu səbəbdən bir neçə nazirliyin birləşdirilməsi labüddür. Bu həm də dövlət vəsaitinə qənaət etmək baxımından çox sərfəlidir. Ayrı-ayrı dövlət orqanlarının eyni səlahiyyətləri paralel icra etməsi aradan qaldırılarsa, konkret olaraq bir işə bir nazirlik cavabdehlik daşıyar. Hazırda bir məsələnin həllindən ötrü bir neçə nazirlik cavabdehlik daşıyır. Burda məsuliyyətdən yayınma da baş verir. Vahid mərkəzdə birləşdirilərsə, işə məsuliyyət də artar. Bu baxımdan belə addımların atılmasını çox düzgün qiymətləndirirəm. Mən eyni zamanda ayrı-ayrı nazirliklərin nəzarətində olan mühafizə xidmətlərinin ləğv edilib Daxili İşlər Nazirliyinin balansına veriləcəyini də gözləyirəm. Çünki bunun özü dövlətçiliyimiz üçün təhlükəli meyldir. Axı, nəqliyyat, səhiyyə və digər nazirliklərin ayrıca mühafizə xidmətinin olması nəyə lazımdır? Hər kəsin öz mühafizəsini həyata keçirməsi silahlı qüvvələrin nəzarətsiz qalmasına gətirib çıxara bilər. Bundan başqa, mühafizə xidmətlərində hərə istəyinə uyğun ştatlar təşkil edir. Bu məsələdə Prezidentin yanındayıq və dəstəkləyirik. Hesab edirəm ki, şişirdilmiş bürokratik aparat ləğv edilməlidir”. S.Cəlaloğlu deyib ki, insanlar vəzifəyə gəldikdə süni şəkildə yerlər açıb öz qohum-qardaşlarını orda yerləşdirmək məqsədi güdürlər: "Məncə, inzibati ərazi bölgüsündə də islahatlar həyata keçirilməlidir. Artıq mahal sisteminə keçilməsinin vaxtı çatıb. 120-130 rayonun 6-7 mahala bölünməsi daha məqsədəuyğundur. Düzdür, idarəetmə islahatları iqtisadi böhranla bağlıdır. Amma ölkədə demokratik sistemin formalaşdırılması da bu islahatları tələb edir. Mütləq şəkildə Azərbaycanın indiki rayon inzibati bölgü sistemi dəyişdirilməlidir. 120 icra başçısı, hərəsinin öz aparatı, işçiləri və s. var. Hətta arasında 10 kilometr məsafə olan rayonların da ayrıca icra başçısı var. Bunlara ehtiyac yoxdur”.
İsmayıl