Təkhakimiyyətliliyə son...

Parlamentə daha çox partiyalar düşməlidir



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yay sessiyasında Türkiyədə keçirilən son parlament seçkisi müzakirəyə çıxarılıb. Niderlanddan olan deputat Tinu Kox seçkilər haqqında danışıb və bildirib ki, Türkiyədə seçki prosesi şəffaf keçirilib və seçici aktivliyi yüksək həddə olub.

Ancaq Prezident Ərdoğanın seçkilərdə aktivlik nümayiş etdirdiyini vurğulayan parlamentari ölkə rəhbərinin seçki prosesində bitərəfliyini qorumadığını bəyan edib. Daha sonra digər deputatlar da çıxış edərək Türkiyədə keçirilən son seçkilər haqqında fikirlərini bildiriblər. Deputatların əksəriyyəti Türkiyədə seçki sistemində mövcud olan məhdudiyyətlərə diqqət çəkərək, 10 faizlik barajın çox olduğunu və faizin aşağı salınmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, seçim barajının 7 və ya 5 faizə düşməsi ölkədə rəngarəng seçki mühitinin yaranmasına və çevik siyasətin formalaşmasına yardımçı olacaq. Məsələni "Şərq”ə şərh edən politoloq Ərəstun Oruclu deyib ki, Türkiyədə seçki barajının bir neçə faiz aşağı salınması faciə kimi görülməməlidir: "Avropa ölkələrində keçirilən seçkilərdə 5 faizlik barajı keçən siyasi partiyalar parlamentdə təmsil olunurlar. Amma Türkiyədə Böyük Millət Məclisində təmsil olunan partiyaların sayını azaltmaq üçün faktiki olaraq süni şəkildə 10 faizlik baraj müəyyən edilib. Bu səbəbdən əksər hallarda parlamentə üç partiyadan artıq siyasi qurum düşə bilməyib. Amma sonuncu seçkilərdə həmin plan pozuldu və HDP dördüncü partiya kimi 10 faizlik barajı aşaraq parlamentə girdi. Bununla da Türkiyədə seçki böhranı yarandı, çünki seçkinin nəticəsi hakimiyyəti formalaşdırmağa imkan vermədi. Ona görə də, hesab edirəm ki, seçki baryerinin aşağı endirilməsi, 7 və ya 5 faizə salınması Türkiyə üçün faciə deyil. Əksinə, bu amil demokratik sistemin işləməsində, oturuşmasında müsbət rol oyana bilər”. Təklifin məhz AŞ PA-da səsləndirilməsinə münasibət bildirən ekspert bunun sırf kürdlərə bağlı olduğunu düşünmür: "Türkiyənin siyasi sisteminin daha çevik olması üçün belə bir təklif irəli sürülüb. Türkiyədə hakim AKP 10 ildən çox təkbaşına hakimiyyət qurub. Lakin son seçkidə hakimiyyət qura bilmədi və ölkədə siyasi böhran yarandı. Belə böhranın olmaması üçün seçkilərdə daha çox partiyanın iştirakına, parlamentdə üçdən artıq partiyanın təmsil olunmasına, say çoxluğuna imkan vermək lazımdır. Bu, istənilən halda demokratik prosesin xeyrinədir”.

İsmayıl