Sumqayıtda kirayə faciəsi

21 yaşlı tələbə qız evində qaldığı qadını niyə qətlə yetirib?
Lalə Mehralı: “Hazırda tələbələrin həyatı qarmaqarışıq bir mənzərəni xatırladır”



Sumqayıtda baş vermiş faciə kirayənişin saxlayanları ehtiyatlı olmağa vadar edəcək. Kirayədə qalanların sayı həqiqətən çoxdur. İşsizlikdən paytaxta üz tutanlarla yanaşı, təbii ki, kirayədə yaşayanların böyük əksəriyyətini tələbələr təşkil edir. Bir vaxtlar tələbələrin əsas yaşam məkanı yataqxanaların çoxu köçkünlərə müvəqqəti məskən oldu. Tələbələr də fərdi mənzillər kirayələmək məcburiyyətində qaldılar. Əslində, paytaxt Bakının bir üzü də kirayənişinlikdir. Bakının bəzi məhəllələri sanki kirayəçilik üçün yaranıb. Yasamal, "Sovetski”, "Montin”... Şəhərə gələnlərin ilk üz tutduğu yerlər olur.

Bu yerlərdə gənc ailələr də, tələbələr də kirayə ev axtarırlar. Həyətində kirayə vermək üçün münasib otağı olan da, qapısı döyülən də sevinir ki, nə yaxşı, kirayənişin gəlib. Daha bu kirayənişinin kimliyi, hardan gəlib-hara getdiyi ev sahibini maraqlandırmır. Günlərin birində də, Sumqayıtdakı faciə kimi bir hadisə baş verir. Təsəvvür etmək dəhşətlidir ki, 21 yaşlı gənc tələbə qız evində qaldığı 65 yaşlı qadını çoxsaylı bıçaq zərbələri ilə, amansızlıqla qətlə yetirir. Faktla bağlı artıq cinayət işi açılıb, qətli törətməkdə şübhəli bilinən Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Ş.Ramazanova Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İlkin versiyaya görə, qətlə səbəb ev sahibəsinin tələbə qızla sevgilisinin görüşünə mane olmasıdır. Deyilənə görə, ev sahibəsi qızın ardınca gələn oğlanı qovub. Qız da bundan qəzəblənərək sahibəni qətlə yetirib.

Qəzəbin niyə məhz cinayətə yol açdığını isə yəqin ki, psixoloqlar və sosioloqlar araşdırmalıdır. 21 yaşlı gənc qızın cinayətkara çevrilməsinə təsir edən amillər nədirsə, sözsüz ki, çox güclü olmalıdır.

Tələbə qidası genefondu təhdid edir

Hadisə barədə fikirlərini "Şərq”lə bölüşən sosioloq Lalə Mehralı bəzi gənclərin həyat tərzinin onları uçuruma apardığını bildirdi:

