Süründürməçiliyə son...

Həyət evlərinin qeydiyyat məsələsini yubanmadan həll etmək lazımdır



Həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək. Komitə rəsmisinin sözlərinə görə, hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək:

"Bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşmə işində iştirak etmir. "Bir pəncərə” prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedur aradan qaldırılıb”.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə "Şərq”ə söyləyib ki, bu məsələni tezliklə həll etmək lazımdır. Təşkilat sədrinin sözlərinə görə, problemin uzun illər həll olunmamış qalması dövlətin özünə də xeyir gətirmir: "Minlərlə daşınmaz əmlak var ki, heç bir qeydiyyatı yoxdur. Ona görə də, Əmlak Məsələləri üzrə Komitə süründürməçiliyi dayandırıb, hərəkətə keçməlidir. Məsələ şəffaf şəkildə korrupsiya faktlarına yol vermədən həll olunmalıdır”.

Bütün daşınmaz əmlakın sənədləşməsinə gəlincə, ekspert söyləyib ki, onların hamısının sənədləşdirilməsi mümkün olmayacaq: "Məsələn, yüksək gərginlikli elektrik xətlərinin altında tikilən daşınmaz əmlaklar mövcuddur. Bu əmlakı rəsmiləşdirmək üçün həmin xətti kənarlaşdırmaq lazımdır. Əks halda onu sənədləşdirmək mümkün olmayacaq. İkincisi, magistral kəmərlərin üstündə inşa edilmiş daşınmaz əmlakları da sənədləşdirmək mümkünsüzdür. Burada artıq əmlak məsələsi üzrə komitəni qınamaq düzgün deyil. Ona tikinti aparmaq üçün icazə verən yerli icra orqanları günahlandırılmalıdır. Dəmir yol xətlərinə yaxın tikilən mülkləri sənədləşdirmək olmaz. Qanunsuz yerlərdə tikilən evlərə sərəncam verən qurumlar məsuliyyət daşımalıdır. Eyni zamanda dövlət başçısı da bununla bağlı qaydalar müəyyən edib, fərman da verdi”. S.Məmmədov onu da əlavə edib ki, qanunsuz ərazilərdə inşa edilən daşınmaz əmlaklar sökülməlidir: "Həmin əhaliyə kompensasiya verilməlidir. Amma təəssüf ki, qanunsuz yerlərdə qanunsuz tikinti bu gün də aparılır. Yəni yerli icra orqanları indi də bu cür böyük özbaşınalığa yol verirlər”.

Ayyət Əhməd