Soğanın bahalaşması: Bunu süni qiymət artımı adlandırmaq doğru deyil

Son zamanlar Azərbaycanda soğanın qiymətində bahalaşma hiss olunur. Bir çox bazarlarda yerindən asılı olaraq soğan 1-1.50 manat və ya 1.70 – 2 manat civarında dəyişir. Qeyd edək ki, ötən il ölkədə 230 min ton soğan istehsal olunub. Ölkənin illik soğan tələbatı isə 160 min tondur və ötən il ölkədən təqribən 40 min ton soğan ixrac olunub.
Daxili bazarda ölkə əhalisinin ehtiyacından təqribən 30 min artıq soğan olduğu halda qiymət artımı hardan və necə yaranır? 
Xatırladaq ki, son bir neçə aydır ki, Türkiyədə "soğan böhranı” yaşanmaqdadır. Qonşu ölkədə soğanın qiyməti kəskin şəkildə qalxıb və hökumət soğanın qiymətinə müdaxilə etmək zorunda qalıb.
Mütəxəssislər deyir ki, soğan xaricə göndərildiyi üçün bahalaşıb, amma bu, müvəqqətidir. Rəsmilər bəyan ediblər ki, soğan ehtiyatı "kifayət qədərdir" və qiymət artımı "sünidir". Topdansatış mərkəzləri isə məhsulun qıt olmasını xaricə soğan icracı ilə əlaqələndirir.
Bəs, soğanın qiymətinin bahalaşmasının əsas səbəbi nədir? Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda istehlak məhsullarına, gündəlik tələbat mallarına, ərzaq məhsulları kimi vacib məhsullara təsir edən iqtisadi proseslərdə məmur sahibkarlığının rolunu qeyd etmək lazımdır:
"Bölgələrdə kənd təsərrüfatı məhsullarının, yerli məhsulun bahalaşmasının səbəbi isə vətəndaşlarımızın öz pay toprpaqlarından istifadə etməməsi və mütəmadi olaraq kənd təsərrüfatı sahələrindən təyinatı üzrə istifadə edilməməsidir. Bunun da iqtisadi səbəbləri var. Çünki vaxtilə bölgələrdə kommunal xidmətlər əlçatan olmadığından, həm də işsizlik olduğuna görə əhalinin bir qismi Bakıya, böyük şəhərlərə iqtisadi miqrasiya ediblər. Bu səbəbdən bölgələrdə əhali öz torpaqlarından istifadə etmir, əkin-biçinlə məşğul olmurlar. Yerlərdə fermerlərə normal təsərrüfatlar yaradılması üçün kəndliyə ucuz resursların verilməsi proseduru yoxdur. Kəndlərdə yaşayan insanlardan girov tələb edirlər".
İqtisadçı onu da qeyd edib ki, qonşu Türkiyəyə soğan ixracı ilə bağlı ticarətçilər məşğul olurlar və bu, qiymət artımına səbəb olur: 
"Bizdə nə qədər məhdud bazar olsa da, ixrac tələbi artıb və bu mənada da qiyməti artırmaq yolu tutulub. Bazar tələb-təklif üzərində qurulmalıdır. Ancaq bunu süni qiymət artımı adlandırmaq kökündən yanlışdır. Süni qiymətin artırılması anlayışı ümumiyyətlə bazar iqtisadiyyatına ziddir. Bunu doğru hesab etmirəm. Çünki bu, təkcə süni qiymət artımı ilə bağlı olan məsələ deyil. Kompleks problemlər var. Bunu da həll etmək üçün rəqabətli mühit yaradılmalıdır".
İlahə