Liftlər işləmədiyindən bəzən yaşlı sakinlər, ürək çatışmazlığı olanlar aylarla həyətə düşmür, hətta bazarlıq üçün də yaxınlarından, qohum-əqrəbadan kömək istəyirlər
Sovet binalarının sakinləri təhlükə altındadır
O liftlər müddətini başa vurub, dəyişməlidir, yenilənməlidir
Liftlər işləmədiyindən bəzən yaşlı sakinlər, ürək çatışmazlığı olanlar aylarla həyətə düşmür, hətta bazarlıq üçün də yaxınlarından, qohum-əqrəbadan kömək istəyirlər
Liftlər işləmədiyindən bəzən yaşlı sakinlər, ürək çatışmazlığı olanlar aylarla həyətə düşmür, hətta bazarlıq üçün də yaxınlarından, qohum-əqrəbadan kömək istəyirlər
Deputat Azay Quliyev mənzil-kommunal təsərrüfatı idarələri və lift problemini gündəmə gətirib. Millət vəkili qeyd edib ki, seçicilər tərəfindən bu məsələlərlə bağlı müraciətlər alır. MKTİ-lərə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır, amma ortada bir nəticə yoxdur. Məsələn, Binəqədi rayonunda istifadəyə yararsız 400-dən çox lift var. Lakin heç bir qurum bu problemi həll etmir. A.Quliyev MKTİ-nin özəlləşdirilməsi təklifini irəli sürüb.
Həqiqətən də, yaşayış binalarının ən böyük problemlərindən biri liftdir. Artıq illərdir ki, əksər yaşayış binalarında liftlərin yararsız hala düşməsi səbəbindən sakinlər əməlli-başlı əziyyət çəkir. Təsəvvür etmək belə çətindir ki, hündürmərtəbəli binaların yuxarı qatlarında yaşayanlar – istər ahıl olsun, istərsə gənc, uşaq hansı ağır durumla qarşı-qarşıyadır. Liftlər işləmədiyindən bəzən yaşlı sakinlər, ürək çatışmazlığı olanlar aylarla həyətə düşmür, hətta bazarlıq üçün də yaxınlarından, qohum-əqrəbadan kömək istəyirlər. Bu durumda mənzil-kommunal təsərrüfatı idarələrinin yarıtmazlığı da vəziyyəti lap qəlizləşdirir. Lift xarab olduqda sakinlər hara müraciət edəcəklərini bilmir. «JEK»lər maliyyə vəsaitinin olmamasını bəhanə gətirir, kooperativ binalarda isə sakinlərə öz vəsaitləri hesabına liftləri təmir etdirməyi məsləhət görürlər.
Qeyd etməliyik ki, analoji hallar paytaxtın bir çox yaşayış binalarında mövcuddur. Çıxılmaz vəziyyətdə qalan sakinlərə yardım edən isə tapılmır.
Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli «Şərq»ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Lift İstehsalat Birliyinin fəaliyyət göstərdiyini dedi:
- Bu birlik yalnız BŞİH-nin balansında olan binalara cavabdehdir. Necə fəaliyyət göstərirlər, bu, başqa mövzudur. Dövlət büdcəsindən MKTİ-lərə vəsait ayrılırsa, əlbəttə, bu vəsaitin hara xərcləndiyinin hesabatı da verilməlidir. Sovet vaxtı tikilmiş hündürmərtəbəli binaların əksəriyyətində liftlərin istifadə müddəti artıq bitib. Hamısı köhnə, yararsız haldadı və real təhlükə mənbəyidir. O liftlərin hamısı dəyişməli, yenilənməlidir. Təmir adı altında vəsait yeyintisinə göz yummaq olmaz. Hər şeyin yararlılıq müddəti var. O liftlər yararlılıq müddətini başa vurub artıq. Sakinləri təhlükə altında qoymamalıyıq. Amma başqa bir problem də var ki, liftlərin şaxtaları da bir çox binalarda bərbad haldadı. Şaxtalar sakinlər tərəfindən zəbt olunub, funksiyası dəyişdirilib. Buna da elə həmin MKTİ, «JEK»lər vaxtında göz yumub. Yaşayış binalarının şaxtaları, zirzəmiləri, hava sirkulyasiyası üçün nəzərdə tutulmuş dəliklər, hər şey baş-ayaqdı bu saat. Binalarla bağlı ciddi iş aparılmalıdır.