- Qətlin səbəbləri məlum olduğu qədər də qəlizdir. Biz yalnız üzdə olanı bilirik. Qızın sevgilisi varmış, ev sahibəsi oğlanı qovub, görüşmələrinə mane olub, qız da qəzəblənib qadını qətlə yetirib. Bu, sadəcə, məsələnin zahiri tərəfidir. Hər qəzəblənən əlinə bıçaq alıb qarşısındakının üzərinə atılmır axı. Ailələr var, qızı sevdiyi adama ərə verməyə razılaşmır, oğlana sevdiyi qızı almırlar. Valideynlər qızlarının, yaxud oğlanlarının sevdiyi insanla görüşməsinə mane olur. Övlad ata-anasını bıçaqlayır məgər?! 21 yaşlı gənc qızın bir insanı qətlə yetirməsi dəhşətli olduğu qədər də düşündürücüdür. Biz bunu analiz etməliyik ki, gənc qızı qatilə çevirən hansı səbəblər, hansı amillərdir. Bu qız uşaqlıqda ailəsində zorakılıq görmüş ola bilər. Və bu onun şüuraltısında qalar, ilk qığılcımda özünü büruzə verər. Bu qızın yaxın ətrafı kimlərdən ibarətdir? O, kimlərlə dostluq edirmiş, kimlərlə oturub-dururmuş. Məşğuliyyəti nəymiş? Etiraf etməliyik ki, hazırda tələbələrin həyatı qarmaqarışıq bir mənzərəni xatırladır. Tələbənin yediyi-içdiyi nədir? Dönər, hamburqer, çizburqer, çipslər, içdiyi isə hələ də tərkibi naməlum qalan "Coca-cola” və bu dəqiqə ən çox dəbdə olan "reddbul”lar. Dönər yeyib "Coca-cola” içən insanda nə beyin qalar, nə hiss, nə də duyğu. Genetik modifikasiya olunmuş məhsulların ziyanından nə qədər danışılır. Amma nə faydası? Bazarlar, marketlər bu cür ziyanlı məhsullarla, qidalarla doludur. Bu məhsullar bizim genetik strukturumuzu dəyişir. Biz getdikcə sadəcə 2 əlli, 2 ayaqlı gəzən varlıqlara çevrilməkdəyik. Genetik strukturumuza uyğun beyin hüceyrələri də, hisslərimiz, duyğularımız da itməkdədir. Tələbələrin əksəriyyəti "MakDonalds”larda qidalanır. Dərsdən çıxır, yolüstü dönər alıb, yeyə-yeyə gedir. Bir yerə toplaşanda da yedikləri ya dönərdir, ya da çizburqer, qızardılmış kartof dilimləri. Nə qədər bu tərkibi kimyəvi maddələrlə, qida əlavələri ilə dolu yeməklərdən istifadə etmək olar? Tələbələr də, gənclər də, uşaqlar da düzgün qidanın dadını unudub artıq. Baxın, bunlar çox ciddi məsələlərdir. Valideynlər uşaqları düzgün tərbiyə etmir. Məktəbli valideynini pul verməyə vadar edir. Valideyn istəyir, uşağın çantasına evdə hazırladığı qidadan qoysun, uşaq etiraz edir ki, "mən məktəbdə bunu yeyəcəyəm?! Pul ver, bufetə gedim”. Bufetdə uşağın yediyi nədir? Suxarilər, çubuqlar, çipslər. Min cür yalançı şirnilər. Valideynlər də çox zaman buna əhəmiyyət vermir. İşi asan olsun deyə, uşağa pul verir, deyir, nə istəyirsən, alıb yeyərsən. Mən də valideynəm. Bunca işim olmasına rəğmən, uşağıma kənardan şirniyyat heç vaxt almıram. Özüm evdə hazırlayıram və övladımın çantasına qoyuram. Buterbrodu da evdə hazırlayıram. Nə bişirmişəmsə ondan. Mənim övladım buna etiraz etmir. Çünki onu belə tərbiyə etmişəm. Qida insanın təşəkkül tapmasında ən vacib faktorlardan biridir. Niyə 20 il əvvələ kimi bu qədər cinayətlər baş vermirdi? Övladlar valideyni, valideyn övladı qətlə yetirmirdi? Çünki qidalanmamız normal idi, təmiz idi. Amma getdikcə qidamız pozuldu, tərkibi dəyişdirilmiş məhsullar evlərimizə ayaq açdı. Beynimizi də, ürəyimizi də dəyişdi. Xalqımıza xas mərhəmət, şəfqət, böyüyə hörmət, abır-həya xüsusiyyətləri yavaş-yavaş itib getdi. Nə yediyimiz bəllidir, nə içdiyimiz. 8-ci kilometr bazarında 4 manat 50 qəpiyə dana farşı satırlar. Halbuki dana ətinin 1 kiloqramı 8 manatdır. Bilirsiz, o farş üçün nə qədər növbə düzülür? İnsanlar fərqinə varmır ki, bu nə ətdir satılır? Axı 4 manat 50 qəpiyə sağlam ət ola bilməz. Tərkibi, haradan gəldiyi naməlum ətdən xörək hazırlanıb yeyilirsə, onun insan orqanizminə təsirinin necə olacağı məncə, artıq məlumdur.

Efir və mobil telefon...

