Talassemiya xəstələri aksiya keçirməyib

Səfayə Məmmədova: “Mərkəzin binası qarşısına toplaşanlar talassemiya xəstələrinin təmsil olunduğu qeyri- hökumət təşkilatının üzvləridir”
Talassemiya Mərkəzinin binası önündə keçirilmiş etiraz aksiyasına Səhiyyə Nazirliyindən cavab verilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova "Şərq”ə açıqlamasında yayılan xəbərlərin qeyri-dəqiq olduğunu bildirib.
S.Məmmədovanın sözlərinə görə, Mərkəzin binası qarşısına toplaşanlar talassemiya xəstələrinin təmsil olunduğu qeyri-hökumət təşkilatının üzvləridir. Onlar Azərbaycana dəvət etdikləri talassemiya mütəxəssisi ilə Mərkəzin binasında görüş keçirmək istəyiblər. Lakin bu görüş Səhiyyə Nazirliyi ilə əvvəlcədən razılaşdırılmadığından keçirilməsinə icazə verilməyib. Təşkilat üzvlərinin narazılığının səbəbi bu olub.
Qeyd edək ki, ANS Press.com-un məlumatında etiraz edənlərin Talassemiya Mərkəzindəki şəraitsizlikdən, ölüm hallarının artmasından narazılıq etdikləri bildirilirdi. S.Məmmədova isə bunun həqiqətəuyğun olmadığını qeyd etdi: "Talassemiya Mərkəzinin qapıları hər zaman hamıya açıqdır. Nə vaxt istəsəniz, gedib şəraitlə tanış ola bilərsiniz. Talassemiya Mərkəzi birbaşa dövlət nəzarətində olan tibb müəssisəsidir. Bəlkə də ən birinci tibb müəssisəsidir ki, ora xüsusi qayğı və nəzarət var. Mərkəz təmir olunub, ən müasir avandanlıqlarla təchiz edilib. Mərkəzdə ilik əməliyyatları aparılır. Burada hər hansı şəraitsizlikdən söhbət gedə bilməz. Sadəcə, SN QHT-nin tədbir keçirməsinə icazə vermədiyi üçün müəyyən gərginlik yaşanıb”.
Bunu da xatırlatmaq yerinə düşər ki, hər il Məhərrəm ayının 10-u - Aşura günü ölkə ərazisində keçirilən qanvermə aksiyalarında məhz talassemiya və hemofiliya xəstələri üçün qan ehtiyatı toplanır.
Məlahət Rzayeva