V.Tofiqli qeyd etdi ki, lift problemi təkcə sovet binalarında deyil, yeni tikililərdə də yaşanır:
- BŞİH mənzil tikinti kooperativləri tərəfindən inşa edilmiş binalara xidmət göstərmək səlahiyyətində deyil. MTK bina inşa edirsə, mənzil-kommunal departamentləri ilə, eləcə də, Fövqəladə Hallar Nazirliyi ilə müvafiq müqavilə bağlamalıdır. Buna əsasən də, həmin qurumlar binalarda təhlükəsizlik sistemini, liftlərin işlək vəziyyətdə olmasını təmin etməlidirlər. Əgər belə bir müqavilə yoxdursa, heç kim bu qurumları məsul tuta bilməz. Bəzən deyirlər ki, filan binada lift xarab oldu, FHN çağırışa gəlmədi. FHN hüquqi cəhətdən ona aid olmayan sahədə xidmət göstərə bilməz. İnşa edilmiş binaya əvvəlcə ümumi çıxarış alınmalıdır. Təhvil-təslim aktı imzalanmalıdır və müqavilə bağlanmalıdır. Bundan sonra FHN və ya Lift İstehsalat Birliyi o binanın təhlükəsizliyinə də, liftinə də cavabdehlik daşıya bilər. Amma hüquqi sənəd olmadan bu qurumların binalarda xidmət göstərməsi düzgün deyil. FHN hardasa yanğın baş verirsə və ya hansısa təbii fəlakət zamanı müdaxilə edir. Amma bir binada lift xarab olubsa, ya da liftin qapısı açılıb-bağlanmırsa, bunun nə FHN-ə, nə də Lift İstehsalat Birliyinə aidiyyəti var. Sadəcə, sakinlər binanı inşa etmiş MTK-dan müvafiq müqavilələrin imzalanmasını tələb etməlidirlər. Necə ki, MTK sakinlərdən bina tikilməmiş pul alır, sakinlər də ödədikləri məbləğ müqabilində can güvənliklərinin qorunmasını tələb etsinlər.
V.Tofiqli MTK-ların inşa etdiyi binalardan mənzil alan vətəndaşları hüquqi bilgisizlikdə ittiham etdi:
- Vətəndaş mənzil alırsa, bunu rəsmi şəkildə, müqavilə əsasında etməlidir. Bizim vətəndaşların bir çox problemlərlə qarşılaşmasının bir səbəbi də rəsmi qaydada iş aparmamalarıdır. Mənzil satın alınarkən tərəflər arasında müqavilə bağlanmalıdır və imzalanmalıdır. Mənzil alan müqavilə şərtləri ilə tanış olmalıdır və sonradan ortaya çıxa biləcək hansısa problemə görə hara müraciət edəcəyini bilməlidir. Təəssüf ki, vətəndaşlar müqavilə şərtləri tələb etmir, MTK-lar da vətəndaşın qeyri-rəsmiliyə üstünlük verməsindən məharətlə faydalanırlar. Binanı tikən MTK sonradan ələ keçmir. Heç kim onların harada olduğunu, harada fəaliyyət göstərdiyini bilmir. MTK binanı tikir, mənzillər satılır və ortadan «yox olur». Əslində isə hüquqi baxımdan MTK-nın ünvanı, səlahiyyətli nümayəndəsinin ünvanı, bütün koordinatları sakinlərə məlum olmalıdır və problem yarananda da onlar məsul şəxs kimi sakinlərin harayına çatmalıdırlar.
Təəssüf ki, bizdə hüquqi savadsızlıq hələ də mövcuddur və əksər vətəndaşlar belə hallarla qarşılaşdıqda məhkəməyə müraciət etməyə də ərinirlər. Amma bir-iki belə hal yaşansa, vətəndaşlar da MTK-ların cəzalandığını görsələr, vəziyyət müsbətə doğru dəyişər. MTK-lar da vətəndaşları aldatmağın qeyri-mümkün olduğunu görərlər.
Məlahət Rzayeva