L.Mehralı mobil telefon və sosial şəbəkələrin gənclərin həyatına mənfi təsirlərinə də diqqət çəkdi:

- Gənclərin mobil telefon, mesajlaşma xəstəliyini hamımız müşahidə edirik. İctimai nəqliyyatda gənclərə diqqət edin. Demək olar, hamısının əlində mobil telefon var və hamısı da durmadan yazışır, nəsə paylaşır. Buna beyin dözər? Nə barədə yazışırlar, nə paylaşırlar, bunu bilmək də çətin deyil. Gündəlik məsələlər, yüngül söhbətlərdir. İndi nəinki uşaqlar, gənclər, hətta bir də görürsən, yaşlı-başlı adamdı, telefonda oyunlara aludə olub. Başını salıb aşağı barmaqlarını durmadan hərəkət etdirir. Hamısı da, aqressiv oyunlardır. Ölüm, atəş, od, müharibə, basqın, döyüş oyunları. Belə şəraitdə insanların aqressivləşəcəyi də təbii ki, qaçılmazdır. Telekanallarda cinayət proqramları günün bütün saatlarında yayımlanır. Cinayətkar törətdiyi əməli detallarınadək açıqlayır, harada necə hərəkət etdiyini təfsilatı ilə danışır. Buna böyük də baxır, uşaq da, gənc də. Bu tip verilişlər insanların psixikasına təsir edir, sanki cinayət etməyin "sirlərini”, yollarını öyrədir. Görün, nə qədər yeniyetmələr arasında cinayət hadisələri baş verir. Bunlar hamısı bizim efirin nizamsız, xaotik durumda olmasının göstəricisidir. Məndən bir neçə dəfə tok-şou üçün mövzu planı tərtib etməyi xahiş ediblər. Təkliflərimi vermişəm; qeysəriyyə kəsiyi ilə doğum statistikası niyə artır? Həkimlər gənc analara körpələrinə süd verməyi niyə qadağan edir, "smes” verirlər? Gənc analar övladlarını niyə əmizdirmir? Hamiləlik dövründə kosmetikanın zərərləri. Bu mövzuları təklif etmişəm, mənə cavab yazıblar ki, "bu nə mövzulardır? Kim bunlara maraq göstərir?” Niyə maraq göstərməməlidirlər? Bəs nə maraqlıdır sizin üçün? Hansı müğənninin nə geyindiyi, kiminlə sevişdiyi? Yalandır. Bir verilişdə qonaq olarkən hamiləlik dövründə kosmetikadan istifadə qaydalarından danışdım, mənə nə qədər mesajlar gəldi ki, bilmədiyimiz məsələləri öyrəndik. Deməli, insanların maariflənməyə ehtiyacları var, sadəcə, bəzi telekanallar yalançı "reytinq”i bəhanə edib, yüngül şoulara üstünlük verirlər. Cəmiyyəti maraqlandıran və hamımızı düşündürməli olan mövzularsa qalır bir kənarda.

Kirayə verən ehiyatlı olsun

L.Mehralı Sumqayıt faciəsindən çıxış edərək kirayə mənzil sahiblərinə ehtiyatlı olmağı tövsiyə etdi:

- Təəssüf ki, bizdə hələ də kirayə müqavilələri bağlanmır. Ev sahibi kirayənişinin kimliyi ilə maraqlanmır. Tələbələr üçün adətən valideynləri mənzil axtarır. Ev sahibi də baxır ki, xarici görünüşcə normal insandır, daha başqa məsələlərə diqqət etmir. Ev sahibi üçün kirayənişinin vaxtlı-vaxtında mənzilin haqqını ödəməsi əsasdır. Başqa məsələlər onu maraqlandırmır. Bunu da etiraf etməliyik ki, insanları tanımaq çox çətindir. Ev sahibi kirayə qalanın nəsil-şəcərəsini araşdırası deyil. Çox insanlar var ki, daxilində "canavar” gizlənir. Həmin o tələbə qız kimi. Hansı ev sahibi təsəvvür edə bilər ki, evində qalan birisi bir gün onun qatilinə çevriləcək?! Bizim xalqın xüsusiyyəti belədir ki, kirayədə qalan qıza, oğlana öz balası gözü ilə baxır. Neçə-neçə belə ailələr var ki, kirayədə qaldığı evin sahibəsi ilə ana-övlad münasibətlərində olurlar. Amma nəzərə almaq lazımdır və unutmamalıyıq ki, dünyada aqressiya, zorakılıq həqiqətən də getdikcə artmaqdadır. Belə şəraitdə insanların zorakılığa meyl edəcəyi gözləniləndir.

Məlahət Rzayeva