Təhlükə hər an var

İŞİD-in Orta Asiyada və Cənubi Qafqazda baş qaldırması faktını qətiyyən inkar etmək olmaz



Rusiya Prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində bölgə ölkələrini İŞİD təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb. Putin bildirib ki, hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onlar geri qayıdaraq ciddi təhdidə çevrilə bilər. Rusiya mətbuatında da İŞİD sıralarında döyüşənlərin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana qarşı nə dərəcədə təhdid olduğuna dair məqalələr dərc olunub. Məqalələrdə iddia olunub ki, Rusiyanın Suriyada həyata keçirməkdə olduğu əməliyyat nəticəsində ekstremistlər bu ölkə ərazisində öz fəaliyyətlərinə düzəlişlər ediblər. Onların bir hissəsi regionu tərk etməyə başlayıb. Terrorçuların gedə biləcəyi mümkün marşrutlar arasında Orta Asiya ilə yanaşı, Cənubi Qafqaz respublikaları da var. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da deyib ki, İŞİD-in Orta Asiyada və Cənubi Qafqazda baş qaldırması faktını qətiyyən inkar etmək olmaz. Çünki islam modelinə dayanan cəmiyyətlərdə belə təhlükə hər zaman gündəmdədir: "Son günlər İŞİD-lə bağlı növbəti əməliyyat həyata keçirildi və Suriya çöllərində, müxtəlif qruplarda savaşan bir qrup azərbaycanlı həbs edildi. Etiraf etmək lazımdır ki, prosesə sadəcə olaraq hüquq-mühafizə orqanları daxilində nəzarət etmək, kifayət qədər mürəkkəb bir məsələdir. Ölkədə dini işlər üzrə müvafiq komitə ötən dövr ərzində, ölkəboyu genişmiqyaslı fəaliyyət aparmağa başlayıb. Həmçinin, cəmiyyətin özündə də bu məsələyə baxış əvvəlki illərlə müqayisədə çox dəyişilib. Hazırda insanlarımız anlayırlar ki, Suriyaya getməklə cənnətə deyil, cəhənnəmə düşə bilərlər. Sosial şəraitini anidən dəyişmək istəyən insanlar da Suriya variantından vaz keçirlər”. Z.Oruc onu da bildirib ki, əvvəllər İŞİD-in tərkibində olan azərbaycanlılar hər zaman təhlükəlidir: "Bizə bəllidir ki, o qruplara düşənlər, heç zaman onlardan asanlıqla ayrıla bilmirlər. Əlaqələr bir şəbəkə halında saxlanılır. İfşa edilmə qorxusu isə onları növbəti cinayətlərə sürükləyir. Bu baxımdan dünya və bölgə ekspertlərinin İŞİD-in Azərbaycan üçün nə dərəcədə təhlükəli olması ilə bağlı şərhlərini bir kənara qoyub, məsələyə başqa aspektdən yanaşmaq lazımdır. İŞİD-çi elementlərin Azərbaycanda müxtəlif təxribatları ola bilər. Təəssüflə qeyd edirəm ki, regionda risk elementləri kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, silahların mütəşəkkil qaydada bir ərazidən digərinə keçmə ehtimalları hələ də mövcuddur. Belə olan təqdirdə, qeyd etdiyimiz kimi, İŞİD ssenarisində yer alan insanların bizdə də təxribatlar törətməsi baş verə bilər. Buna qarşı dövlətimiz ən yüksək səviyyədə mübarizə həyata keçirir. Ancaq burada cəmiyyətdən də bəzi məsələlər çox asılıdır. Qonşu, qohum və digər səbəblərdən göz yumduğumuz təhlükənin özü sonradan ağır terror hadisələri kimi üstümüzə qayıda bilər”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da hesab edir ki, İŞİD Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər: "Düzdür, coğrafi sərhədlər İŞİD-ə İraq və Suriyada olduğu kimi sərbəst hərəkət etməyə imkan vermir. Amma terrorçu azərbaycanlıların ölkəyə geri dönməsi və burada vəziyyəti qəlizləşdirməsi mümkündür. Bu baxımdan dövlətin ən ciddi tədbirləri İŞİD-ə qarşı görülməlidir. Terrorçulara qarşı addımlar təkcə sərhədi keçən azərbaycanlıların saxlanılması ilə kifayətlənməməlidir. Təhlükəsizlik tədbirləri genişləndirilməli və qonşu ölkələrlə əməkdaşlıq edilməlidir”. Ekspertin sözlərinə görə, İŞİD bütün dünya üçün təhlükəlidir: "İŞİD tərəfdarı olan vəhhabilər öncədən də Şimali Qafqazda dövlət strukturları ilə faktiki mübarizə aparırdılar. Ona görə Rusiya yaxşı bilir ki, İŞİD-in müəyyən tərəfdarları istənilən vaxt Şimali Qafqaza keçmək üçün Azərbaycandan istifadə edə bilərlər. Çünki sözügedən qruplaşmanın tərəfdarları bizdə də var. Təbii ki, Şimali Qafqazda daha çoxdur. Əsas məsələ həmin qruplaşmanın Azərbaycandan tranzit ölkə kimi istifadə etmək məsələsidir. Ümumiyyətlə, terrorun nə böyüyü, nə də kiçiyi olur. Cəmiyyətdə baş verən istər xırda, istərsə də irimiqyaslı partlayışlar öz mənfi təsirini göstərib, insanlar arasında şok yaradır. Bunun üçün də Azərbaycan ayıq olmalıdır”. İ.İsmayıl onu da bildirib ki, Azərbaycanın İraq və Suriya ilə sərhəd olmaması təhlükəni azaltmır: "Əlbəttə ki, İŞİD-in qoşun və iri maşınlarla Azərbaycana gəlməsi inandırıcı deyil. Lakin onların tərəfdarlarının artması ölkəmiz üçün təhlükəlidir. Çünki kifayət qədər maliyyələri var və Azərbaycandan qaçaq yolla silah-sursat keçirmək planlarını həyata keçirə bilərlər”.

İsmayıl