Sərdar Cəlaloğlu: “Turistlərin 90 faizi yüngül həyat tərzi keçirən, zəhmətsiz gəlir əldə edən avara adamlardır”
Siyasilər ərəblərin Bakı axınına reaksiya verdilər
Araz Əlizadə: “Ərəblər öz pintilikləri ilə Azərbaycan vətəndaşlarının narazılığına səbəb olurlar. Özlərini apara bilmirlər”
Sərdar Cəlaloğlu: “Turistlərin 90 faizi yüngül həyat tərzi keçirən, zəhmətsiz gəlir əldə edən avara adamlardır”
Sərdar Cəlaloğlu: “Turistlərin 90 faizi yüngül həyat tərzi keçirən, zəhmətsiz gəlir əldə edən avara adamlardır”
Əli Əliyev: "Ərəb turistlərə qarşı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində mənfi reaksiyalar var”
Yaz girəndən etibarən on minlərlə ərəb və iranlı turist ölkəmizə axın edir. Bu iki kateqoriyadakı turistlərin Azərbaycana kütləvi səfərləri və bəzi "macəraları” sosial şəbəkələrin və medianın müzakirə mövzusuna çevrilib. Əlbəttə ki, istənilən halda ölkəyə turist axınının artması iqtisadi baxımdan yaxşı haldır. Çünki ərəb turistlər getdikləri hər yerdə, kafelərdə, çimərliklərdə, istirahət obyektlərində külli miqdarda pul xərcləyir və bütün lükslərdən yararlanırlar.
Amma onların davranışlarındakı xoşagəlməz nüanslar yerli sakinləri qıcıqlandırır. Ərəb turistlərlə bağlı əhalini ən çox narahat edən məqam onların hündürdən danışması, həddən artıq rahat davranmaları və müəyyən əxlaqsız hərəkətləridir. Zaman-zaman onlar barəsində yayılan, amma sonradan təsdiqini tapmayan bəzi xəbərlər də dolaşmaqdadır. Lakin "ərəb turist otel otağındakı çaydanda sosiska qaynatdı”, "otelin hovuzunda təbii ehtiyacını ödədi” və s. kimi xəbərlər təsdiqini tapmayan məlumatlardır. Prosesləri soyuq başla təhlil edən ekspertlər düşünürlər ki, əslində turistlərin ölkəyə gəlişi özü ilə ciddi investisiya axını gətirir. Bu səbəbdən restoran sahibindən tutmuş, taksi sürücüsünə qədər ərəb axınından məmnun görünür. Mütəxəssislər ərəb turistlərin ölkəmizə axınını Azərbaycanda Fars Körfəzi ölkələri vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsi, eyni zamanda Avropada və Türkiyədə baş verən terror hadisələri ilə əlaqələndirirlər. Həmçinin, Azərbaycanın gözəl iqlimə, təbiətə, mədəniyyətə və mətbəxə malik olması, insanların qonaqpərvərliyi əcnəbiləri ölkəmizə cəlb edən əsas amillər hesab olunur. Statistikaya görə, sadəcə yaz və yay aylarında Azərbaycana 50 mindən çox ərəb turist gəlib, dekabr ayına kimi onların sayının daha da artacağı gözlənilir.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, əgər hansısa ölkənin vətəndaşı xarici dövlətlərdən birinə turist kimi yollanırsa, həmin bölgəyə və yerli əhaliyə hörmət etməlidir: "Turistləri gətirən şirkətləri onları başa salmalıdır ki, səfər etdikləri ölkələrdə yerli adət-ənənələrə, dəyərlərə, davranış qaydalarına riayət etsinlər. Məsələn, Araz Əlizadə Fransaya gedəndə fransız qanunları ilə, ərəb dövlətlərinə gedəndə isə onların qaydaları ilə hərəkət edir. Tutaq ki, Dubaya, yəni Birləşmiş Ərəb Əmirliyinə səfər edirəm. Bilirəm ki, həmin ölkədə ictimai yerlərdə spirtli içki qəbul etmək, yanında qadın varsa, onun qoluna girmək olmaz. Qəbul etməsən də bunlara riayət etməlisən. Fransaya gedəndə isə özümü daha azad və rahat hiss edirəm. Ərəblər də ölkəmizə gələndə yerli insanların davranış tərzini bilməli, izləməli və ona uyğun davranmalıdırlar. Gəlirlər, xoş gəlirlər, ona sözümüz yoxdur. Çünki turist səfərləri ölkəyə əlavə pul gətirir. Amma ərəblər öz pintilikləri ilə Azərbaycan vətəndaşlarının narazılığına səbəb olurlar. Özlərini apara bilmirlər. Üzr istəyirəm, bəziləri elə bil ipdən qırılıb gəlirlər. Turizmlə məşğul olan qurumlar bu məsələyə xüsusi önəm verməlidir”.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, turizm sahəsində ölkələrin yerli adət-ənənələri, dəyərləri nəzərə alınmır: "Elə bu səbəbdən bir çox ölkələr, məsələn, Tayland turist səfərlərinə məhdudiyyət qoyub. Bir çox turizm şirkətləri yüngül həyat tərzi təşkil edərək turistləri cəlb edirlər. Əksər turistlər də sırf bu məqsədlə səfərə çıxırlar. Ona görə də turizm sektorunda milli dəyərlər, əxlaq və s. prinsiplər rol oynamır. Turistlərin 90 faizi yüngül həyat tərzi keçirən, zəhmətsiz gəlir əldə edən avara adamlardır. Onlar üçün ədəb-ərkan ikinci dərəcəli məsələdir”.
Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev düşünür ki, Azərbaycan toplumu başqa mədəniyyətlərin təmsilçiləri ilə tez-tez rastlaşmır. Ona görə də son aylar müşahidə olunan "ərəb axınına” qarşı ictimaiyyətdə fərqli reaksiyalar yaranıb: "Azərbaycan turizm sektorunu inkişaf etdirməlidir və bu istiqamətdə ərəb dövlətlərinə məhdudiyyət qoyulmamalıdır. Ancaq nəzərə almaq lazımdır ki, ərəblər bədəvi mədəniyyətin daşıyıcılarıdır. Onların davranışında bizə xas olmayan xeyli təzahürlər var. Ərəblərin bir sıra davranışları bizim üçün mədəniyyətsizlik sayılsa da, özləri üçün normal hesab olunur”. Ə.Əliyevin sözlərinə görə, gələcəkdə belə problemlərin olmaması üçün cəmiyyəti məlumatlandırmaq lazımdır: "Çalışmaq lazımdır ki, turistlərin yerli insanların məişət həyatına müdaxiləsi maksimum məhdudlaşdırılsın. Onu da vurğulayım ki, ərəb turistlərə qarşı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində mənfi reaksiyalar var. Ərəblər hər yerdə özlərini çox çılğın aparırlar və yerli adətlərə uymurlar. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Ancaq turistlərə hücum etmək, onların səfərinin qarşısını almaq yanlış düşüncədir”.
İsmayıl