Növbəti dövrdə Moskva-Vaşinqton danışıqları daha intensiv olacaq - ŞƏRH

Zeynal Əmrəliyev: “Əmrəliyev: ABŞ sanksiyaları yumşaldıb, Rusiyadan Ukrayna qarşılığında güzəşt əldə edə bilər”

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun məlumatına görə, bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ-la İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.

Uşakovun sözlərinə görə, tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə etməyə diqqət yetiriblər: "Təxminən bir saat davam edən söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub".

O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib, ABŞ-ın və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib. Uşakovun sözlərinə görə, Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və sülhə nail olmaqda maraqlı olduğunu bildirib.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı hazırda dünyada müşahidə olunan bir neçə böyük geosiyasi gərginliyin fonunda qiymətləndirilməlidir. Onun fikrincə bu təmas həm ABŞ–İran qarşıdurması, həm də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı müharibənin mümkün həlli istiqamətində diplomatik addım kimi görünür: “Danışıqlarda əsas mövzulardan biri Rusiyanın İranla münasibətləri və ABŞ-İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlardan Moskvanın narahatlığıdır. Bu telefon zəngi isə bir növ Rusiya tərəfinə təskinlik vermək, eyni zamanda Rusiyanı İrana dəstəkdən çəkindirmək niyyəti güdür”. 

Politoloq bildirib ki, Rusiya İran ilə ABŞ arasında mümkün vasitəçi kimi çıxış etməklə beynəlxalq diplomatiyada öz təsir imkanlarını bərpa etmək niyyətindədir. Hazırda ABŞ Ukrayna müharibəsində vasitəçilik rolunu oynadığı kimi, Rusiya da İran məsələsində oxşar funksiyanı üzərinə götürməyə çalışır.

Z. Əmrəliyev əlavə edib ki, enerji bazarları ilə bağlı faktor da bu danışıqlarda mühüm rol oynayıb: “Rusiyanın yenidən qlobal neft bazarına qayıtması ilə bağlı müzakirələr aktuallaşlb. Bu xəbərdən sonra birjalarda neftin qiyməti normallaşmağa başladı:

“Faktiki olaraq Rusiya neftinin aprel- may ayındandan bazara daxil olması barədə müzakirələr aparılır. 

Bildiyiniz kimi, İranın Körfəz ölkələrinin enerji infrastrukturuna zərbələr endirməsi nəticəsində regionun neft-qaz sektorunun tam bərpası üçün müəyyən zamana ehtiyac var. Belə bir şəraitdə Vaşinqtonun dünya enerji bazarındakı vəziyyəti sabitləşdirmək üçün Rusiyaya tətbiq edilən bəzi sanksiyaların yumşaldılması variantını nəzərdən keçirməsi ehtimalı artır. Bunun qarşılığında isə ABŞ Ukrayna məsələsində müəyyən güzəştlər əldə etməyə çalışa bilər.

Hesab edirəm ki, yaxın dövrdə Moskva ilə Vaşinqton arasında bu mövzular ətrafında daha intensiv və ciddi danışıqlar aparılacaq. Bu proseslərin nəticəsi olaraq Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyaların yumşaldılması və ya mərhələli şəkildə aradan qaldırılması ehtimalı da gündəmə gələ bilər”.