Suraxanıda Cümhuriyyətin 100 illiyi qeyd olunub

Bu gün Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Suraxanı Maşınqayırma zavodu TASC"-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan "Suraxanı Maşınqayırma zavodu TASC"-nin İdarə Heyətinin sədr müavini Vahid Mahmudov Prezident yanında Bilik Fondu tərəfindən məruzəçi qismində "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının dəvət olunduğunu diqqətə çatdırıb.
A.Aşırlı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarını xatırladıb. Çətin və ağır şəraitdə 1918-ci ilin mayın 28-də İstiqlal bəyannaməsinin imzalanmasına diqqət yönəldən A.Aşırlı 23 aylıq şanlı tarixdən danışıb. Milli ordu quruculuğu, parlamentin və medianın fəaliyyəti, hüquq-mühafizə sisteminin yaradılması, təhsildə aparılan milliləşmə proqramlarını şərh edən məruzəçi bu şərəfli tarixin dövlətçiliyimizdə böyük önəm daşığıdını deyib: "Yoxdan var olan üçrəngli müqəddəs bayraq yaradan M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, S.Mehmandarov və digər Cümhuriyyət qurucularının ruhu bizim üçün əzizdir. Bu insanların ruhu bu gün şaddır, 27 ildir ki, Azərbaycan müstəqildir, istiqlalını qoruyur, müstəqil siyasət həyata keçirir, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür".
Suraxanı Rayon İcra Hakimiyyətinin Yeni Suraxanı qəsəbə nümayəndəliyinin aparıcı mütəxəssisi Rəfiqə Məmmədova da tarixi hadisə barədə öz düşüncələrini söyləyib.
"Suraxanı Maşınqayırma zavodu TASC"-nin İdarə Heyətinin sədr müavini Vahid Mahmudov da Şərq aləmində qurulan ilk demokratik dövlətin keçib-gəldiyi yola nəzər salıb.
Tədbir dialoq formatında davam etdirilib. Akif Aşırlı iştirakçıların suallarını cavablandırıb.