Son seçki Türkiyə siyasi məkanında yeni səhifə açdı

Qalib AKP planlarını həyata keçirməyə başlayıb
Türkiyədə son parlament seçkilərindən qələbə ilə ayrılan hakim Ədalət və İnkişaf Partiyası (AKP) Nazirlər Kabinetində dəyişiklik etməyə hazırlaşır. Məlumata görə, AKP qurulacaq yeni nazirlər kabineti ilə birlikdə strukturda da yenilik edəcək. Xəbərə əsasən, Mədəniyyət və Turizm Nazirliyi parçalanaraq, Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi kimi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi parçalanaraq Ətraf Mühit Nazirliyi və Şəhərsalma Nazirliyi olaraq iki müxtəlif nazirlik adı altında yenidən dizayn olunacaq. Bundan başqa, digər nazirliklərin də daxilində bir sıra struktur dəyişikliyi aparılacağı gözlənilir. Struktur dəyişikliklərindən sonra nazirliklərin sayının 25-dən 30-a çatacağı gözlənilir.
"Xalq bunu gözləyir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyasının hazırlanmasının seçilmiş parlamentin əsas vəzifələrindən biri olduğunu deyib. Ankarada yerli özünü idarəetmə orqanlarının başçıları ilə görüş zamanı Ərdoğan bildirib ki, yeni Konstitusiya ilə bağlı məsələni bir an öncə həll etmək lazımdır: "Xalq bunu gözləyir. Noyabrın 1-də ölkədə keçirilən parlament seçkiləri yeni Konstitusiyanın qəbul edilməsi üçün fürsətdir. Ümid edirəm ki, deputatlar yeni konstitusiyaya öz töhfələrini verəcəklər”. Prezidentin tapşırığından sonra AKP-nin yeni qanunnamə ilə bağlı digər partiyaların qapısını döyəcəyi deyilir. Hakim partiyanın təklif paketi də hazırdır. İddiaya görə, AKP-nin əsas tərəf-müqabili CHP olacaq. Çünki digər partiyalar yeni Konstitusiya məsələsinin müzakirələrinə həvəs göstərmirlər.
CHP-də növbədənkənar qurultay çağırışı...
1 noyabr seçkisindən sonra CHP daxilində növbədənkənar qurultay tələbləri səslənməyə başlayıb. Partiyanın müxalif üzvləri məğlubiyyətin əsas səbəbkarı kimi sədr Kamal Kılıçdaroğlunu görür və yanvar ayından əvvəl CHP rəhbərliyindən erkən qurultay çağırmağı tələb edir. Xatırladaq ki, qurultay tələbinin reallaşması üçün partiyanın səlahiyyətli nümayəndələri sayılan 1218 nəfərdən 244-nün imza verməsi labüddür. Ancaq hələlik imza toplama işinə başlanılmayıb. Sadəcə məlum olan odur ki, artıq keçmiş CHP-li vəkil Umut Oran sədrliyə namizədliyini açıqlayıb. İzmirin deputatı Mustafa Balbay isə açıqlamasında namizəd ola biləcəyini ifadə edib. TBB başqanı Metin Feyzioğlu və Yalovanın millət vəkili Məhərrəm İncənin isə CHP-çilərin nəbzini yoxladıqları deyilir.
MHP-dən istefalar başlayıb...
MHP-nin Kayseri-Pinarbaşı bölgə təşkilatından 2 rəhbər şəxs - Hamit Çevik və Mustafa Koçer seçki nəticələrinə etiraz olaraq, partiyadan istefa veriblər. Hamit Çevik deyib ki, Alparslan Türkeşin yolundan və millətçi hərəkatdan uzaqlaşan MHP-nin indiki rəhbərliyi ilə yola davam etmək mümkün deyil. Biz 80 millət vəkilini 40-a salıb, heç nə olmamış kimi qərargahda oturan Dövlət Baxçalının izlədiyi siyasətə qəti etiraz edirik. Kayseridən sonra Antalya təşkilatından Mehmet Ali Öztürk də partiya sıralarını tərk edib. Öztürk həm Antalya bələdiyyəsinin Məclis üzvlüyündən, həm də MHP-dən istefa verdiyini açıqlayıb: "Bir zamanlar Antalyanın Aksu qəsəbəsi "Bozqurdlar Obası” adlanırdı. Ancaq indi MHP burda 3-cü partiyadır. Bunun səbəbkarı Dövlət Baxçalıdır”.
"Başqanlıq sisteminə sonuna qədər qarşıyıq”
HDP sözçüsü və Qars millət vəkili Ayhan Bilgen mətbuata açıqlamasında deyib ki, onlar parlament sistemini müdafiə edirlər: "Əvvəlki mövqeyimizdə qalırıq və başqanlığa qarşı olduğumuzu deyirik. HDP konstitusiya müzakirələrində mövqe dəyişikliyi etməyəcək. Hər məsələni müzakirəyə hazırıq, amma başqanlıq məsələsində fikrimiz qətidir. Axıra qədər buna qarşı çıxacağıq. Türkiyənin başqanlıq sisteminə ehtiyacı yoxdur. Çünki bu sistem diktatura rejiminə xidmət edir. Türkiyə parlamentli respublika olaraq qalmalıdır”.
PKK seçkidən əvvəl elan etdiyi atəşkəs rejimini pozdu
Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalında PKK terrorçularına qarşı aparılan əməliyyatda bir polis şəhid olub. Terrorçular tərəfindən vurulan Necmi Çakar xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, küçəyə çıxma qadağasının davam etdiyi Silvan mahalında dünəndən başlayaraq, PKK-ya qarşı əməliyyatlar keçirilir. PKK isə seçkidən əvvəl elan etdiyi "atəşkəs” qərarını ləğv edib. Bu barədə təşkilatın siyasi qanadı KCK İcra Şurasından bildirilib. Qərar barədə məlumat PKK-nın telekanalı "Med Nuçe TV”dən verilib.
"Terrorçulara qarşı əməliyyatlar davam edəcək”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu PKK-ya qarşı hərbi əməliyyatların qışda da davam edəcəyini söyləyib. Hərbi əməliyyatların davam etdirilməsi üçün ordu rəhbərliyinə tapşırıqlar verən Baş nazir silahlı qüvvələri terrora qarşı mübarizədə qeyri-adi cəsarətlərinə görə təbrik edib. PKK-nın ABŞ və Avropa İttifaqı tərəfindən də terror təşkilatı kimi tanındığını vurğulayan Davudoğlu terrorçulara qarşı əməliyyatların uzun müddət davam edəcəyini bəyan edib.
PKK silah gücünə HDP-yə səs yığırmış...
PKK liderindən olan Cəmil Bayık Türkiyədə keçirilən 1 noyabr parlament seçkiləri haqda sensasion etiraflarla çıxış edib. Bayık açıqlaması zamanı deyib ki, PKK olmasaydı, HDP seçkilərdə 5 faiz belə səs toplaya bilməzdi: "7 iyun seçkilərində də, 1 noyabr seçkilərində də PKK təşkilatı HDP-nin qələbə çalması üçün imkan və şərait hazırlayıb”. Xatırladaq ki, Türkiyə mediasında PKK-nın qapı-qapı gəzərək kürdləri HDP-yə səs verməyə məcbur etdiyi haqda xəbərlər yayılıb.
İsmayıl