Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elmar müəllim, İran ətrafında baş verən hərbi münaqişə nə vaxta başa çatacaq və bunun bölgə üçün yaradacağı problemlər nədən ibarət olacaq?
- Sözsüz ki, qonşu ölkədə belə bir hadisənin baş verməsi xoşagəlməzdir. Amma bunun fonunda hər şeyi də başa düşmək olur. Bəzən İran ətrafında baş verənləri Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etməyə çalışırlar. Amma ABŞ və İsrailin İrana qarşı olan hərbi əməliyyatları tamam fərqli məsələdir. Faktiki olaraq, ABŞ və İsrail ordusu İrana daxil olmayıb, onlar ancaq hava zərbələri ilə məqsədlərinə nail olmaq istəyirlər.
- ABŞ və İsrail ordusunun İrana daxil olmaq ehtimalı varmı?
- Onların öz ordularını İrana göndərmək niyyətləri yoxdur. Çünki onlar hansısa Amerika və İsrail əsgərinin İranda ölməsini istəmirlər. Əməliyyatlar başlayan zaman 6 Amerika əsgərinin ölümü ilə bağlı Prezident Donald Trampa qarşı ittihamlar səslənməyə başlamışdı. Tramp da bu həssaslığı nəzərə alaraq həmin əsgərlərin cənazələrini qarşılamağa getmişdi.
- Bu halda müharibənin taleyi necə həll oluna bilər?
- Əlbəttə ki, mən Nostradamus deyiləm. Ona görə də münaqişənin necə olacağını əvvəlcədən deyə bilmərəm. Amma proseslər göstərir ki, ABŞ və İsrail İrana daha çox zərbə vurmaqla onu zəiflətməyə çalışacaqlar. Onlar indi İranın raket-artilleriya sistemini sıradan çıxartmaq istəyirlər. Əgər, onlar bu məqsədlərinə nail olsalar, İrana danışıqlar təklif edəcəklər. Bu halda hərbi əməliyyatların dayanması ehtimal edilir. Sözsüz ki, danışıqların da uzun çəkməsi gözlənilir.
- Baş verənlər fonunda İranın gələcəyi ilə bağlı hansı proqnozlar vermək olar?
- İranda yenidən dini idarəçilik sistemi yəni, ayətullahların rəhbərliyi bundan sonra da davam edəcək. SEPAH-la bundan sonra daha sıx işləyəcəklər. Ölmüş ali liderin oğlu artıq yeni rəhbər seçilib. Onunla da eyni qaydada işləyəcəklərini proqnozlaşdırmaq olar.
- ABŞ və İsrailin İrana qarşı açıq hərbi müdaxiləsi fonunda Tehranın əsas dəstəkçiləri kimlərdir?
- Çin və Rusiya İrana qarşı olan hərbi müdaxiləni pisləyirlər. Amma onların İrana hərbi dəstək vermək ehtimalı çox azdır. Ola bilsin kəşfiyyat məlumatlarının əldə edilməsində Çin və Rusiya daha maraqlıdır. Çünki onlar ABŞ-nin burada başının daha çox qarışmasını istəyir. Bu halda Pekin və Moskva özünü daha rahat hiss edə bilər. Faktiki olaraq isə İrana şiə qrupları dəstək verir və bunlardan kənarda hansısa dövlətin belə bir mövqeyini görən olmayıb.
- İranın müqavimət imkanlarını necə dəyərləndirirsiniz?
- Baş verənlərin fonunda İranda sistemin dəyişilməsi ehtimalı azdır. Sabah- birigün nə isə ola bilər. Çünki din faktoru İranda özünə böyük dayaq yaradıb.
- Müharibənin bölgəyə təsiri necə ola bilər?
- Azərbaycan ərazisinə dron göndərmək, Türkiyə ərazisinə raket atmaq çox ciddi təxribat idi. Amma İranda ABŞ və İsrailin hücumlarından sonra bütün rəhbər şəxslər sıradan çıxarıldığı üçün ola bilsin ki, digər kimsə belə bir qərar qəbul etsin. İndi İran tərəfi sübut etməyə çalışır ki, bu təxribat onlarlıq deyil və s. İsrailin əlinin olduğunu deyirlər. Maraqlısı isə odur ki, İsraildə İran dronları necə ola bilər? Yəqin ki, fikirləşiblər Naxçıvan aeroportunda İsrail istehsalı olan silahlar var. Ola bilsin, kimsə də deyib ki, “gəlin oranı vuraq”. Amma bu iddianın özü belə əsassızdır. Sözsüz ki, bunun nəticəsini də düşünməyiblər. Strateq olmadıqlarına görə belə bir səhv ediblər.