TANAP qlobal layihədir

“Bu layihə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxması üçün möhkəm bünövrədir”




TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizi layihəsi dörd hissədən ibarətdir və dəyəri 40 milyard dollar həcmindədir. Azərbaycandan başlayan boru kəmərinin əsas seqmentləri TANAP və TAP-dır. 4-cü hissə isə Türkmənistan qazının nəqlini nəzərdə tutan "Transxəzər” qaz kəməridir. Hələ ki, müəyyən problemlərə görə, dənizin dibi ilə kəmərin çəkilməsi ləngiyir. Amma yaxın perspektivdə inşa işlərinin reallaşması gözlənilir.

Azərbaycanın "Şahdəniz” konsedant yatağının ikinci mərhələsindən başlayaraq, ixrac edilən qaz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. TANAP vasitəsi ilə 16 milyard kubmetr qaz bu boru kəmərindən ixrac ediləcək. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubu isə Avropaya ixrac ediləcək. Ekspertlərin həmrəy fikrinə görə, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bununla yanaşı, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdısa, bu gün yeddi ölkə bu layihədə iştirak edir.

Millət vəkili Aydın Hüseynov "sherg.az”a deyib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP layihəsi Prezident İlham Əliyevin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində atdığı qətiyyətli addımlardan biridir. Deputat vurğulayıb ki, bu kimi beynəlxalq layihələrin həyata keçirilməsində Türkiyənin, xüsusilə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyini qeyd etmək mütləqdir: "Türkiyə ilə Azərbaycanın beynəlxalq arenada bir-birini dəstəkləməsinin nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və nəhayət, Cənub Qaz Dəhlizi kimi layihələr uğurla reallaşdırıldı. Bu onu göstərir ki, Türkiyə və Azərbaycanın qardaşlığı tək iki xalqın maraqlarına söykənmir, eyni zamanda bütün bəşəriyyətə töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizi və bunun fonunda TANAP layihəsi həm Türkiyənin, həm də Azərbaycanın regionda nüfuzunu artırır. İki qardaş ölkənin bir-biri ilə ticari, iqtisadi əlaqələri getdikcə dərinləşir. Türkiyə və Azərbaycanın dünyadakı mövqeyi də möhkəmlənməkdə davam edir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə TANAP-ın istifadəyə verilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib:

 "Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə vəsaiti və ölkəmizə investisiya qoyuluşu yox dərəcəsində idi. Bu gün isə Azərbaycan dünyanın ən nəhəng neft-qaz layihələrində iştirak edir. Daha doğrusu, dünya neft siyasətində mühüm bir oyunçuya çevrilib. Bu kimi nailiyyətlər barədə çox danışmaq olar. Bütün bu uğurlar onun nəticəsidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil siyasət yeridib. Təbii sərvətlərinin sahibi olduğunu konkret əməllərlə nümayiş etdirib. Müstəqilliyin ilk illərindən təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də "Əsrin Müqaviləsi”ni imzalamaqla gələcək üçün böyük təməl qoyuldu. 

Bu gün isə dünyanın ən nəhəng transmilli neft-qaz layihələri Azərbaycan vasitəsilə həyata keçirilir. TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu xətti, qədim İpək Yolunun bərpası ilə əlaqədar görülən işlər Azərbaycanın müstəqilliyini gücləndirir, iqtisadi təhlükəsizliyini təmin edir. Bütövlükdə isə yaxın və uzaq gələcək üçün möhkəm, siyasi-iqtisadi əsaslar yaradır. Adlarını çəkdiyimiz layihələr Azərbaycan üçün daimi konseptualdır, gəlir mənbəyidir, siyasi mövqedir və daimi iş yerlərinin yaradılmasıdır. Son nəticə etibarı ilə isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxması üçün möhkəm bünövrədir”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvar da bəyan edib ki, alternativi olmayan TANAP layihəsi qaz kəməri keçən ölkələrlə yanaşı, Avropa ilə Xəzər regionu arasında da güclü əlaqələrin meydana gəlməsinə səbəb olacaq: "Kəmər bölgənin təkcə qazla təmin olunması baxımından deyil, eyni zamanda sülh və əmin-amanlığın yaranmasında da müstəsna rola malik olacaq. Bu layihənin reallaşması həmçinin Türkiyənin enerji paylayıcı mərkəzi rolu oynaması baxımından da mühüm əhəmiyyət kəsb edir. TANAP-ın açılışı ilə Türkiyənin enerji paylayıcı mərkəzə çevrilməsi ölkəmizin mövqeyini bölgədə və dünyada artırmaqla möhkəmlədəcək. Bu, eyni zamanda, Türkiyənin milli və enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyətə malikdir”.

İsmayıl