"Sosial mənzillərin qiyməti bazar qiymətlərindən aşağıdır"





"Sosial mənzillərin şərtləri ilə bağlı problemlər o qədər də ciddi deyil”.

Bunu "Sherg.az”a vətəndaşların sosial mənzillərinin şərtlərinin ağırlığı barədə narahatlığına münasibət bildirərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. 

O diqqətə çatdırıb ki, sosial mənzil layihəsi Azərbaycanda həyata keçirilən ilk addımdır:

"Bu, ilk təcrübə olduğuna görə, müəyyən problemlərin yaranması normaldır. Qiymətin yüksək olması, mənzillərin verilməsinə qoyulan şərtlər və s. vətəndaşların narahatlığına səbəb ola bilər. Bu, müvəqqəti haldır. Getdikcə, problem öz həllini tapacaq və sosial mənzil təcrübəsi Azərbaycanda öz yerini tutacaq.

Hazırda tətbiq edilən şərtlərdə ciddi problemlər yoxdur. Sosial mənzillərin qiyməti bazar qiymətlərindən nisbətən aşağıdır. Mənzillər hər kəs üçün əlçatan olmaya bilər, amma bu problem də vaxt etibarilə öz həllini tapacaq”.

Qeyd edək ki, may ayının əvvəlindən etibarən satışa çıxarılan sosial evlər yalnız şəhid və milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət işində çalışan şəxslər, ən azı 5 il ümumtəhsil məktəbdə işləyən müəllimlər, elmi dərəcəsi olan şəxslər və xüsusi uğur qazanmış idmançılar üçün nəzərdə tutuldu. Nəticə olaraq, bu şərtlərlə razılaşmayan vətəndaşlar sosial şəbəkələrdə öz narazılıqlarını ifadə ediblər. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, layihənin şərtləri heç də ədalətli deyil, şərtlər isə sosial rifahı yaxşı olmayan insanlar üçün müəyyənləşdirilməyib.

Aysel Aslan