Təhsildəki uğurlar onların çiynindədir

Repetitorları vergiyə cəlb etmək çox çətin olacaq
“Müəllimə nə düşüb ki, aşağısı 12-18 saat dərs keçəndən sonra məktəbdə qalıb və ya evə gəlib yenə şagird hazırlaşdırsın? Deməli, burada ehtiyac meyarı var”



Repetitorların vergiyə cəlb olunacağı xəbərləri müəllimləri təşvişə salıb. Məlumdur ki, repetitorluq son 15 ilin ən yayqın fəaliyyət növüdür. Əksər müəllimlər dərsdən əlavə müəllimliklə - repetitorluqla məşğul olur. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar.

Amma bunu hər müəllimə də aid etmək doğru deyil. Repetitorluq təhsilimiz Avropa standartlarına inteqrasiya etdikcə özünə yer elədi. Yeni təhsil standartları yeni öyrətmə metodunu da ortaya gətirdi və repetitorluq fəaliyyəti belə yayıldı. Məsələn, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə, demək olar, absurd görünür. Bunun test tapşırıqları var, sinif müəllimlərinin belə həll edə bilmədiyi misalları, məsələləri, açıq sualları, məntiqi-filanı var... Hazırlıq kurslarının özü repetitorluğun bir növüdür. Fərq burasındadır ki, hazırlıq kursları icarəyə götürülmüş ofislərdə, hansısa binalarda yerləşir, fərdi repetitorluqla məşğul olanlarsa, ya işlədiyi məktəbdə dərsdən sonra qalıb şagirdləri hazırlaşdırır, ya da uşaqlar müəllimin evinə yığışır. Hazırlıq kursları ilə məsələ asandır, görünən dağa nə bələdçi. Fəaliyyət və bunun nəticəsində gəlir varsa, vergi də ödənməlidir. Hələ məktəbi demirik, bəs mənzilində şagirdlərə əlavə dərs keçən fağır müəllim vergiyə necə cəlb olunacaq? Kimsə uşağın ardınca düşüb, qarabaqara onu izləyəcək görüm, hara gedir, kimin qapısını döyür və orada nə işlə məşğul olur? Yoxsa, bu işi sahə müvəkkillərinə tapşıracaqlar - necə ki, biri həyətində ayaqyolu tikəndə, "uçastkovı” başının üstünü kəsdirib "haqqını” alıb gedir, müəllimdən haqq alınmasını da onlara tapşıracaqlar?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında repetitorların vergiyə cəlb edilməsinin çox çətin proses olacağını bildirdi:

- Mən bunun mexanizmini bilmirəm. Necə edəcəklər, hansı yolla? Belə bir təcrübə ilə də tanış deyiləm. Repetitorluq təcrübəsi dünya ölkələrində geniş yayılıb. Hətta Yaponiyada repetitor köməyindən hər valideyn istifadə edir. Dərsdən sonra uşaqlarını repetitorluq hazırlığına göndərirlər. Yəni, bu, geniş yayılmış tədris üsuludur. Xüsusilə nəzərə alsaq ki, hazırda məktəb proqramı necə çətindir, necə qəlizdir, şagirdlərin repetitor dəstəyi olmadan tədris proqramını tam qavraya biləcəyi mümkün deyil. İndi ibtidai sinif proqramı elə qəlizləşdirilib ki, heç müəllimlər özü başa düşə bilmir, o ki qaldı, uşaqlar. Valideyn məcburdur ki, uşağını əlavə müəllim yanına hazırlığa göndərsin. Hazırda ibtidai sinif riyaziyyat dərsliyindəki anlaşılmaz tapşırıqları yalnız ali məktəb müəllimləri həll edə bilir. Valideyn onun həllini ali məktəbdə dərs deyən müəllimdən, ya da tətbiqi riyaziyyat mütəxəssisindən soruşur. Belə vəziyyətdə repetitorlarsız keçinmək qeyri-mümkündür. Görürsünüz, dərsliklərdə nə qədər səhvlərə yol verilir. Tədris proqramının həddindən artıq ağır olması faktdır, neçə dəfə bu barədə danışılıb, etirazlar bildirilib. Ən yaxşı, savadlı müəllim də dərs saatında bu proqramı tədris edib başa vura bilmir. Ona görə də şagirdlərə əlavə vaxtda dərs keçmək zərurəti yaranır. İkinci səbəb, ehtiyacdır. Kim istəməz ki, işdən gəlib, evində rahatlansın, beyni sakitləşsin. Əqli əməklə məşğul olmaq çox ağırdır. Müəllimə nə düşüb ki, aşağısı 12-18 saat dərs keçəndən sonra məktəbdə qalıb və ya evə gəlib yenə şagird hazırlaşdırsın? Deməli, burada ehtiyac meyarı var. Hamımız bilirik ki, müəllimin əmək haqqı aşağıdır. Müəllimin çəkdiyi zəhmət müqabilində aldığı əmək haqqı çox azdır. Buna görə müəllimlər əlavə şagird hazırlaşdırır. Burada fəaliyyətin daşıdığı missiyanın çox böyük önəmi var. Burada daha çox savad vermək, daha çox biliklərə yiyələnmək var. Repetitorluq sayəsində şagirdlər biliklərə daha yaxından yiyələnir. Bir halda ki, təhsil dövlət siyasətinin əsas və ən başlıca prioritet sahələrindən biridir, müəllimlərin repetitorluq etməsinə əngəl olmaq yox, əksinə, onu stimullaşdırmaq lazımdır. Məhz təhsil prioritet sahə olduğu üçün repetitorluq fəaliyyəti vergidən kənar saxlanmalıdır. Dünyanın bir çox ölkələrində məhz belədir. Təki uşaqlar təhsil alsın, biliyə yiyələnsin deyə, müəllimlərə heç bir məhdudiyyət qoyulmur. Həm də repetitorluq elə də gəlirli sahə deyil axı. Nə qazanır, müəllim repetitorluqdan? Bəzən imkansız ailələr müəllimin aylıq haqqını ödəyə bilmir. Amma müəllim yenə də "qoy uşaq gəlsin, proqram yarımçıq qalmasın, sonra ödəyərsiz” deyib, uşağı təhsilə təhviq edir. Belə müəllimlər də var. Etiraf etməliyik ki, bizim bu gün təhsildə əldə etdiyimiz nailiyyətlərdə repetitorluğun rolu çox böyükdür.

Ali məktəbə qəbul olunanları dindirin, böyük əksəriyyəti dərsdən sonra müəllim yanına əlavə hazırlığa getdiyini deyəcək. Səbəbləri də dedik.

Mən bir neçə gündür sosial şəbəkələrdə yazışmaları izləyirəm. Görürəm ki, müəllimlər repetitorluğun vergiyə cəlb olunacağından narahatdırlar və narazıdırlar. Fədakar müəllim nə qazanır ki, ondan da vergi ödəsin?! Müəllimlər neqativ fikirdədirlər. Məncə, repetitorların vergiyə cəlb olunması gözlənilən nəticəni verməyəcək.

Məlahət Rzayeva