"Söküntünün yaratdığı tozlanma Bakının ekologiyasına mənfi təsir edir"






"Bakının ekologiyası onsuz da təmiz deyil, köhnə tikililərin sökülməsi isə əlavə problem yaradır”.

Bunu "Sherg.az”a "Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov söyləyib.

 O vurğulayıb ki, tikinti işləri nəticəsində yayılan toz şəhərin ekologiyasına mənfi təsir edir:

"Hazırda sökülməkdə olan "Sovetski” ərazisinə yaxın yaşayıram. Söküntü işləri nəticəsində yaranan tozlanmanı müşahidə edirəm. Həmin ətrafda yaşayan insanlar da bu çirkli havadan əziyyət çəkir. Ona görə, binalar sökülməzdən əvvəl tozun qarşısını almaq üçün tədbirlər görülməlidir.

Binalar partlayışla dağıdıldıqda toz problemi yaranmır. Amma hissə-hissə sökülən binalarda bu problem baş qaldırır və önləmək üçün sudan istifadə etmək mümkündür. Məsələn, yanğın söndürən maşınlardan istifadə edə bilərlər”.

S.Məmmədov paytaxtın çirklənməsinə səbəb olan başqa problemi də açıqlayıb:

"Bakıda zibillər daşınarkən həmin maşınların üzəri örtülmür. Paytaxtda külək normadan artıq olduğuna görə, həmin tullantılar ətrafa dağılır. Bu problemin də qarşısını almaq üçün tədbir görmək lazımdır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımov və Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora ağacının zədələndiyi müəyyən edilib.

Aysel Aslan