Son 30 ildə Azərbaycan mediasında gender bərabərliyi problemi yaşanmır
Hətta bu sahədə qadınlar əks cinsə nisbətən daha aktiv olublar
(əvvəli ötən sayımızda)
Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlim keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes, AŞ-nin ekspertləri - Bissera Zankova və Gülbin Ayşə, "Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli və başqa media nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədini diqqətə çatdırıb. Komitə sədrinin müavini ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmlənib: "Ulu öndər KİV-lərin inkişafına böyük diqqət və qayğı göstərirdi. Onun bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu seminarların keçirilməsində məqsəd gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır”.
Sədr Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusən də media nümayəndələrinin və bu istiqamətdə fəaliyyətə başlamaq arzusunda olan gənc jurnalist tələbələrin bu mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini qeyd edib: "Bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işıqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.
Sədr müavininin sözlərinə görə, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar: "Eyni zamanda jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da təlimlərin əhəmiyyətindən danışıb. Deputat deyib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur: "Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə yanaşdığını göstərir:
"Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərləri, beynəlxalq standartları tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət daşıyır. Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes isə deyib ki, 2018-ci il mayın 1-dən icrasına başlanılmış gender bərabərliyi və media azadlığı layihəsi təşkilata üzv dövlətdə ilk dəfə həyata keçirilən layihədir: "Biz bunu nümunə ola biləcək pilot layihə adlandırsaq, yanılmarıq. Əgər layihə uğurlu olsa, Avropa Şurasının digər üzv dövlətləri üçün də model kimi istifadə oluna bilər. Söz azadlığı və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib”. Media eksperti Ələsgər Məmmədli Azərbaycan Konstitusiyası ilə qadınların kişilərlə bərabərliyinin qorunduğuna diqqət çəkib: "Konstitusiyanın 25, 34-cü maddələrindən sitat gətirən ekspert bildirib ki, hüquq bərabərliyi həm də cinslərarası bərabərlik deməkdir.
Məlumat üçün deyək ki, üçgünlük təlimlər media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev "Şərq”ə deyib ki, müasir Azərbaycan mətbuatı xəbər istehsalında və digər məsələlərdə gender balansını qorumağa çalışır. Onun sözlərinə görə, ümumiyyətlə, həyatımızın bütün sahələrində çalışan fərdlərə, fərqi yoxdur, bu, kişi də ola bilər, qadın da, münasibət birmənalıdır:
"Azərbaycanda bir çox sahələr var ki, orada qadınların təmsil olunma səviyyəsi daha çoxdur. Təhsil, səhiyyə və son vaxtlar medianı da bura əlavə edə bilərik. Son illər biz davamlı olaraq bu və ya digər kateqoriyadan olan insanlara cinsinə görə deyil, iş qabiliyyətinə və potensialına görə müraciət edirik. Xüsusən də fəaliyyətində daha çox nailiyyətlər əldə edən tələbə xanımlar, sahibkar qadınlar, həkimlər, müəllimlər, millət vəkilləri hər zaman medianın diqqət mərkəzindədir. Son günlər qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbə qızların həm internet, həm də yazılı mediada daha çox təbliğ olunmaları buna bariz nümunədir. Əslində bu nümunə gender bərabərliyinin stimullaşdırılmasına deyil, qızların təhsilə maraqlarının artırılmasına hesablanmışdı. Azərbaycan mediasında "bu qadındır, olmaz” deyə, bir yanaşma yoxdur, yalnız müsahib var. Düşünürəm ki, gender balansının stimullaşdırılması məqsədilə bu ənənə davam etdirilməlidir”.
Tanınmış jurnalist Səbinə Əvəzqızı da "Şərq”ə bildirib ki, son 25-30 ildə Azərbaycan mediasında gender bərabərliyi problemi olmayıb. Hətta qadınlar əks cinsə nisbətən daha aktiv olublar:
"Bu gün mediamızda kifayət qədər məşhur qadın imzaları var. Bizim sahədə bu istiqamətdə problem axtarmağa dəyməz. Çox gözəl olardı ki, Milli Məclisdə, nazirlər arasında da xeyli xanımlarımız olsun. Hesab edirəm ki, Azərbaycan qadını daha böyük vəzifələrin öhdəsindən gələ bilər. Hazırda yəqin ki, qadınları yalnız zəka problemi olanlar gücsüz hesab edə bilər. Qadın zərifdir, amma zəif deyil. "Mətbuatda qadın haqlarının qorunmasına nə dərəcədə riayət edilir” sualına birmənalı olaraq belə cavab verərdim.
