Sosial şəbəkədə YAP müxalifətə uduzur

Aydın Mirzəzadə: “Virtual aləmdən qaçmaq yox, əksinə, ora daha artıq nüfuz etməliyik”



Hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artmaqdadır. Artıq sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.

Bu cür şəbəkələr insanların sosiallaşması, biri-biri ilə əlaqə qurması üçün çox önəmli vasitə hesab olunur. Eyni zamanda sosial şəbəkə üzvləri virtual aləm vasitəsi ilə ölkədə baş verən proseslərə münasibət bildirir, müxtəlif məsələləri müzakirə edir, cəmiyyətdə baş verən hadisələri izləyirlər. Sosial şəbəkələrin milyonlarla istifadəçisi arasında cəmiyyətin hər sferasına məxsus insanlar var. İnternet şəbəkələrin, xüsusən, feysbukun fəal istifadəçilərindən sayılan ictimai təbəqələrdən biri də siyasilərdir. Əslində sosial məkan ölkədə siyasətlə məşğul olan şəxslərin, müxtəlif partiya təmsilçilərinin diqqətini çoxdan özünə cəlb edib. Dünya ölkələrinin əksər siyasiləri, hətta ölkə rəhbərləri belə sosial şəbəkələrdə fəaliyyət göstərir, müəyyən məsələlərə münasibət bildirirlər. Azərbaycanda da bu ənənə artıq formalaşmağa başlayıb. Ancaq müşahidə olunan odur ki, sosial şəbəkələrdə daha çox müxalifətyönlü siyasilər fəallıq nümayiş etdirirlər. Xüsusən, son günlər müxalif şəbəkə istifadəçiləri bir qədər də aktivləşiblər. Lakin hakim Yeni Azərbaycan Partiyasının istər funksionerləri, istərsə də sıravi üzvləri feysbukda çox az görünürlər. Demək olar ki, sosial şəbəkələrdə YAP-ın mövqeyindən çıxış edən çox az sayda insanlar var.

Məsələ ilə bağlı "Şərq”ə danışan YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə isə partiya funksionerlərinin və fəalların sosial şəbəkədə zəif olduğunu düşünmür: "Sosial şəbəkə həyatımızın ayrılmaz bir hissəsidir. Cəmiyyət bəzən başqa yerlərdən ala bilmədiyi məlumatı sosial şəbəkələrdən alır. Həmçinin, bir çox məsələlər burada müzakirə edilir. Bu baxımdan sosial şəbəkənin varlığını müsbət qiymətləndirirəm. Fikrimcə, YAP-ın üzvləri də sosial şəbəkədə kifayət qədər fəaldır. YAP-çılar mühüm məsələlərin müzakirəsində yer alırlar və müstəqil qruplar yaradaraq proseslərə münasibət bildirirlər. Hesab edirəm ki, bu sahədə partiyamızın fəaliyyəti kifayət qədər yaxşıdır. Biz özümüz də partiya fəalları ilə görüşdə onları sosial şəbəkədə fəal olmağa təşviq edir və dəstəkləyirik”.

Deputatın sözlərinə görə, adından da göründüyü kimi, bu bir şəbəkədir. Onu rəsmi mövqe kimi qəbul etmək olmaz: "Əlbəttə, sosial şəbəkə cəmiyyətdə mövcud olan ab-havanın bir hissəsini göstərir. Təbii ki, burada fikirlər fərqli ola, hətta müzakirələr düzgün istiqamətdə aparılmaya bilər. Amma onun məhdudlaşdırılması, qadağan qoyulması düzgün deyil. Əksinə, alternativ arqumentlər ortaya qoyulmalı, cəmiyyətlə işləməyin yeni yolları tapılmalıdır. Mən gündəmi izləyirəm və görürəm ki, ziyalıların səsləndirdiyi fikirlər cəmiyyətdə əks-səda verir və tərs təpkiyə səbəb olur. Bu baxımdan ziyalılar cəmiyyətlə yaxından işləməyə böyük önəm verməlidirlər. Fikirlərində doğru-dürüst olmalıdırlar. Bəzən düzgün fikir yanlış tərzlə ifadə ediləndə ciddi etiraza səbəb olur. Amma mahiyyətin özü dəstəklənir. Bu baxımdan hesab edirəm ki, hər birimiz sosial şəbəkə ilə işləməyi öyrənməliyik. Virtual aləmdən qaçmaq yox, əksinə, ora daha artıq nüfuz etməliyik”.

Millət vəkili bildirib ki, sosial şəbəkədə sərbəst şəkildə öz fikirlərimizi bildirməli, cəmiyyətə mövzu və mesaj verməliyik: "Mənim feysbukda 5000 virtual dostum var. Onların hamısı ilə olmasa da, böyük əksəriyyəti ilə təmas qururam. Tanımadığım insanlar mənə sosial şəbəkə vasitəsi ilə müraciət ünvanlayır, nəsə xahiş edirlər. Mən hansısa bir məsələnin diqqətə çatdırılması baxımından belə şeylərə normal yanaşıram. Ancaq bununla belə düşünürəm ki, sosial şəbəkəyə tam aludə olub real həyatdan uzaqlaşmaq və bütün vaxtı internetə sərf etmək düzgün deyil. Çünki sosial şəbəkə insan həyatının sadəcə bir hissəsidir”.

İsmayıl