Ankara arzuladığı bufer zonanı yarada bildi
“Suriyada daha da irəliləmək bir çox regional və dünya oyunçularında qıcıq yarada bilər. Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələri mövcuddur”
NATO Türkiyəyə Afrindəki əməliyyatın miqyasını və müddətini azaltmağı təklif edib. Alyansın baş katibinin müavini Rouz Qetemüller bildirib ki, Türkiyə hərbi təşkilatın dəyərlərini unutmamalıdır: "Türkiyə Afrindəki əməliyyatlarda proporsionallıq prinsipinə əməl etməlidir, mülki şəxslər hədəf olmamalıdır. Əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır”.
Xatırladaq ki, NATO əməliyyatla bağlı "tövsiyyəsi” ilə yanaşı, Türkiyəyə "S-400” raketlərinin fəsadları barədə də bir neçə dəfə xəbərdarlıq edib. Hərbi alyans rəsmisinin "yumşaq etiraz” formasında səsləndirdiyi ifadələri Türkiyəyə "stop” çağırışı kimi dəyərləndirmək olarmı?
Mövzu ilə bağlı fikirlərini "Şərq”ə bölüşən siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, Yaxın Şərqdə yeni konfiqurasiyalar qurulmaqdadır. ABŞ-ın siyasətindən narazı qalan və bundan konkret zərər çəkən dövlətlərin vahid alyansının konturları cızılmaqdadır:
"Türkiyənin coğrafi mövqeyi elədir ki, həmişə ona ehtiyac duyulub. Elə bu səbəbdən ABŞ-ın rəqibləri Türkiyə, Çin və Hindistanla müəyyən strateji əlaqələr qura bilirlər. Ancaq bu cür birliklər, xüsusən Rusiya-Türkiyə yaxınlaşması Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun deyil. Türkiyə NATO ölkəsi olaraq İncirlikdə yerləşən Amerika bazasının fəaliyyətini dayandıra bilər. Bu baxımdan Vaşinqton Ankara ilə gərgin münasibət yaratmaqda maraqlı deyil.
Lakin burada incə bir məqam mövcuddur. Vaşinqton siyasi dairələrində uzun müddətdir ki, "Azad Kürdüstan”ın yaradılması ssenarisinin mövcudluğu barədə danışırlar. Türkiyə isə məntiqə uyğun olaraq, bu cür təşəbbüslərə qarşı çıxır və ABŞ-ın bu fikrindən geri dönməsini tələb edir. Reallıq isə odur ki, Ankara yalnız hərbi mövcudluğu ilə bu plana qarşı çıxa bilər. Türkiyə hazırda regionda və dünyada tarazlıq axtarışındadır. Türkiyə arzuladığı bufer zonanı yarada bildi. Suriyada daha da irəliləmək bir çox regional və dünya oyunçularında qıcıq yarada bilər. Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələri mövcuddur”.
Ekspert deyib ki, Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər:
"Yeni əməliyyatın tamamilə fərqli məqsədləri olacaq. Ankara Afrindən sonra Membiçi, daha sonra isə Hasekəni, Qəndili hədəf seçəcək. Lakin Membiçə qoşun yeritmək ABŞ-la hərbi qarşıdurma anlamına gəlir. Elə Vaşinqtonun da ehtiyat etdiyi məsələlərdən biri Ankaranın Afrindən sonra Menbiçdə mümkün əməliyyat keçirməsi ehtimalıdır. Məsələ ondadır ki, Menbiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Menbiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar. Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir”.
İsmayıl Qocayev