“Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub”
“Təlaşa düşmək lazım deyil”
Novruz Məmmədov: “Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir”
“Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub”
“Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub”
"Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə xarakter və əhəmiyyətini saxlamağa qadirdir”. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Aparat rəsmisi bəyan edib ki, Prezident İlham Əliyevin ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan ilə görüşündə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atılıb: "Bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb. "Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Heydər Əliyev qoyub. Daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Əməkdaşlıq əlaqələrində hansısa problemlər ola bilər. XXI əsr dövlətlərin maraqları uğrunda mübarizənin gərgin xarakter alması ilə diqqət çəkir”.
"ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib”
N.Məmmədov bəyan edib ki, Prezident İlham Əliyev və Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib: "Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib”. N.Məmmədovun sözlərinə görə, "Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş, enerji xətlərinin şaxələndirilməsinə qədər, ABŞ-ın böyük dəstəyi olub: "Görüşdə ABŞ və Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və əlaqələrin bundan sonra da yüksək perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Çünki Azərbaycan Prezidentinin əsas vəzifəsi milli maraqlarımızın qorunması, müdafiə edilməsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın ən yaxın müttəfiqi İsraildir, lakin onlar arasında da müəyyən fikir ayrılığı yaranır, sonra anlaşırlar. Azərbaycan da haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı, gələcək əməkdaşlıqda da bu, özünü göstərəcək”.
Prezident Administrasiyası rəsmisi Novruz Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obama tərəfindən dekabrın 3-də Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət alıb: "Dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə də xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb”. N.Məmmədov bildirib ki, dəvət məktubu barədə məlumatı özünün tvitter sosial şəbəkəsindəki hesabında açıqlaması Azərbaycan Prezidentinin IV Nüvə sammitinə dəvət olunmaması barədə bəzi mətbuat orqanlarında yazıların işıq üzü görməsi ilə bağlı olub: "Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub. Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”. N.Məmmədov onu da qeyd edib ki, Azərbaycan Prezidentinin Nüvə sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməz: "Azərbaycan Prezidenti əvvəllər, adətən, bu tədbirlərdə iştirak edib”.
"Dünyada gərginlik çoxdur, sanki növbə hələ Dağlıq Qarabağ məsələsinə gəlib çatmayıb”
Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, münaqişənin həlli üçün vaxtında lazımi addımlar atılsaydı, dünya bu gündə olmazdı: "Hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin görüşündə də irəliyə doğru addım atılmadı. Minsk Qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil. Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır”. N.Məmmədovun sözlərinə görə, həmsədr dövlətlərin də Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil: "ABŞ Prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan "qaynar” nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb”. N.Məmmədov ATƏT-də sədrliyi qəbul edən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib.
"Biz bu vəziyyətdən çıxacağıq”
Novruz Məmmədov söyləyib ki, bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana da təsir etməyə bilməzdi: "Təlaşa düşmək lazım deyil. Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqlarını çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir”.
İsmayıl