Rusiya, İran, Qərb də bu kartdan böyük maraqları üçün yararlanmağa çalışır
Siyasət atəş kimidir...
Bu gün Qarabağda açılan güllələr, təkcə Ermənistanın işinə yaramır
Rusiya, İran, Qərb də bu kartdan böyük maraqları üçün yararlanmağa çalışır
Rusiya, İran, Qərb də bu kartdan böyük maraqları üçün yararlanmağa çalışır
Son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhəddi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdləri müşahidə olunur. Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib. Erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib. Eyni zamanda Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnika sərrast atəşlə məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri isə əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 104 dəfə atəş zərbəsi endirib.
Son günlər cəbhə xəttində vəziyyətin daha da gərginləşməsi fonunda Dağlıq Qarabağ cəbhəsində müharibənin başlama ehtimalı yenidən gündəmə gəlib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cəbhə xəttindəki mövcud gərginliyi regionda baş verən geosiyasi proseslərlə əlaqələndirib: "Hazırda Ermənistan hökumətinə növbəti dəfə Dağlıq Qarabağ kartını istifadə etmək lazımdır. Dağlıq Qarabağ ətrafında müəyyən gərginliyin olmasını artıq inkar etmək olmaz. Bunu tək Azərbaycanda verilən məlumatlarda deyil, erməni mediası da təsdiq edir. Gərginliyin bir neçə səbəbi var. İlk səbəblərindən biri bölgədə olan geosiyasi səbəbdir. Bu gün bölgə uğrunda Rusiya ilə Qərb arasında, Rusiya ilə İran arasında, İranla Qərb arasında açıq mübarizə gedir. Bölgə üzrə regional güclərin toqquşması baş verir. Digər tərəfdən isə Ermənistanda keçirilmiş referendum və onun nəticəsində qəbul edilmiş hansısa dəyişikliklər ciddi etirazlara səbəb olub. İndi Ermənistan hökumətinə növbəti dəfə Dağlıq Qarabağ kartını istifadə etmək lazımdır. Dağlıq Qarabağ kartının universal kart olması məlumdur. Bu baxımdan, son gərginlik prosesi vaxtı iki amilin üst-üstə düşməsi baş verib”.
Politoloqun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşməsi bir tərəfdən Ermənistanın indiki hakimiyyətinin öz marağındadır: "Eyni zamanda cəbhədəki durum Rusiyanın da marağındadır ki, Azərbaycana təzyiq amili kimi istifadə edilsin. Son vaxtlar Azərbaycanın Türkiyə ilə yaxınlaşması, Azərbaycanın Qərbə meyillənməsi və Rusiyanın bununla bağlı narahatlığı anlaşılandır. Bu baxımdan Rusiyanın təzyiqi var və bu yenilik deyil”.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin ötən ildən başlayaraq kəskin hal aldığını vurğulayan hərbi-ekspert Azad İsazadə deyib ki, faktiki bir ildən çoxdur ki, cəbhədə mövcud olan bu vəziyyət səngimir: "Arada səngisə də, sonradan əvvəlki duruma gəlir. Ancaq əvvəlki illərlə müqayisədə son illər cəbhədə vəziyyət bir qədər qaynar keçib. Elə bir gün olmayıb ki, cəbhə zonasında vəziyyət sakitləşsin, silah açılmasın. Və bu vəziyyətə uyğun olaraq, Azərbaycanda hansısa tədbirləri görməli idi. Çünki son bir ildə vəziyyət müharibə, yoxsa sülh arasında qalıb. Yaddan çıxarmayaq ki, Ermənistan işğal edilən torpaqlarımızda periodik təlimlər keçirir. Eləcə də Rusiya ilə birlikdə öz ərazilərində hərbi təlimlər təşkil edib. Biz də yaxşı anlayırıq ki, hərbi təlimlər yalnız dərs deyil, həm də qonşu ölkələrə təzyiq, güc nümayişidir. Bu baxımdan Azərbaycan da cavab addımları atmalı idi və atır da.
Qısaca demək olar ki, 1994-cü ildən bu yana hər bir gün müharibə başlaya bilər. Düzdür, atəşkəs bağlanıb, lakin hər an döyüşlər başlaya bilər. Söhbət ondan gedir ki, bəzi məqamlarda bu döyüşlərin başlanması riski azalır və sıfıra bərabər olur. Bəzi məqamlarda isə riski çoxalırdı. İndi son illərdə ən yüksək riskli mərhələni yaşayırıq. Mən bu riski 60 faiz civarında qiymətləndirirəm”.
Cəbhədə genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etmə ehtimalına gəldikdə isə ekspert deyib ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün təkcə ordu bəs etmir: "Şübhəsiz ki, Azərbaycan Ordusu tapşırığı yerinə yetirməyə hazırdır. Ancaq burada söhbət hərbi əməliyyatlardan sonra siyasi məsələləri yoluna qoymaqdan gedə bilər. Daha doğrusu, söhbət Qərb və Rusiyadan gedir. Biz hərbi-siyasi, hərbi-diplomatiya baxımından hazırlıqlı olmalıyıq. Əks təqdirdə, ordumuz nə qədər zəfər çalsa da, hərbi-diplomatik təzyiq altına düşə bilərik. Odur ki, bu işlər paralel formada aparılmalıdır. Ordunun güclənməsi ilə yanaşı, Qərbdə və Moskvada diplomatik işlər aparılmalıdır ki, əməliyyatlara başlayanda xarici təzyiq altında qalmayaq. Yəni burada ordunun addımları bəllidir, ancaq diplomatiya da bu məsələdə son dərəcə əhəmiyyətlidir”.
Şəymən