Sürücü gəlib çıxırsa, evakuasiya dərhal dayandırılmalıdır

İndi bu qaydanı pozan yol polisləri də 300 manat cərimələnəcək


Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan şəxslərin daha intizamlı olmasını təmin etməyə yönələn maraqlı yenilik var.

Avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən (evakuasiya avtomobili hərəkətə başlayanadək) gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir. Amma bəzən sürücü gəlib çıxsa da, onun avtomobilinin evakuatorla aparılmasına da rast gəlinir. Yeni Məcəllə belə halda, yəni sürücünün gəlib çıxmasına baxmayaraq, avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər. Ekspert Ərşad Hüseynov əvvəlki Məcəllədə sürücü hadisə yerində olduğu halda avtomobili evakuasiya edən şəxslərə qarşı heç bir cərimə tətbiq edilmədiyini deyib: "Qanuna görə, dayanacaqda park olunmuş avtomobil evakuasiya edilən zaman sürücü gəlib çıxırsa, evakuasiya dərhal dayandırılmalı, sürücüyə isə cərimə yazılaraq avtomobilini həmin ərazidən götürmə xəbərdarlığı edilməlidir. Sürücü avtomobilin yanında olduğu halda evakuasiya qadağandır. Amma həmin qadağanı pozmağa görə cərimə tətbiqi yenidir. Əvvəllər belə bir cərimə yox idi”. Yeni qaydaların nə dərəcədə effektiv olacağına gəldikdə isə Ə.Hüseynov deyib ki, evakuasiya ilə məşğul olanlar bundan sonra daha ehtiyatlı olacaqlar. Ekspert deyib ki, sürücünün hadisə yerində olub-olmamasından asılı olmayaraq dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobil mütləq cərimələnməlidir. Çünki ortada bir qanun pozuntusu var.

Şəymən