Söküntü...



Bayıl sakinləri kompensasiyadan narazıdır

Paytaxtda söküntü yenə narazılıqla müşayiət olundu. Bu dəfə söküntü işlərinin aparıldığı Bayıl massivi, Arif İsmayılov küçəsinin sakinləri ödənilən kompensasiyanın məbləğindən narazı qalıblar. Bundan əlavə, sakinlər, söküntü işləri ilə bağlı onlara heç bir rəsmi qərar, sənəd təqdim edilmədiyini də bildirirlər. Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qurban İsmayılovun sözlərinə görə, ərazi dövlət ehtiyacları üçün alınıb və sakinlərə də qanunamüvafiq qaydada kompensasiya ödənilir.

Sakinlərsə, evlərə fərqli qiymət qoyulduğunu, bəzi evlərin kv.metrinin 100-1500 manatdan, bəzilərininsə çox aşağı məbləğlə - 800 manat hesablandığını deyirlər. Sakinlər bildirir ki, bu pula heç yerdə nə ev, torpaq sahəsi ala, nə də ev tikə bilərlər. Qısası, icra nümayəndəsi hər şeyin qanuni olduğunu, sakinlərsə əksini iddia edir.

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qeyd etdi ki, məhkəmə qərarı olmadan söküntü aparıla bilməz. İstənilən halda sakinlərə müvafiq icra orqanının və ya məhkəmənin qərarı təqdim olunmalıdır:

- Bizdə söküntü işlərinin bəzən bu şəkildə narazılıqla müşayiət olunmasının bir səbəbi də müvafiq icra orqanı və ya məhkəmə instansiyasının qərarının sakinlərə təqdim olunmamasıdır. Qanuna görə söküntü işləri aparılacaqsa, bu barədə sakinlər əvvəlcədən xəbərdar edilməli, onlara köçmə prosesini rahat həyata keçirmək üçün vaxt verilməli, mənzillərin dəyəri qanunamüvafiq şəkildə dəyərləndirilməli, söküntü başlamamış kompensasiya vətəndaşa ödənilməlidir ki, vətəndaş təhlükəsiz şəraitdə, maddi ziyan görmədən köçə bilsin. Bütün hallarda söküntü və köçürülmə ilə bağlı aidiyyəti inzibati orqanın qəbul etdiyi akt olmalıdır və bu akt sakinlərə də təqdim edilməlidir. Bu, Bakı şəhər İcra Hakimiyyətinin, yaxud rayon icra hakimiyyətlərinin, rayon məhkəməsinin qərarı da ola bilər. Vətəndaş məlumatlandırılmalıdır və bilməlidir ki, onun evinin qiyməti necə hesablanır, məbləğ niyə çoxdur və ya azdır. Söküntü hansı məqsədlə aparılır. Belə bir rəsmi sənədin vətəndaşlara təqdim edilməməsi, məlumatların verilməməsi əlavə spekulyasiyalara yol açır, maraqlı şəxslər situasiyadan yararlanmağa çalışır. Şəffaflıq ona görə lazımdır ki, vətəndaş məlumatlı və xəbərdar olsun. Amma təəssüf ki, biz bəzən əksini müşahidə edirik və bu da arzuolunmaz narazılıqlara gətirib çıxarır. Bəlkə də həmin evlərin dövlət ehtiyacları üçün alınması və söküntü işləri ilə bağlı müvafiq məhkəmə qərarı mövcuddur. Çünki bundan əvvəl bizə də bəzi müraciətlər olmuşdu və araşdırmalar zamanı məhkəmə qərarlarının olduğu müəyyənləşmişdi. Amma bu barədə vətəndaşın məlumatı olmadığından o, təbii şəkildə, söküntünün qeyri-qanuni aparıldığını və ona əslində ödənməli olan kompensasiyadan az məbləğ ödəndiyini zənn edir. Narazılıq da belə yaranır.

Ə.Nuriyev qeyd etdi ki, kompensasiyanın məbləği evin sənədli və ya sənədsiz olmasından da asılıdır:

- Məbləğ hesablanarkən evin qanuni və ya qeyri-qanuni olması əhəmiyyət daşıyır. Sənədli, özəlləşdirilmiş evlərin qiyməti yüksək olur, amma sadəcə, qeydiyyatı, çıxarış sənədi olan evlərə

isə məbləğ bir qədər aşağı hesablanır. Özəlləşdirilmiş evlərin kv.metri 1500 manatdan hesablanır. Bildiyim qədər, kompensasiya məbləği vətəndaşa nəğd ödənmir, bank hesabına köçürülür. Məbləğlə bağlı mühabisə yaranırsa, vətəndaş məhkəməyə müraciət etmək hüququna malikdir. Bayıl massivində bəzi ərazilər Dövlət Neft Şirkətinə məxsusdur. Elə evlər var ki, neft buruqlarının əhatəsində, təhlükəli yerlərdə tikilib. İndi orada kommunikasiya xətləri çəkilir, abadlaşma işlərinin aparılması gözlənilir. Əgər həmin ərazilər dövlət ehtiyacları üçün alınırsa, bu barədə müvafiq icra orqanının qərarı olmalıdır. Dövlət istəməz ki, vətəndaş ondan narazı qalsın. Ancaq bəzi məmurlar buna imkan yaradır.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova paytaxtdakı bəzi ərazilərdə söküntü işlərinin labüdlüyünü, lakin əhalinin də razı salınmalı olduğunu vurğuladı:

- Mən dəfələrlə fikrimi bildirmişəm ki, Bakıda elə yerlər var ki, orada abadlıq işlərinin aparılması, köhnə məhəllələrin, evlərin sökülməsi labüddür. Amma bu, şəhərin tarixi memarlıq üslubuna, ümumi görünüşünə xələl gətirən tikililərə aiddir. Söküntü işləri aparılır, ancaq görürük ki, sökülən evlərin yerində hündürmərtəbəli binalar tikilir. Bina tikiləcəksə, gərək ərazinin relyefinə uyğun olsun, ərazinin terras forması pozulmasın. Ümumilikdə Bakının quruluşu amfiteatr formasındadır. Amma bəzən plansız aparılan tikililər Bakının əzəli quruluşunu dəyişir. Şəhərin amfiteatr forması demək olar ki, yoxa çıxıb. Halbuki Bakı məhz bu relyef quruluşuna görə digər şəhərlərdən seçilirdi və gözəl idi. Kompensasiya məsələsində də vətəndaşlar narazı qalırlar. Hamı bilir ki, Bakının mərkəzi hissələrində torpağın qiyməti necə bahadır. Sahibkar torpağı alırsa, təbii olaraq gəlir əldə etmək istəyir və buna görə də ərazidə hündürmərtəbəli bina tikib mənzilləri baha qiymətə satır, binanın alt mərtəbələrini də baha qiymətə icarəyə verir. Belə olduğu halda oradan köçürüləcək camaat da razı salınmalıdır. Şəhərin mərkəzində mənzillərin kvadratmetri 6000-7000 manatdır. Ancaq şəhərdən kənarda 1500-2000 manata mənzil almaq olar. O da, əgər mənzilin ölçüsü böyükdürsə. Kiçik mənzillərə görə ödəniləcək məbləğ heç şəhərin kənarında da ev almağa yetmir. Bayıl ərazisində də əsasən kiçik ölçülü evlərdir. Vaxtilə vətəndaşlar orada ev tikib, yaşayırlar. İndi o ərazilər dövlət ehtiyacları üçün alınırsa, vətəndaşlar da razı salınmalıdır. Qanunsuz tikilinin bədəlini təkcə vətəndaş ödəməməlidir. Çünki o evlərin tikintisinə vaxtilə icra hakimiyyəti nümayəndələri, sahə müvəkkilləri göz yumublar. Amma ağrı, acını ancaq sadə vətəndaş çəkir. Mənzil bazarında evlərin qiyməti bəllidir. Sakinlərə kompensasiya elə həddə ödənməlidir ki, onlar özlərinə ev ala bilsin. Mən həmişə demişəm ki, urbanizasiya labüddür. Təkcə Bakıda yox, bölgələrdə də. O evlər ki, yararsız haldadır, onlar sökülməlidir, əhalisi də köçürülməlidir. Parklar, yaşıllıqlar salınmalıdır. Xüsusilə də Bayıl aktiv sürüşmə zonası olduğundan orada yaşıllıqların çox olmasına çalışmalıyıq.

Məsələ ilə bağlı dünən Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. RİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov "Şərq”ə açıqlamasında bildirdi ki, həmin ərazi dövlət ehtiyacları üçün alınır:

- Sözügedən ərazi Su İdmanı Sarayına yaxındır və orada abadlıq işləri aparılacaq. Narazılıq edənlər 10 evin sakinləridir. Həmin evlər də qanunsuz tikililərdir. Kimin narazılığı varsa, evlərinin sənədlərini qoysunlar ortaya. Məndə olan məlumata görə, onların mülkiyyət sənədi yoxdur. Bu halda mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Buna baxmayaraq onlara da dövlət tərəfindən kompensasiya ödənir. Mülkiyyət sənədi olanların evlərinin kvadratmetri 1500 manatdan hesablanır. Sənədi olmayan tikililər də müvafiq əmsalla qiymətləndirilir.

Söküntü işlərinin aparılmasına dair məhkəmə qərarının olub-olmamasına gəlincə, İ.Kərimov suala cavab verə bilməyəcəyini, bununla bağlı icra nümayəndəsi Qurban İsmayılovla əlaqə saxlamağımızı məsləhət gördü. Təəssüf ki, Q.İsmayılovun iş telefonu zənglərə cavab vermədi.

Məlahət Rzayeva