"TANAP Türkiyə və Azərbaycanın regionda nüfuzunu artırır" - Deputat






""Cənub Qaz Dəhlizi” və onun tərkib hissəsi olan TANAP layihəsi prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində atdığı qətiyyətli addımlardan biridir”.

Bunu "Sherg.az”a TANAP layihəsinin istifadəyə verilməsinin Türkiyə və Azərbaycan birliyi fonunda əhəmiyyətindən danışarkən millət vəkili Aydın Hüseynov söyləyib.

Deputat vurğulayıb ki, bu kimi beynəlxalq layihələrin həyata keçirilməsində Türkiyənin, xüsusilə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyini qeyd etmək mütləqdir:

"Türkiyə ilə Azərbaycanın beynəlxalq arenada bir-birini dəstəkləməsinin nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və nəhayət, "Cənub Qaz Dəhlizi" kimi layihələr uğurla reallaşdırıldı. 

Bu onu göstərir ki, Türkiyə və Azərbaycanın qardaşlığı tək iki xalqın maraqlarına söykənmir, eyni zamanda bütün bəşəriyyətə töhfə verir. "Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

"Cənub Qaz Dəhlizi” və bunun fonunda TANAP layihəsi həm Türkiyənin, həm də Azərbaycanın regionda nüfuzunu artırır. İki qardaş ölkənin bir-biri ilə ticari, iqtisadi əlaqələri getdikcə dərinləşir. Türkiyə və Azərbaycanın dünyadakı mövqeyi də möhkəmlənməkdə davam edir”.

Qeyd edək ki, TANAP-ın açılış mərasimində çıxış edən prezident İlham Əliyev layihənin istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü adlandırıb:
"TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir”.

Aysel Aslan