Sovet respublikalarında doğulanlar Rusiya pasportu ala biləcək

Kreml bununla həm demoqrafik problemi önləmək həm də ölkədə işçi qüvvəsini çoxaltmaq istəyir

Rusiyada "torpaq hüquq”una əsaslanaraq vətəndaşlığın verilməsi proseduru sadələşdirilə bilər. Rusiya KİV-nə istinadən aldığımız xəbərə görə, bu barədə Dövlət Dumasının milli məsələlər üzrə komitəsinin sədri Rüstəm Balbek deyib.

Onun sözlərinə görə, deputatlar Konstantin Zatulin və Nataliya Poklonskayanın hazırladıqları qanun lahiyəsi komitə tərəfindən razılıqla qarşılanıb: "Bu qanunun qəbul olunacağı təqdirdə Rusiya vətəndaşlığını almaq təkcə, qan və etnik mənşə prinsipi ilə deyil, həm də torpaq hüququ prinsipi ilə gerçəkləşəcək. Əsas kriteriya rus dilini bilmək və Sovet İttifaqı, yaxud Rusiya İmperiyasının ərazisi ilə bağlılıq əsas götürüləcək”.

Qanun qəbul olunarsa, Azərbaycan da daxil olmaqla bütün postsovet respublikalarının rus dilində səlist danışan vətəndaşları Rusiya vətəndaşlığını sadələşdirilmiş şəkildə ala biləcək.
Sözügedən layihəni şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyada vətəndaşlığın verilməsi prosedurunun sadələşdirilməsinin bir neçə səbəbləri var:

"Rusiyada demoqrafik problem yaşanır və bu da tədricən ölkədə işçi qüvvəsinin azalması ilə nəticələnir. Ruslar isə keçmiş postsovet məkanına daxil olan ölkə vətəndaşlarının diqqətini cəlb etmək üçün müvafiq qanunların sadələşdirilməsi siyasətini yeridir. Burada həm də məqsəd Rusiya vətəndaşlığını qəbul edən insanların rəğbətini qazanıb onlardan siyasi provakasiyalarda istifadə etməkdən ibarətdir. Onsuz da ruslar başqa millətlərin hesabına öz saylarını artırıb, dünya liderliyinə iddialı olublar.
Onu da deyim ki, Rusiyada "torpaq hüquq”una əsaslanaraq vətəndaşlığın verilməsi proseduru sadələşdirilməsinin təhlükəli tərəfi də ola bilər. İstiqlaliyyat qazanmış xalqlara indi Rusiya vətəndaşlığı vermək, onu təsir altına salmaq deməkdir. Həm də, bununla onlar demək istəyəcəklər ki, bizim vətəndaşlar dünyanın bütün ölkələrində yaşayır. Belə bir planın tətbiq olunması Azərbaycan, eləcə də, digər keçmiş SSRİ xalqlarının demoqrafik vəziyyətinə mənfi təsir edə bilər”.

Şəymən