Cəmiyyətdə necə müdafiə edilirsə, elə o formada. Yəni ətrafımızda qadın haqlarına hörmətlə yanaşanları və eyni zamanda xanımlara qarşı hər cür əclaflığı edənləri müşahidə edirik. Mediamızda da vəziyyət eynidir. Bir də baxırsan ki, "qaş düzəltdiyi yerdə göz çıxaran” həmkarlarımız var. Şiddətə məruz qalmış qadının gözü, üzü açıq təqdim edirlər. İnanın ki, bu şiddətin zərbəsi əvvəlkindən daha böyükdür. Bundan başqa, ailədaxili problemləri şişirtmək olmaz. Bura xəyanət, gizli və ya aşkar çəkilişlər, qadının başqaları tərəfindən necə təhqir olunmasının nümayişi və sair aiddir. Əgər nəticədə cinayət tərkibli bir hadisə baş veribsə, bu barədə soyuq bir xəbər vermək olar. Təbii, anlayıram ki, jurnalistlər daha çox oxucu cəlb etmək üçün işin ən dərinliyinə gedir, çox həssas detalları açıqca cəmiyyətə təqdim etməyə çalışırlar.
Hətta bununla da kifayətlənməyib şiddətə məruz qalan qadının keçmişini və anadan olandan bəri həyatındakı bütün çatışmazlığı İP xətrinə açıb səpələyirlər. Kim dünyaya mələk kimi gəlib ki? Qərəzli niyyət olduqdan sonra, istənilən birinin qüsurunu tapmaq çətin deyil. Məncə, bu artıq jurnalistika deyil. Şəxsən mənə kiminsə arvadının və ya kişisinin ona necə xəyanət etməsi maraqlı deyil. Özünə hörmət edən insanların hamısı buna ikrahla baxır. Bununla yanaşı, izləyəndə görürük ki, özünü xeyli hörmətlə aparan mətbu orqanlarımız da var. Bir sözlə, hərə öz auditoriyasını müəyyən edib. Hansı mətbu orqan kimə müraciət etmək istəyirsə, ona da oxşamağı bacarmalıdır. Və get-gedə oxşayır da”.
S.Əvəzqızının sözlərinə görə, qadın haqlarını qoruyan xeyli mətbu orqanlarımız var ki, onlar bu istiqamətdə kifayət qədər maarifləndirmə işləri belə aparır:
"Qadın hüquqlarını müdafiə edən QHT-lərlə əməkdaşlıq edirlər. Sizi inandırım ki, özünə hörmət edən mətbu orqanların oxucuları da daha etibarlıdır, daimidir. Əksinə, "dedi-qodu"nu sevən oxucular ən birinci həmin KİV-ə xəyanət edəcək”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə bəyan edib ki, gender bərabərliyi məsələsində Kütləvi informasiya vasitələrinə böyük məsuliyyət düşür:
"KİV bu məsələyə həm müsbət, həm də mənfi təsir edə bilər. Mediamız gender bərabərliyi ilə bağlı ictimai fikrin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Mətbuatımızda bu məsələ kifayət qədər işıqlandırılır, jurnalistlərimiz bu işin öhdəsindən layiqincə gəlir. Amma mediamızda bu məsələnin daha geniş təbliğinə, daha da çox işqılandırılmasına ehtiyac var. Gender balansının mahiyyətinin tam açılmasına, bu sahədə dünyada mövcud olan qabaqcıl təcrübənin jurnalistlərimiz tərəfindən öyrənilib yayılmasına ehtiyac var”.
Baş redaktor bildirib ki, əgər hər hansı sahədə gender bərabərliyi məsələsində problem varsa, jurnalistlər onu araşdırıb, ictimaiyyətə təqdim etməlidir:
"Bu cür problemlərin çözülməsi üçün çıxış yollarını təklif etməlidir. Azərbaycan müsəlman Şərqində qadının seçki hüququnu tanıyan ilk ölkədir. Düşünürəm ki, bizim ölkədə gender bərabərliyi ilə bağlı problem olmamalıdır. Gördüyüm mənzərə də bunu deyir. Qadınlarımız hər bir sahədə aktiv fəaliyyətdədirlər, bəzi qurumlarda, istər dövlət, istər özəl, rəhbərliklərdə təmsil olunurlar. Bu məsələyə həm də mentalitet baxımından yanaşsaq, görmək olar ki, cəmiyyətimizdə zəif cinsin nümayəndələrinə böyük hörmət var. Unutmayaq ki, gender bərabərliyi ilə birlikdə insan haqları, cəmiyyət, dövlət inkişaf edir”.
(Davamı var)
İsmayıl