Elçibəy sağ olsaydı, partiyalar arasında indiki kimi gərgin vəziyyət yaşanmazdı
Dünən Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günü idi. Xatırladaq ki, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.
1975-1976-cı illərdə siyasi fəaliyyətinə görə həbsdə olub. 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib. Bundan başqa heç kimə sirr deyil ki, Ə.Elçibəy ona görə görkəmli dövlət xadimi sayılır ki, o, bütün hallarda barışdırıcı mövqeyə malik idi. Çünki Ə.Elçibəyin dövründə ölkənin siyasi təşkilatları, xüsusən də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP ) arasındakı münasibətlər heç də indiki kimi gərgin müstəviyə keçməmişdi. Bütün bunları nəzərə alıb, "Elçibəy sağ olsaydı, Müsavat və AXCP arasındakı vəziyyət necə olardı” sualı ilə bəzi siyasi təşkilat təmsilçiləri arasında sorğu keçirdik. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söylədi ki, Ə.Elçibəy sağ qalsaydı, nə Azərbaycandakı durum, nə də siyasi partiyalar arasındakı münasibətlər bu cür olardı. Onun sözlərinə görə, Ə.Elçibəyin bütün liderlərə ağsaqqallıq etməyə mənəvi haqqı vardı: "Məsələn, biz başqa partiyadan idik. Ə.Elçibəyin tarixi rolunu nəzərə alıb, onun fikirlərinə həmişə hörmətlə yanaşırdıq. Müsavat və AXCP-də Elçibəyin hörmətini qəbul etmiş siyasi təşkilatlardır. Təbii ki, o sağ olsaydı, sözügedən təşkilatlar arasında gərgin vəziyyət yaranmazdı”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu da vurğuladı ki, adıçəkilən təşkilatlar arasındakı gərginlik xoş olmayan bir haldır: "Anlamaq olmur ki, onlar nəyi bölüşdürə bilmirlər. Niyə bu cür olmalıdır? Azərbaycan xalqı siyasi birlik modelini görmək istəyir. Bunu da görə bilməyəndə təşkilatlara biganəlik yaranır. Bu proseslərdə hamımızın məsuliyyəti var. Əlbəttə ki, Elçibəy sağ olsaydı, həmin qurumlar arasındakı vəziyyət bu həddə çatmazdı”.
Ayyət