Yevda Abramov: “Hansı rayonlarda belə hallar varsa, həmin rayonun məmurları, icra hakimiyyətləri başçıları yerində deyillər”
Söyüşcül icra başçıları çoxdur
Şərif Ağayar: “Sadəcə qarmağa Mahmud Quliyev keçib”
Yevda Abramov: “Hansı rayonlarda belə hallar varsa, həmin rayonun məmurları, icra hakimiyyətləri başçıları yerində deyillər”
Yevda Abramov: “Hansı rayonlarda belə hallar varsa, həmin rayonun məmurları, icra hakimiyyətləri başçıları yerində deyillər”
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev vətəndaşı təhqir edib. İcra başçısı ondan iş istəyən vətəndaşa "get öl” deyib. Vətəndaşı təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir. Sosial şəbəkələrdə yayılmış videogörüntülərdən də aydın olur ki, icra başçısı polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verir.
İcra başçısının bu hərəkəti sosial şəbəkələrdə olduqca sərt qarşılanıb və insanlar Mahmud Quliyevi təhqir etməkdən belə çəkinməyib. Ölkə başçısının keçirdiyi müşavirələrdə dəfələrlə icra başçılarına özlərini yığışdırmaları xəbərdarlığını xatırladan sosial şəbəkə istifadəçiləri hökumətdən M.Quliyevə qarşı sərt tədbirlər görülməsini tələb ediblər. Prezident məmurlar, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olması, onların qayğıları ilə yaşaması, kobudluğa, yekəxanalığa yol verilməməsinə dair göstəriş verir, özlərini padşah hesab edən icra başçıları isə vətəndaşları söyüb, təhqir edir, onlara "get öl” deyir: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.
Vətəndaşı təhqir edən başçı özünə haqq qazandırıb. Videodakı görüntüləri təsdiqləyən M.Quliyev: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə "köpəkoğlu” sözü deyilib, vəssalam. Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar. Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir olmayıb”.
Qiymətlərin süni artımının qarşısının alınması istiqamətində tədbirlər görüldüyünü vurğulayan icra başçısı dünən sahibkarlarla profilaktik söhbət etdiklərini və onlara süni qiymət artımına yol verməmələrinin tövsiyə olunduğunu deyib: "Dollarla gələn malın, əlbəttə, qiyməti qalxmalıdır. Kənd camaatının sahəsi var, malı var. Əkinlə-biçinlə məşğul olsunlar. Göyərti, soğan, kartof əksinlər. Mağazadan nə lazımdı ki? Bir dənə çay-qənddi də”.
İcra başçısı publika.az-a açıqlamasında isə tamam fərqli danışıb, videonun şər-böhtan olduğunu vurğulayıb və yayılmasına görə jurnalist-yazar Günel Mövludu ittiham edib: "Mən heç kəsi söyməmişəm. Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər. O videoda söyüş var? Mən orada "rədd ol” ifadəsi işlətmişəm. "Rədd ol” söyüşdü? Onların hamısı öyrədilmiş adamlardır. Mən onlara fikir vermirəm. Mən öz yerimi, danışığımı və kimlə necə danışmağı da yaxşı bilirəm. Bütün bunları Günel Mövlud təşkil etdirib. Çünki onun atası işdən çıxıb, 2 qardaşı da narkotik maddə istifadə etdiyinə görə həbs olunub. Mən heç onları tanımıram. Ancaq o vaxt Günel Mövludun atası yanıma gəlmişdi, pul istədi, mən də ona pul verdim. Videonu da Günel Mövlud yaydırıb. Heç nədən şər-böhtan yaradırlar. Cəbrayıl camaatının heç bir narazılığı yoxdur. Başçı kimi də mütəmadi olaraq əhali ilə görüşürəm, onların problemləri ilə yaxından maraqlanıram”.
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev isə deyib ki, icra başçısı təmkinli olmalıydı: "Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqir etmək olmaz. İnsanlarla davranışda, heç olmazsa, cənab Prezidentə baxıb nümunə götürməlidirlər ".
