Söz vermişdilər ki, bir həftəyə qaytarılacaq

Ermənilər hələ də gürcüstanlı soydaşımızı azad etmirlər
Noyabrın 2-də Ermənistanın Lori vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikayılovun məhkəməsi keçiriləcək. İddiaya əsasən Faxralı kənd sakini, 35 yaşlı T.Mikayılov 2015-ci ilin 23 iyun tarixində, axşam saat 21:00 radələrində Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib.
Fakt üzrə "sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb. Bu maddə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məlumat üçün bildirək ki, T.Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında onun yolu azaraq Ermənistanın Cücə kəndinə keçdiyini açıqlayıb. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu məsələyə dair mövqeyimizi hadisə baş verən gündən ortaya qoyduq: "Hesab edirik ki, T.Mıkayılov dumanlı şəraitdə azaraq Ermənistana keçib. Onun başqa bir niyyəti olmayıb. Ümumiyyətlə, Gürcüstanla Ermənistan arasında oxşar hadisələr çox yaşanıb. Dəfələrlə olub ki, Ermənistan vətəndaşları azıb Gürcüstan tərəfinə keçiblər. Gürcüstanın sakinləri də azıb, Ermənistana keçiblər və yoxlamalardan dərhal sonra geri qaytarılıblar. T.Mıkayılovun işində isə separatçı ölkə məsələni süni şəkildə qabardıb, istifadə etməyə çalışır”.
Prosesin 3 aydır davam ediyini söyləyən təşkilat sədri qeyd edib ki, buna dair bəyanatla çıxış ediblər: "Gürcüstan hakimiyyətinə müraciətlər etdik. Hətta bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında iki dəfə aksiya təşkil etdik. Nümayəndələrimizi səfir özü qəbul edib və söz verib ki, yaxın vaxtlarda T.Mikayılov geri qaytarılacaq. Təxminən bir həftə demişdilər. Amma indi hadisənin üstündən bir ay keçib, yenə də heç bir nəticə yoxdur. Gürcülər artıq etiraf edirlər ki, ermənilər verdikləri sözün üstündə durmayıblar. Ermənistanda onlara bir həftəyə qaytaracaqlarını vəd ediblər. Amma vədlərinə sadiq qalmayıblar”.
10 gün öncə QAT nümayəndə heyətinin Gürcüstanda səfərdə olduğunu bildirən A.Nağı vurğulayıb ki, orada T.Mikayılovun ailə üzvləri və ya yaxınları ilə görüşüblər: "Yaxınları deyiblər ki, bir az ehtiyatlı davranmaq lazımdır. Yəni narahatdırlar ki, məsələnin ictimailəşməsi T.Mikayılovun ziyanına işləyə bilər. Bütün hallarda məsələ diqqətimizdədir”.
Ermənistanın məkrli siyasətinin hamıya məlum olduğunu iddia edən müsahibimiz bəyan edib ki, T.Mikayılov gürcü əsilli olsa idi, Tiflis onu dərhal ölkəsinə gətirərdi: "O, Azərbaycan əsillidir deyə, Gürcüstan hökuməti maraq göstərmir. Həqiqət də bundan ibarətdir ki, o, azərbaycanlı olduğuna görə, gürcü hökuməti təkid etmir. Birinci növbədə məsuliyyəti rəsmi Tiflisin üzərinə qoyuruq. Eyni zamanda Azərbaycan hökuməti rəsmi qaydada məsələyə dair aidiyyəti qurumlara müraciət etməlidir. Zənnimcə, Azərbaycan tərəfində də müəyyən boşluqlar oldu”.
Ayyət Əhməd