Polislərin gizli xidmət aparması tam qanunidir
Noyabr ayının 12-dən Rusiyanın paytaxtı Moskvada gizli yol patrulları xidməti fəaliyyətə başlayıb. 2016-cı ilin yanvarın 1-dən isə bu patrulların bütün Rusiya ərazisində xidmət edəcəyi nəzərdə tutulub. Bu addım təkcə Rusiyada atılmayıb. Bir çox ölkələrdə də polislər gizli xidmət növlərini həyata keçirirlər.
Yaxın zamanlarda Azərbaycanda da yol polisində belə bir gizli xidmət tətbiq ediləcəyi istisna deyil. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, artıq bizdə də qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək: "Yəni sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər. Azərbaycanda yollarda stasionar postlar, kamera və radarlar var və bunu bildirən müvafiq xəbərdaredici nişanlar quraşdırılıb. Sürücülər onları görəndə avtomobili daha normal və aşağı sürətlə, amma oranı ötüb keçən kimi yenidən yüksək sürətlə idarə edir, bəzən isə "şaşkivari” manevrlərlə, yəni yolda tez-tez sağa-sola keçərək digərlərinin hərəkətinə maneçilik törədirlər. Ona görə də hesab edirik ki, bizdə də bu xidmət növlərindən istifadə olunmalıdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov polislərin gizli xidmət formasının qanuni əsasları olduğunu deyib:
"Yol-patrul xidmətinin aparılması” haqqında Təlimata əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər. Təlimatda əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür. Hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır. Gizli nəzarət xüsusi rəng qrafikası, işıq və səs siqnalı olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır. Belə halda da əslində nömrə də fərqli olmalıdır ki, heç kəs bu avtomobilin DYP-yə aid olduğunu başa düşə bilməsin”. Ekspertin sözlərinə görə, gizli xidmətdə olan hər hansı əməkdaş sürücünü və ya başqa hərəkət iştirakçısını dayandırmaq, onu inzibati məsuliyyətə cəlb etmək hüququna malik deyil. Çünki bu, gizli xidmətin mahiyyətinə ziddir: "Gizli xidmətdə olan əməkdaş ya hüquq pozuntusu törətmiş konkret şəxs üzərində nəzarət apararaq onun ifşa edilməsini təmin edir, ya da ümumi şəraitə gizli nəzarət edərək hüquq pozuntuları barədə məlumatı aşkar xidmətdə olan əməkdaşlara və ya DYP-nin bölmə və hissələrinə ötürür. Özü də gizli xidmət DYP bölmə və ya hissə rəislərinin, taqım komandirlərinin və daha yuxarı vəzifəli şəxslərin əmri ilə təşkil olunur və həyata keçirilir. Qarışıq nəzarət isə xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri biri-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər. Gizli nəzarət vaxtı xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür”.
Ə.Hüseynov deyib ki, gizli yol patrullarının yaradılmasında məqsəd sürücülərin daha intizamlı olmasına və yol hərəkəti qaydalarına əməl etməsinə yönəlib: "Sürücülər üzərlərində daim nəzarət hiss etsələr, daha məsuliyyətli olacaq, qaydaları pozmağa daha az həvəsli olacaqlar. Sürücülər bilməlidir ki, onlara hər yerdə, hər cür nəzarət edilir. Onların görmədiyi gözlər belə onları görür. Əgər sürücülər bütün yol hərəkəti qaydalarına əməl etsələr, yol təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanmaz. Bir sözlə, qanun çərçivəsində həyata keçiriləcəksə, Azərbaycanda gizli patrul xidmətinin reallaşdırılmasını müsbət addım hesab edirəm”.
Şəymən