Ölkə başçısının dediklərinin hamı üçün qanun olduğunu deyən YAP Siyasi Şurasının üzvü, millət vəkili Yevda Abramov Prezidentin "Hər bir məmur yerində olmalıdır” ifadəsini xatırladıb. Millət vəkilinin sözlərinə görə, bu çətin vaxtlarda vətəndaşları qəbul etmək lazımdır. Onların narazılıqlarına biganə qalmamalıdırlar: "Bu narazılıqlar obyektiv səbəblərə söykənibsə, problemi aradan qaldırmaq lazımdır. Süni qiymət artımı olmamalıdır. Xalq onsuz da çətinlik çəkir. Əlavə çətinlik də məmur tərəfindən yaradılmamalıdır. Mən istəyərəm ki, cəmiyyətdə normal demokratik bir quruluş bərqərar olsun. Fürsətdən istifadə etməsinlər. Belə hadisələr bütün dünyada var. Qazaxıstanda devalvasiya Azərbaycandan da güclüdür. Rusiya da devalvasiyaya bizdən əvvəl gedib. Ancaq Rusiyada yerli istehsal, ərzaq malları, strateji məhsullar bahalaşmayıb. Amma bizdə süni olaraq boşluqdan istifadə edirlər. Ona görə də cənab prezident həm Nazirlər Kabinetinin iclaslarında, həm də ayrı-ayrı çıxışlarında məmurların, icra başçılarının ünvanına dəfələrlə mesajlar göndərib. Hamı yerində olmalıdır. Bu çətinlikdən birgə çıxmalıyıq. Ona görə də xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Buna Allah-təala da, "Qurani-Kərim” də icazə vermir. Çətin anda alver də təmiz olmalıdır. Həddən çox gəlir əldə etmək niyyəti ola bilməz. Deməli, hansı rayonlarda belə hallar varsa, həmin rayonun məmurları, icra hakimiyyətləri başçıları yerində deyillər”.
Yazar Şərif Ağayar isə bu mövzu ilə bağlı yazdığı köşəsində vətəndaşı təhqir edən başçı ilə bağlı öz münasibətini sərgiləyib. Yazar hesab edir ki, təsadüfən əlinə uzun müddətli vəzifə keçən, puldan-paradan yığıb harınlayan, çoxsaylı yaltaqların və yalaqların əhatəsində özünü gerçək qəhrəman sayan adamlar bir gün hökmən və hökmən belə "performans” göstərirlər:
Mövlana deyir ki, "dünya malı dəniz suyu kimidir, içdikcə yanğı gətirir”.
Bu deyimdən yola çıxaraq var-dövlətdən və vəzifədən harınlamağı müxtəlif mərhələlərə bölmək olar. Bunun ən sonuncusu isə tabeliyində olan insanları üzünə söymək, təhqir etmək, adam yerinə qoymamaq, onlara heyvan müamiləsi yapmaqdır. İcra başçılarının vətəndaşları təhqir etməsi birinci fakt deyil. Əslində, belə hadisələr rayonlarda çox olur. Sadəcə onu çəkib ictimailəşdirməyə, loru dillə desək, "duxu çatan” adam yoxdur. Nədənsə, qarmağa Mahmud Quliyev keçib...
Mirzə Cəlilin sözü olmasın, gərək, belə bir qarmağa düşməkliyi Allah da istəyə.
Təsadüfən əlinə uzun müddətli vəzifə keçən, puldan-paradan yığıb harınlayan, çoxsaylı yaltaqların və yalaqların əhatəsində özünü gerçək qəhrəman sayan adamlar bir gün hökmən və hökmən belə "performans” göstərirlər. İllah da səviyyə, savad və mədəniyyət sıfırın altındadırsa. İnsan hansı "mənəvi məqama” enməlidir ki, dərd-sərindən ötrü dilə gələn insanlarla "Kəs, küçük!”, "Rədd ol!”, "Get, öl!”, "Tərbiyəsiz!” - kimi "unikal” leksikonla danışsın.
Adam məntiqini, məzmununu, reallıq hissini, hətta ağlını nə qədər itirə bilər? İnsanı nə qədər dəyərsiz sayar? Vəzifə və var-dövlət adamın gözünü nə qədər bağlayar?”
Mövlud Süleymanlının "Dəyirman” povestində yer alan bir səhnəni xatırladan Ş.Ağayar deyib ki, bir nəfər o qədər yeyir-yeyir ki, axırda yediklərini qusmaq məcburiyyətində qalır. Kənardan baxıb gülürlər ona. Yaxınlaşıb alnını tutan da olmur ki, qusub qaytardığı zir-zibilə bulaşmasın: "Xalq dilində "Qarına təpmək” ifadəsi var. Bu heç də məcazi mənada işlənmir. Doğrudan da adam çox yeyəndə yedikləri qarnına təpir. Sizi əmin edirəm, yediyi qarnına təpəndən sonra adam o qədər uzaq gedə bilmir. Bir gün məlum olur ki, tərbiyəsiz kimdi, küçük kimdi. Camaatın boynuna minib haqqını yemək, özünə zülm eləmək, başını qaldırıb nəsə demək istəyəndə isə söyüb batırmaq nə deməkdi?
Unutmayaq ki, keçi keçi ayağından asılır, qoyun qoyun. Bir gün adam qarnına təpənləri qusub qaytarır. Geci-tezi var...”
Şəymən