Tarixi hadisə...

Azərbaycan müstəqilliyini və rifahını zəmanət altına alır



"Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan müstəqil siyasət aparan, güclü iqtisadiyyata malik olan bir ölkədir”. Bunu Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib. Dövlət başçısı vurğulayıb ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artıb.

Ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub: 

"Biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. İqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə, Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. 

Ancaq ölkənin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”. Demək olar ki, bütün ekspertlər hesab edirlər ki, Cənub Qaz Dəhlizinin açılışı qlobal geosiyasi nəticələri olan çox mühüm geoiqtisadi layihədir. Hər şeydən əvvəl bu layihə dünyada güclənməkdə olan geosiyasi kataklizmlər dövründə Azərbaycanın təhlükəsizlik qarantlarından biridir. CQD təkcə geosiyasi deyil, eyni zamanda maliyyə-iqtisadi, siyasi təhlükəsizlik amilidir. 

Bu, Azərbaycanı Suriyaya çevirmək istəyənlərin qarşısına çəkilmiş təhlükəsizlik səddidir. Nəhayət, Ermənistanla qarşıdurmada Azərbaycanın gücünə güc qatan bir gedişdir. Cənub Qaz Dəhlizinin hərtərəfli önəmi təkcə yerli ekspertlər deyil, tanınmış beynəlxalq mütəxəssislər, iqtisadçılar tərəfindən də yüksək qiymətləndirilir.
Enerji məsələləri üzrə ekspert, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da Cənub Qaz Dəhlizinin önəminə diqqət çəkib. 

Brayza bildirib ki, kəmərin istifadəyə verilməsi ilə Azərbaycan öz müstəqilliyini və rifahını zəmanət altına alır: 

"Bu, Azərbaycan və Avropa İttifaqı üçün tarixi hadisədir. Mən hamıdan öncə Cənub Qaz Dəhlizinin güclü dəstəkçisi idim. Amerikadakı həmkarlarımla birlikdə çalışırdıq ki, Vaşinqtona Cənub Qaz Dəhlizinin əhəmiyyətini izah edək və bununla bağlı dəstək siyasətinə nail olaq. Brüsseldə bir neçə ilimi layihənin Avropa üçün önəmini izah etməyə sərf etdim. Xatırlayıram, bir dəfə Amerika Birləşmiş Ştatlarının prezidenti mənə dedi ki, Avropanın özü kifayət qədər dəstək vermədiyi halda, biz niyə onu bu qədər dəstəkləyirik? Artıq bu gün hər kəs ortaq fikirdədir. Reallıq budur ki, qaz kəmərə ötürüldü. İyunun 12-də Türkiyənin Əskişəhir şəhərinə çatacaq”. CQD-nin əhəmiyyətindən danışan Metyu Brayza deyib ki, bu layihə Azərbaycan üçün geosiyasi baxımdan daha önəmlidir: "Azərbaycan qaz ixracından özünü Avropa İttifaqına fiziki olaraq bağlamaq üçün istifadə etdi. Avropa üçün bu layihə yalnız ixrac olunacaq qazın həcmi baxımından əhəmiyyətli deyil, həm də ona görə vacibdir ki, Cənub Qaz Dəhlizi rəqabət mühiti yaradır. Digər satıcılar, məsələn, Qazprom bazar şərtləri ilə davranmağa məcbur olur. Bu, avropalı istehlakçılar üçün əladır”.

Politoloq İlqar Vəlizadə də bildirib ki, CQD-nin fəaliyyətə başlaması göstərir ki, Azərbaycan bütün hədəflərinə çatmağa qadirdir: 

"Bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər. Cənub Qaz Dəhlizi çoxşaxəli layihədir. Layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə irimiqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu, həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir”.

İsmayıl