Soydaşlarımız 20 Yanvar şəhidlərini unutmadı

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı  ilə Gürcüstanın Marneuli şəhərində Azərbaycanda  1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələr yad edilib. Bu haqda məlumatı "sherg.az"-a AMM-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva verib.Faciənin 26-cı ildönümünə həsr olunmuş tədbiri AMM-nin rəhbəri Fazil Həsənov açaraq Sovet ordusunun öz vətəndaşlarına qarşı törətdiyi cinayəti pisləyib. O, qeyd edib ki, eyni ssenarili hadisələr keçmiş sovet məkanının bir çox respublikalarında  baş verib: "Tbilisidə 9 aprel hadisələri zamanı da insan tələfatı baş vermişdir, lakin, ən çox şəhid verən ölkə Azərbaycan oldu. Bakıdakı hadisələr bizi -Gürcüstanda yaşayan azərbaycanlıları çox sarsıtmışdır"- deyən Fazil Həsənov qanlı cinayyət haqqında  ətraflı məlumat verib.
Gürcüstan parlamentinin üzvü Mahir Dərziyev çıxışında bu hadisələrin müstəqillik uğrunda qəhramanlıq göstərən şəhidlərin və sadə xalqın qazandığı uğur olduğunu qeyd edib:
"Müstəqillik asanlıqla qazanılmayıb, bunun üçün qəhraman Azərbaycan oğulları mübariz olub, canlarını qurban verib".
Tədbirdə çıxış edən "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov 20 Yanvar hadisələri zamanı Gürcüstandan Azərbaycana dəstək üçün humanitar yardımların göndərildiyinindən danışıb. Əslən Gürcüstanın Faxralı kəndindən olan, hadisələrdə fəal iştirak edib şəhid olanlardan biri də İlqar Əhmədov idi. Onun yaxınları da çıxış edərək gəncin vətənpərvərliyindən danışıblar.
Tədbirdə Marneulinin icra başçısının müavini Kamandar İsmayılov və rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev , Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan parlamentinin üzvləri, QHT və ictimayyət nümayəndələri, gənclər, ziyalılar iştirak ediblər.
Sonda qanlı yanvara həsr olunmuş sənədli film nümayiş olunub.