Suriyalı kamikadze İstanbulu qana boyadı
Partlayış zamanı 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir
Dünən yerli saatla 12:20 radələrində Türkiyənin İstanbul şəhərində Sultanəhməd meydanında güclü partlayış baş verib. İlkin məlumatlara görə, çoxlu sayda ölən və yaralananlar var. Partlayışa bir qrup turistin içərisinə daxil olan "canlı bomba”nın səbəb olduğu iddia edilir. Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları göndərilib. Hadisədə 10 nəfərin öldüyü və 15 nəfərin yaralandığı bildirilir. Ölənlərin arasında alman turistlərin də olduğu barədə məlumatlar yayılır. İkinci "canlı bomba”nın da ola biləcəyi ehtimalı nəzərə alınaraq, Sultanəhməd meydanına bomba mütəxəssisləri göndərilib.
Partlayış xəbərini alan polislər hadisə yerinə gedərkən avtomobil qəzasına uğrayıblar və müxtəlif xəsarətlər alıblar. Təhlükəsizlik qüvvələrinə ilkin yardım ətrafdakı vətəndaşlar tərəfindən edilib. Son xəbərə görə, hadisə yerində çəkiliş aparılması qadağa olunub. Polislər meydanı boşaltmağa çalışır. Vətəndaşlar hadisə yerindən uzaqlaşdırılır. Cəsədlər parça-parça meydana səpələnib. Görüntülər əldə etməyə icazə verilmir. Qeyd edək ki, məlum terror hücumu dünya gündəminin əsas mövzusuna çevrilib. Amerikanın Türkiyədəki səfiri Con Bass tvitter hesabından verdiyi mesajda Sultanəhməd meydanında baş verən terror hadisəsini yaxından izlədiyini bildirib. Səfir həmçinin partlayışdan zərər görənlərin yanında olduğunu da qeyd edib.
Partlayışı İŞİD törədib?
İstanbulun Sultanəhməd meydanında partlayışın arxasında İŞİD terror qruplaşması dura bilər. "Reuters” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə təhlükəsizlik orqanlarındakı mənbə bildirib.
Partlayışda ölənlərin əksəriyyəti turistdir
Türkiyənin İstanbul şəhərində törədilən partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir. Bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: "Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub”.
Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.
Partlayışı suriyalı kamikadze törədib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd meydanında partlayışı törədənin kimliyini açıqlayıb. Məlumata görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: "Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”.
Baş Konsulluq: İstanbuldakı partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.
"İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” - deyə konsulluqdan qeyd ediblər.
Partlayışı törədən kamikadzenin kimliyi müəyyənləşdirilib
İstanbulda partlayış törədən kamikadzenin şəxsiyyəti müəyyənləşib. "Reuters” agentliyi xəbər verir ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş hadisəni 1988-ci il təvəllüdlü suriyalının törətdiyini təsdiqləyib. "Onun şəxsiyyəti hadisə yerində tapılan ayrı-ayrı bədən üzvlərinin sayəsində identifikasiya olunub”. Kurtulmuş həlak olanların bir hissəsinin də əcnəbi vətəndaşlar olduğunu deyib. Onun sözlərinə görə, 15 yaralıdan 2-nin vəziyyəti xüsusi ilə ağır olduğu üçün onların müalicəsi intensiv şəkildə aparılır.
Partlayışda Almaniya, Norveç və Peru vətəndaşları xəsarət alıb
İstanbulun Sultanəhməd meydanında baş verən partlayışda xəsarət alanların vətəndaşlığı məlum olub. Partlayış zamanı xəsarət alan 15 nəfərdən 6-sı Almaniya vətəndaşıdır. Bundan başqa, yaralılar arasında Norveç və Peru vətəndaşlarının da olduğu bildirilir. Xatırladaq ki, Sultanəhməd meydanı İstanbulun tarixi səmtlərindən biri sayılır.
Partlayışın başvermə səbəbləri barədə "Şərq”ə danışan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu qeyd edib ki, Türkiyədə baş verən terror aktları birbaşa Yaxın Şərqdə və Yaxın Şərq ətrafında baş verən hadisələrlə əlaqəlidir: "Hazırda ortada Suriya konflikti var. Digər yandan Səudiyyə Ərəbistan və İran arasında qarşıdurma mövcuddur. Bu münaqişələrin hər birində də rəsmi Ankaranın konkret mövqeyi var. Bilavasitə Türkiyə bu münaqişələrdə tərəfdir.”
Həmçinin ekspert söyləyib ki, Rusiya-Türkiyə arasında təyyarə olayı davam etməkdədir: "Bunlar da özünü müxtəlif fəsadlarla göstərir. Yəni Türkiyəyə qarşı İŞİD və PKK-dan istifadə olunur. Bir qalır ki, adıçəkilən terror təşkilatlarına sponsorluq edən kimlərdir. Türkiyəyə qarşı fəaliyyətini kimlər sifariş edir. Ümumilikdə proseslər ürəkaçan deyil. Suriya konflikti nəticəsində Türkiyə daxilində ən azı 2 milyon Suriya qaçqını məskunlaşdırılıb. Şübhəsiz ki, bunların arasında yüzlərlə terrorçu sığınacaq tapıb. Və onlar zamanı çatanda sponsorlarının tapşırığı ilə terror faktlarını həyata keçirirlər”.
Ə.Oruclunun sözlərinə görə, hazırda dünyada qaranlıq qalan məsələlərdən biri İŞİD-ə sponsorluq edənin kimliyini bəlli etməkdir: "Bir tərəfdən ABŞ və Səudiyyə Ərəbistanını ittiham edir. Digər tərəf İranı təqsirləndirirlər. Bir tərəf Rusiyanı qınayır. Moskva isə başqasını günahlandırır. Nə qədər ki, bu terror təşkilatlarının sifarişçisi məlum olmayacaq, Türkiyəyə qarşı atılan addımların səbəbini demək çətin olacaq. PKK ilə bağlı məsələ daha şəffafdır. Rusiya rəsmiləri PKK-nı dəstəklədiklərini aydınca bildirirlər. Amma İŞİD-in sponsoru bilinmir. Ona görə də terroru kimin törətməsi məsələsini dəqiq demək olmur”.
Ayyət Əhməd