Suriyada 3 milyon türkmənin səsi duyulmur

Onlar torpağından qovulub, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıblar



Son bir həftədə Suriyanın Türkiyəyə bitişik Bayırbucaq ərazisində yaşayan türkmənləri qurudan Bəşər Əsəd ordusu, havadan Fransa və Rusiya hərbi hava qüvvələri atəş altında saxlayır. Bölgədən gələn həyəcanlı xəbərlərdə çoxsaylı dinc insan tələfatı olduğu bildirilir. Əslində qədim dövrlərdən İraq və Suriyada məskunlaşmış türkmənlər maraqlı və keşməkeşli həyat yaşayıblar.

Ötən zaman ərzində bu bölgədə yaşayan türkmənlərin başı çox bəlalar çəkib. Hətta Suriya və İraqda yaşayan milyonlarla türkmənin demək olar ki, yarısı assimilyasiya olunub, ərəblər arasında əriyərək doğma dillərini unudublar. Suriya və İraqdakı türkmənlər Türkmənistan türkmənlərindən fərqlənirlər. İraqın türkmən icması müxtəlif vaxtlarda bura gəlmiş türkdilli qrupların toplusudur. İlk türkdilli köçəri tayfalar ərəb ordusunda qulluq etmələri məqsədilə Xilafətin Bizans imperiyası ilə sərhədində məskunlaşdırılıb.

Yaxın Şərqdə nə qədər türkmən var?

Türkdilli əhalinin regiona kütləvi axını 11-ci əsrdə Səlcuq ekspansiyası və 13-cü əsrdə Monqol istilası zamanı baş verib. Həmin tayfalar Ağqoyunlu dövləti zamanında sayca daha da artıblar. Türkləşmənin başqa bir dalğası isə Qaraqoyunlu hökmdarlarının, Şah İsmayıl Səfəvinin və Nadir şahın bu əraziyə türkdilli tayfaları yerləşdirmələri ilə baş verib. Nəhayət, türkdilli əhalinin bölgəyə son axını Osmanlı imperiyasının zamanında olub. Günümüzdə bu ərazidə yaşayan türklər müxtəlif dialektlərdə danışıb, fərqli dini inanclara malik olsalar da, eyni etnik adı daşıyırlar. Mosul ətrafında yaşayan türkmənlərin dili azərbaycancaya çox yaxındır, lakin Kərkük türkmənlərinin dili Anadolu türklərinin dilinə bənzəyir. Bununla belə, İraqın türkmən dialektləri barədə qəti qərarlaşmış bir söz demək mümkün deyil.

Türkmənlərin real sayı barədə razılaşdırılmış bir rəqəm yoxdur. Ehtimallara görə, 25 milyon İraq əhalisi içində türkmənlərin sayı 2 milyondan çoxdur. Hərçənd türkmən nümayəndələrinin özləri bu rəqəmin 3 milyondan yüksək olduğunu iddia edirlər. Lakin çox fərqli rəqəmlərin mövcud olmasına baxmayaraq, türkmənlərin ərəb və kürdlərdən sonra ölkənin üçüncü ən böyük etnik qrupu olduğu şübhəsizdir.

"Sahibsiz türkmənlər yer üzündən silinmək təhlükəsi yaşayır”

Suriya Türkmən Məclisinin sədri Əbdurrahman Mustafa hazırda bölgədə vəziyyətin çox kritik olduğunu bildirib: "Bu gün türkmənlər sahibsizdir. Onlar torpağından qovulub, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıblar. Hər gün Rusiyanın, Fransanın hava hücumları nəticəsində

yüzlərlə dinc insan qətlə yetirilir. Səsimiz heç yerə çatmır. İŞİD-i bəhanə edib türkmənləri qırırlar. Türkmənlər Bəşər Əsəd hökumətinə müxalifətdədir. Ona görə də Suriyanı dəstəkləyən Rusiya türkmənləri hədəf alıb. Türkmənlərin dövləti yoxdur. Biz çox qarışıq beynəlxalq çəkişmənin tam ortasındayıq. Dövlətimiz olmadığı üçün beynəlxalq arenada söz haqqımız tanınmır. Bu durumda iş qardaş Türkiyə və Azərbaycan dövlətlərinin üzərinə düşür. Biz eyni xalqıq, çətinə, dara düşəndə yardımı qardaşdan gözləyirik. Bu gün türkmən siyasətçilər də, türkmən ziyalılar da səslərinə səs verəcək insanlar axtarırlar. Azərbaycan bizim dünya birliyindəki səsimiz ola bilər”.

Ə.Mustafanın sözlərinə görə, Suriyada bu hadisələrə qədər 3 milyon türkmən yaşayırdı. Onlardan 2 milyonu türkməncə, qalanı isə ərəbcə danışır: "Türkmənlərin əsasən yaşadıqları şəhərlər Şam, Hama, Homs, Hələb, Əl-Rikka, Lazikiyyə, Baba Əmir, Tarsus və Colandır. Amma ən çox Lazikiyyədə yaşayırlar. Burada bir türkmən dağı var. Suriya türkmənlərindən daha çox şəhid düşdü, mal zərəri gördülər, evləri yıxıldı, savaşda bir çox ailələr Türkiyə sərhədinə köçürüldü, onların sonrakı durumunun necə olacağı bəlli deyil. Sayımızın 3 milyondan artıq olmasına baxmayaraq, səsimiz duyulmur”.

"Suriya və İraq türkmənləri öz dövlətini qurmalıdır”

AMEA-nın aparıcı elmi işçisi, gənc alim Faiq Ələkbərov bildirib ki, Suriyadakı iç savaşdan ən çox əziyyət çəkən türkmənlərdir: "Son hesablamalara görə, Suriyada təxminən 6 milyona yaxın türkmən yaşayır. Onlar bu ölkənin əsas millətlərindən biridir. Ancaq İraq türkmənləri kimi Suriya türkmənləri də daxili savaşa hazır olmadıqları üçün həm Bəşər Əsəd rejiminin, həm də İŞİD kimi terror təşkilatlarının qurbanına çevrilib. Ötən 5 il ərzində Suriya türkmənləri təşkilatlanmağa, özlərini qorumağa cəhd göstərirlər. Suriyada türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu gün Suriyada, özəlliklə Suriya türkmənlərinin yaşadığı ərazilərdə ABŞ, Avropa, İran və Rusiyanın "at oynatması” yolverilməzdir. Məlum ərəb dövlətləri bunun qarşısını almaq əvəzinə, ya boyunlarını bükürlər, ya da ABŞ və Rusiyanın çaldığını oynayırlar. Doğrudur, Türkiyə Suriya türkmənlərinə dəstək verir. Amma bu, istənilən səviyyədə deyil. Suriya və İraq türkmənləri bir bayraq və dövlət altında birləşməyə hazır olmalıdır. Çünki artıq İraq və Suriyanın təkrar bütünlüyü ciddi sual altındadır. ABŞ və Avropa kürd dövləti otraya çıxartmağa çalışdığı kimi, İraq və Suriya türkmənləri də Türkməneli dövlətini qurmalıdır.

İsmayıl