
Sözlə nəfəs alan adam...
Xoş o şairin baxtına ki, sözünün ağır gələn çağını görürVahid Əlioğlu sanki Tanrı pıçıltılarını qələmə alır. Ona görə də hər misrasında işıq var, ruh var, nəfəs var
Düz deyirlər ki, şairin kitabları oxucuları qarşısında hesabatıdır. Qəlb pıçıltılarını içində bir sirr kimi saxlayan şeirlər bəzən illərlə saysız-hesabsız vərəqələr arasında "gizlənir”. Şair heç də həmişə onları üzə çıxarmağa meyl etmir. Sanki ürəyinin səsini kiməsə etibar etməyə çəkinir.
Bilmir, o səsi duyan, anlayan, qəlb yanğısına su ələyən olacaqmı?.. O qədər gizli qalan, oxunmayan şeirlər var ki. Oxucu da o zaman sevinir ki, könül bağladığı şair qəlbinin haraylarını - şeirlərini onunla bölüşür. Bu mənada Vahid Əlioğlunun oxucularına qibtə etmək olar. Şair şeirlərini nə qədər gizlətməyə çalışsa da, oxucularını da yaddan çıxarmır. Vaxtaşırı oxucularını sevindirir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm”, "Araz”, "Ali ədəbi”, "İti qələm”, "Məmməd Araz” mükafatlarına layiq görülmüş Vahid Əlioğlu bu il oxucularını "Ürəyimlə neyləyim?!” kitabı ilə sevindirdi. Bundan əvvəl də şairin bir neçə kitabı işıq üzü görüb: "Sevgi ürək yaraşığı”, "Sevən ürək kövrək olar”, "Sevgi dolu ürəyim var”, "Ürək yanmasa”, "Təkcə sənsən ürəyimdə”, "Sevən ürək həsrət çəkər”, "Ayrılıq olmayaydı”... Şairin şeirlərinə ürəyini qoyması, kitablarının adından da yan ötmür. Hər bir şeirindəki ürək yanğısı şeirlər toplusunda bütünləşir sanki. Kitabları vərəqləyəndə həqiqətən də, sevgiylə dolu bir ürəyin çırpıntılarının misralarda əksi görünür.

Özün dərdlərimi say, ömrüm-günüm,
Sən oldun ömrümə pay, ömrüm-günüm.
Ömrü mənsiz keçən ay ömrüm-günüm,
Həsrətinə necə dözüm, bilmirəm.
Qurban olum, boylan geri, dön geri,
Yadına sal sevgi dolu günləri.
Viran qaldı bu can evim, ay pəri,
Həsrətinə necə dözüm, bilmirəm.
"Təkcə sənsən ürəyimdə” kitabına yazdığı "Ön söz”də filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Vahid Əlioğlunun poeziyasını "Təmiz ürək poeziyası” adlandırır: "Söz Tanrı payıdır. Bu paydan yetərincə faydalanan, sözə möhür kimi alın basan şairlərdən biri də Vahid Əlioğludur. ... Bu şeirləri oxuduqca bir daha əmin olursan ki, şairin sərvəti, var-dövləti ürəyindən bal kimi süzülüb gələn incə, zərif və poetik duyğulardır. Ürəkdən gəldiyinə görə ürəklərə yol tapan, qəlbimizə misra-misra işıq salan bu şeirlər şair ruhunun ifadəsidir, ölçüsüdür. Bu şeirlərin hər birində Vahid Əlioğlunun zərif və kövrək ürəyi döyünür.
Vahid Əlioğlunun poeziya dünyası ağappaq işığa bürünüb. Bu ağappaq işıqda şair ürəyinin necə bir sevgiylə, insanlara və dünyaya necə böyük bir məhəbbətlə döyündüyünün şahidi olursan.
Dünya özü boyda açılmaz sirdi,
İnsanı qocaldan qəmdi, fikirdi.
Qoca da, cavan da gözündə birdi,
Fələk amansızdı, bir, yaşa baxmır.
Hər şeyin qədrini bil qaydasında,
Ağla qaydasında, gül qaydasında.
Hamı bərabərdir haqq dünyasında,
Mərmərdən yonulmuş başdaşa baxmır...
Vahid Əlioğlu sanki Tanrı pıçıltılarını qələmə alır. Ona görə də hər misrasında işıq var, ruh var, nəfəs var. Zərif duyğulu ürəyindən süzülüb gələn hər misra ruh oxşayır, könül oxşayır, ürəkləri ovsunlayır. Bu da təbiidir. Çünki şeir də, söz də Tanrı kimi saxtalığı sevmir. Çünki şeir yazılmır, yaradılır. Elə ona görə də şairlər Yaradana daha yaxın olurlar. Şairlər Yaradana daha yaxın olduqlarına görə onlara yazmaq və yaratmaq üçün bir vergi verilib. Onlar da ömürləri xərclənib qurtarana kimi yazmaq missiyasını yerinə yetirirlər. Vahid Əlioğlu da Allahın ona verdiyi istedada güvənərək öz şairlik missiyasının öhdəsindən ləyaqətlə, vicdanla gəlir. Buna görə də onun şeirlərini sevə-sevə oxuyurlar”.
Çəkilməz dərdi çox sınıq qəlbimin,
Qurbanın olaram, gəl danış, gəl, din.
Zülmətə bürünən bu can evimin,
Sönür yavaş-yavaş çırağı sənsiz.
Könlümdən sevinci nə üçün dərdin?
Əlində qalmışam bu yaman dərdin.
Xəbərin varmı ki, yazıq Vahidin,
Gəlir Məcnun kimi sorağı sənsiz?!
Vahid Əlioğlu könül şairi kimi tanınır. Şairin "Ürəyimlə neyləyim” kitabına yazdığı ürək sözlərində filologiya elmləri doktoru, professor Adil Babayev də Vahid Əlioğlunu "ürək şairi” adlandırır:
"Söz dərgahındakı məsuliyyətini hər an hiss eləyən, sözü havayı işlətməyən, hər sözün üstündə nanə yarpağı kimi əsən şair halal qələm adamı olaraq halal şeirlərilə oxucuların görüşünə gəlir. Şairin ilham dünyasının qapılarını açanlar böyük sevgi və böyük məhəbbət qarşısında bir daha heyrətlənirlər. Xeyirxahlığı, yaxşılığı, halallığı, düzlüyü, saylığı şeirlərinə hopdurub yaşadan və insanları haqq yoluna səsləyən şairin şeirləri hər kəsdə xoş ovqat yaradır. Səmimi və sadə dildə yazılan şeirlərin fəlsəfi və məna yükü oxucu tərəfindən asanlıqla dərk edilir:
Öz içindən sıxılacaq bu dünya,
Ağac kimi yıxılacaq bu dünya.
Vahid deyir: - dağılacaq bu dünya,
Haqq işini əyənlərin əlindən...
A.Babayev yazır ki, ilahi şeirlər yazmaq və ilahi duyğularla yaşamaq, ilahi duyğularla sevmək şair Vahid Əlioğlunun tale xoşbəxtliyidir. Bu tale xoşbəxtliyini yaşayan Vahidin bir şair kimi qəlbinin səsini, ürəyinin çırpıntılarını hiss etməmək, eşitməmək mümkün deyil. Hiss və həyəcanlarını, duyğularını hər misrasında canlandıra bilən şairin şeirlərində hər kəs özünü görür, öz qəminin, kədərinin, həsrətinin, sevincinin qələmə alındığını hiss edir;
Səhərdən axşama kədər də, qəm də,
Könlümün sazını hey çalar sənsiz.
Dəyişər bir anda dünya rəngini,
Gözlərim həsrətdən saralar sənsiz.
Uçurdun dünyamı, qırdın qəlbimi,
Qoydun ürəyimdə nakam sevgimi.
Ölüm qapısını döyənə kimi,
Vahid öz dərdiylə tək qalar sənsiz.
Mərhum şair, publisist Arif Əmrahoğlu da Vahid Əlioğlu poeziyasına dəyər verənlərdən idi. Şairin "Sevən ürək həsrət çəkər” şeirlər kitabına yazdığı "Ön söz”də Arif Əmrahoğlu qələm dostunun yüksək insani məziyyətlərindən söz açmaqla yanaşı, onu bədii sözdən təsəlli tapan şair kimi xarakterizə edirdi:
- Vahid Əlioğlunun şeirlərində səmimilik, təbiilik, umacaqsızlıq var. Bu isə ondan irəli gəlir ki, şair Vahid Əlioğlunun çörəyi deyil, yalnız mənəvi-ruhi təskinliyi və təsəllisi bədii sözdən çıxır. Çünki Vahid Əlioğlu yaşadığını yazır və özü üçün yazır; çünki şair, özü demişkən, "sözlə nəfəs alır”...
Qıy vuran qartalı süzmək olmayır,
Toyda əvvəlki tək süzmək olmayır.
Daha hər əzaba dözmək olmayır,
Neyləyim, canımda dözüm qocalır.
Eh, Vahid nə qədər dağlar aşıbdı,
Sel kimi kükrəyib, coşub-daşıbdı.
Daha sözlərim də ağırlaşıbdı,
Yükü çoxaldıqca sözüm qocalır.
Deməli, şair o zaman qocamanlaşır ki, sözünün yükü artır. Demək, sözü ağır gəlir. Bu da hər şairə nəsib olan xoşbəxtlik deyil. Xoş o şairin baxtına ki, sözünün ağır gələn çağını görür.
Sözünün bu ağırlaşan çağında şair Vahid Əlioğluna Yaradandan hələ neçə-neçə ömür can sağlığı ilə yaşamasını arzu edirik. Təki özü qocalmasın. Sözü qocalıb - qocamanlaşmaqda olsun.
Məlahət Rzayeva